Siyasət

Laçın yolu, Cənubi Qafqazın geosiyasi açarı, İlham Əliyevin “yekun partiyası”, yarımçıq süverenlikdən qurtuluş düsturu…

Bilmirəm Ermənistanın siyasi rəhbərliyi və strateqləri Laçın yolunun “blokdan (?) çıxarılmasına dəstək” barədə” separatçı rejimin və İrəvan rəsmilərinin Kremlə etdikləri müraciətlərə müsbət və əməli cavab veriləcəyinə hələ inanırlarmı? Onlar inanırmı ki, Kreml hakimiyyəti Laçın yolu ilə bağlı hazırkı mübahisəli vəziyyətin tam aradan qaldırılmasında və stabil vəziyyətin bərqərar edilməsində maraqlıdır? Mübahisənin mahiyyətinə bir daha nəzər salaq.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Ermənilər iddi edir ki, yol blokdadır, biz iddia edirik ki, gec-tez Laçın yolu Xankəndi ilə birlikdə Azərbaycanın suveren nəzarətinə qayıtmalı idi və Laçın yolu sahibsiz torpaq kimi “çölə-içəri” daşımaların məkanı kimi əbədi açıq qala bilməzdi. Sirr deyil – ermənilərin istəyi Laçın yolunu 31 illik işğal dövrünün iş rejiminə qaytarmaqdır. Ermənilərin bütün “blokada və genosid oyunu” bunun başındadır. Təbii ki, biz bunu qəti olaraq qəbul etməyəcəyik. Hər kəsin başa düşməsi üçün bunu da açıq deyək ki, Laçın yolunda Azərbaycanın 23 aprel – 15 iyun aralığındakı hadisələrə uyğun tətbiq etdiyi rejim suveren dövlətin siyasətinə əsil uyğun addımdır və bu rejimi istəyərəkdən, ya istəməyərəkdən hamı qəbul etsə, bu o demək olacaq ki, 44 günlük müharibədən geriyə qalmış problemlər də həll olundu və rus sülh korpusu yığışıb bölgədən getməlidir. İndi baxın, Rusiya bunu istiyərmi? Təbii ki, yox.

Rusiya üçün ən məqbul variant 44 günlük müharibənin ardından qalmış mübahisəli məsələlərin həll prosesinin mümkün qədər uzanmasıdır. Bu, sərhədlərin delimitasiyasına, sülh sazişinin imzalanmasına, Qarabağ sakini ermənilərin təhlükəsizliyi deyilən məsələdə vahid mövqeyə gəlinməsinə və əlbəttə ki, Laçın yolundakı vəziyyətin stabilləşməsinə aid məsələdir.

Bu təhlildə Laçın yolunun məsələsi əsas mövzumuzdur. Yaxın ayların çox aydın bir faktını yada salım. Bu ilin 19 mayında Moskvada Bayramov-Lavrov-Mirzoyan görüşündən sonra Lavrov nə dedi? – Nə qədər ki, sərhədlər delimitasiya olunmayıb, kommunikasiyalar açılmayıb, sərhədlərdə davamlı sabitlik təmin olunmayıb, Laçın yolunda sabit vəziyyət yaranmayıb, sülh sazişinin bir çox maddələrini razılaşdırmaq çətin olacaq. Lavrovun sözləridir. Gördünüzmü, cənab Lavrovun bu açıq bəyanatı bir daha sübut edir ki, Laçın yolunda vəziyyətin qeyri-müəyyən, gərgin saxlanması Rusiyanın planlarına cavab verir. Çünki Laçın yolunda vəziyyət barədə ümumi anlaşmanın olmaması Rusiyaya qalan bütün problemlərin həllini uzatmaq imkanı yaradır. Kimə deyirsən gəlin sülh sazişini, ya Naxçıvana yolu müzakirə edək, cavab verir ki, əvvəlcə Laçın yolunun məsələsinə baxaq.

Rusiya Laçın yolu ilə bağlı gərginliyin ümumi anlaşma variantına çevrilməsində qəti maraqlı deyil, olsa-olsa Rusiya Ermənistanı özündən sonadək qırmamaq üçün Laçın yolu ilə Xankəndiyə BQXK-nın maşınlarından əlavə müəyyən miqdarda mülki tələbat mallarının daşınmasına icazə verilməsini istəyər. Heç şübhəsiz ki, buna da Azərbaycan razılaşmaz və razılaşmamalıdır.

Demək, indi Kreml üçün mümkün məqbul variant Laçın yolunda hazırkı status-kvonu mümkün qədər saxlamaqdır.

Rusiyanın bölgədə ermənilərin əli ilə müharibəni yenidən qızışdırmaq imkanı da var, ancaq bunun baş verməsi hazırda Kremlin strateji maraqlarına cavab vermir, çünki yeni müharibənin başlayacağı təqdirdə məlum qeyri-region güclərinin prosesə qoşulacaqlarını bilir, onu da anlayır ki, bu halda başlanmış müharibəni bitirmək imkanı daha Rusiyanın əlində qalmayacaq. Yəni müharibəni mən başladım, mən də bitirim prinsipi olmayacaq.

Əksinə, bölgəmizdə Qərbin, o cümlədən Fransanın yeni müharibədə marağı olsa da, onların əlində bu müharibəni yenidən başlatmaq imkanı yoxdur, belə ki, Ermənistanın üzərində bu qədər təsirləri yoxdur, Azərbaycan isə bölgədə özgə oyunlarının icraçısı olmadığını artıq kəsinliklə sübut edib.

Hazırda Rusiya və Ermənistan hakimiyyətləri iki məsələ üzərində sanki razılaşmış tərəflər kimi hərəkət edirlər.

1.Qərbin vasitəçiliyi ilə əldə olunmuş razılaşmalardan, xüsusən də Qarabağın Azərbaycan ərazisi kimi tanınmasından Ermənistanı geri çəkmək… Çünki Qarabağın Azərbaycan ərazisi kimi tanınması Rusiyanın bölgədə uzaqlara tuşlanmış planını pozmaqla bərabər həm də ona gətirib çıxarıb ki, geosiyasi müharibənin bu səhnəsində Qərbə faktiki olaraq uduzub.

2. Azərbaycanla Ermənistanın arasında sülh sazişinin hazırkı şəraitdə imzalanmasının mümkünsüzlüyünü təlqin edir. Rusiya özünün bu tezisi ilə Ermənistana “Mən çəkdiyim çərçivədən daha kənara çıxma” mesajını verir, Azərbaycanı isə qorxutmağa çalışır ki, bu şəraitdə sülh imzalansa müharibə ola bilər. Təbii ki, Azərbaycanı qorxutmaq perspektivi böyük deyil, ancaq Azərbaycanın qorxib- qorxmaması burada həlledici deyil, çünki Ermənistan Sazişə qol qoymasa, Azərbaycan özü- özü ilə saziş imzalamalı deyil ki..

3.Hazırkı geosiyasi müharibənin Rusiyanın əlində olmayan, ondan asılı olmayan 3-cü təzahürü isə odur ki, Qərbdə erməni lobbisinin təsiri altındakı görüntü ilə əslində geosiyasi mərkəzlərin təsirindəki media orqanlarının Azərbaycana qarşı başladıqları yeni kampaniyadır. Azərbaycanda “o var, bu yoxdur”, ” İbadoğlu elə tutuldu, belə tutuldu” , “dini azadlıqlar elə məhdudlaşdırıldı, belə məhdudlaşdırıldı”, Laçın yolu ” genosid blokadasına alındı” kimi birbaşa ittihamları Azərbaycana və şəxsən Prezident İlham Əliyevin üstünə yönəldirlər. Əslində Qərb üçün də hədəf Laçın yoludur, son həftələrdə Qərb mediasında Azərbaycana qarşı gücləndirilmiş çıxışların əsas motivi budur. Məqsəd heç də Laçın yolunda vəziyyəti stabilləşdirmək deyil. Məqsəd ilk növbədə Laçın yolu ilə bağlı Rusiyanın oyun taktikasını pozmaq, onun birmənalı şəkildə nə Rusiyanın, nə də Azərbaycanın nəzarətində qalmasına imkan verməmək, bütün Cənubi Qafqazın “STRATEJİ AÇARINA” çevrilməkdə olan Laçın probleminin heç olmasa bir qulpundan tutmaqdır. Hazırda regional vəziyyət o nöqtəyə çatıb ki, Laçın yolu ilə bağlı məsələnin heç olmasa bir qulpundan yapışa bilməyənin bu bölgədən tamam yığışıb getmək təhlükəsi var. Rusiya da bunu istəmir, Qərb də istəmir, bölgədə qərbsiz və Rusiyasız Azərbaycanla təkbətək, üz-üzə qalmaqdan qorxan Ermənistan da istəmir.

İstıyən tək Azərbaycandır, bu çox çətin istəyin reallaşmasının həlledici şərti isə Laçın yolunun tam şəkildə Azərbaycanın suverenliyi altında qalmasının hamıya qəbul etdirilməsidir.

Təhlillərimə görə, İlham Əliyev bu strategiya üzrə dəqiq yoldadır, Azərbaycanın bəzi iç məsələləri ilə bağlı Qərbdən gələn tənqidlərin hədəfi Prezidentin diqqətini az da olsa bu strategiyadan yayındırmaq, ya da heç olmasa onu müəyyən kompromislərə razı salmaqdır. Heç təsadüf deyil ki, Qərb formatları çərçivəsindəki müzakirələrdə də Azərbaycanı və Ermənistanı kompromislərə çağıran fikirlər var, Moskvadakı müzakirələrdən də sonra belə çağırışları eşidirik.

Qərb də, Rusiya da Laçın yolu məsələsində İlham Əliyevdən güzəşt umurlar. Bu təmənna “erməni sevgisi (?)” ilə əsla bağlı deyil. İkisinin də öz strateji maraqları var. Qərbin istədiyi güzəştə nail olmaq üsulu Azərbaycanın məlum daxili siyasi məsələlərini tənqid etməklə İlham Əliyevə təzyiq etməsidir. Rusiyanın istədiyi güzəştə nail olmaq üsulu isə “hazırda sülh sazişi mümkün deyil” mesajları ilə İlham Əliyevə basqı göstərməkdir.

Bəs nə etməli? İstənilən tərəfin xeyrinə ediləcək güzəşt Laçın yolu üzərində Azərbaycanın suveren hüquqlarının hansısa hissəsinin qurban verilməsi demək olacaq. Demək, bu situasiyadan qalib, ya məğlub kimi çıxmaq tək Prezidentin yox, bütün Azərbaycanın işidir. Laçın yolunun tam Azərbaycanın suveren nəzarətinə keçməsi Qarabağda separatizmin nəfəsinin kəsilməsi deməkdir. Yoxsa Yerevandan istədikləri köməyi istənilən vaxt gen-boluna almaq imkanları olsa, separatçılar üzərində son qəti qələbəni çala bilmərik. Laçın yolunda ötən ilin dekabrın 12-də başladılmış və bu ilin 23 aprelində “KPP”-nin yaradılması ilə nəticələnmiş proses İlham Əliyevin mübaliğəsiz böyük strategiyasıdır. Bu strategiya öz məzmunu və hədəfləri etibarilə 44 günlük müharibənin özü kimi əhəmiyyətlidir. Əgər müharibə ilə Ermənistanı ölkəmizdən çıxara bildiksə, “KPP”-nin quraşdırılması Xankəndidə separatizmin son yuvasının məhvi prosesinin başlanğıcını qoydu. 44 günlük müharibənin başladığı 27- 28 sentyabr günlərində onun nə ilə bitəcəyini çoxları bilmirdi, İlham Əliyev bilirdi. Ötən ilin dekabrında Laçın yolunda ekohərəkat başlananda onun nə ilə bitəcəyini də çoxları bilmirdi, İlham Əliyev bunu da bilirdi, çünki indiyə qədər bölgəmizdə Azərbaycanın əleyhinə qurulmuş bütün oyunların bitirilməsinə yönəlik “yekun partiyanın” müəllifi İlham Əliyev özüdür. Bu gün Laçın yolu ətrafında gedən “geosiyasi müharibə”nin nə ilə bitəcəyi də Azərbaycan prezidentinin “yekun partiya” dediyimiz planlarının tərkib hissəsidir.

Yetər ki, onu “yekun partiyanın” əsas hədəfindən yayındırmağa çalışanların kənar təzyiqləri qarşısında Prezidentin təklənməsinə imkan verilməsin… Laçın yolunda tam süverenlik Azərbaycanın Qarabağ üzərində tam suverenliyi deməkdir. Laçın yolunda yarımçıq suverenlik ola bilməz… Yarımçıq süverenlikdən qurtuluş düsturu “yekun partiyadadır”…

Aydın Quliyev

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button