Siyasət

Bizə belə özfəaliyyət gərəkdirmi?

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Azərbaycanla İsrail arasındakı əlaqələr, dövlətlərarası münasibətlər hər iki ölkə üçün xüsusi önəm kəsb edir. Bakı və Təl-Əviv xarici siyasətdə tərəfdaş, bir sıra geosiyasi və regional məsələlərdə isə müttəfiq kimi çıxış edirlər.

İsrailin Cənubi Qafqazla bağlı geostrategiyasında Azərbaycanın müstəsna əhəmiyyətli tərəf olduğu da bəllidir.

İkinci Qarabağ Müharibəsi başlayan ilk gündən Azərbaycana siyasi dəstək vermiş İsrail iqtisadi, hərbi, mədəni və s. sahələr də daxil olmaqla, çox müstəvilərdə ölkəmizlə intensiv əməkdaşlıq edir.

Dövlətlərarası münasibətlər təbii ki, xalqlarımız arasındakı təmaslarlara əsaslanır və bu baxımdan “xalq diplomatiyası” fərdlərin ünsiyyətinə əsaslanaraq sosiallaşır, siyasiləşir və bütünləşir.

Azərbaycanın İranla olan münasibətləri də bəlli: problematik, çətin, müşkül.

Və təbii ki, belə vəziyyətdən ən müxtəlif dövlətlər, beynəlxalq və regional təşkilatlar, siyasətçilər və siyasət dəllalları da istifadə etməyə, faydalanmağa çalışırlar.

Bunu da görürük, anlayırıq, zəruri tədbirlər görürük.

Bəhs etdiyimiz məqamlarla yanaşı, əsl buffonada təsiri bağışlayan məsələlər də var.

Özünü “İsrail Azərbaycan “Şahdağ” təşkilatının Azərbaycan üzrə rəsmi nümayəndəsi, “Zalov İmza TV Alyansı”nın direktoru, beynəlxalq hüquq eksperti” kimi tanıtmağa çalışan İsmayıl Zalov…

Əvvəllər “Dövlət və Qanun” qəzetinin “beynəlxalq əlaqələr şöbəsinin rəhbəri” olub, sonra “”Polisə Dəstək” İctimai Birliyi” adlı qeyri-hökumət təşkilatında “hüquq eksperti” kimi fəaliyyət göstərdiyini vurğulayıb, daha sonra isə yəqin “beynəlxalq hüquq” sahəsində biliklərinin tətbiqi üçün Azərbaycanın kiçik areal olduğunu hesab edərək “BMT İnsan Haqları Komissarlığının Paris departamentinin Mərkəzi Asiya üzrə nümayəndəliyinin hüüquq eksperti”nə çevrilib.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı təbii ki, nə “Paris departamenti”nə, nə də bu “departament”in “Mərkəzi Asiya üzrə nümayəndəliyi”nə malik deyil.

Zavallı BMT rəhbərlərinin bəlkə də bisavadlığı və cahilliyidir ki, olmayan departamentin olmayan nümayəndəliyinin olan “hüquq eksperti” İsmayıl Zalov əyninə mifik qurumun “polkovnik-leytenantı” paqonlu uniforma da geyinib gəzirdi.

“Zabiti və eksperti” olduğu “təşkilat”ın adını belə, tam bilməyən İsmayıl Zalovun beynəlxalq hüquqa və ümumiyyətlə, hüquqa necə bələd olduğunu anlamaq üçün onun 4 il əvvəl uniformada dolaşmasının suallar yaratmasından sonra yerli mediaya verdiyi açıqlamasına nəzər salaq: “Mən ora cəmi bir ay əvvəl dəvət almışdım. Hüquqşünas adamam, getdim, nizamnamələri ilə tanış oldum. Gördüm ki, qanuni fəaliyyət göstərirlər. Bundan sonra onların təklifini qəbul etdim. Sonra gördüm ki, uniformalarla bağlı bəzi fikirlər səslənir, yazılar gedir, ona görə də həmin təşkilatda təmsil olunmaq istəmədiyimi bildirdim”.

Adam “huquqşünas” olduğunu deyir, “beynəlxalq hüquq eksperti” olduğunu israrla vurğulayır, amma BMT ilə heç bir əlaqəsi olmayan (!) fırıldaqçı “təşkilat”ın qanuni fəaliyyət göstərdiyini iddia edirdi.

Halbuki dəfələrlə məhkum olunmuş Bakı sakini Firdovsi Ələkbərov general formasında özünü İnsan Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitə adlı (İnternational Human Rights Defence Committee) beynəlxalq təşkilatın Paris Departamenitinin Mərkəzi Asiya Layihəsi üzrə rəhbəri kimi təqdim edib təşkilat tərəfindən ona general rütbəsi verildiyini deyərək insanları buna inandırağa çalışırdı.

Daha sonra o, ayrı-ayrı zərərçəkənləri təşkilatın Azərbaycan nümayəndəliyində rəhbər vəzifələrə təyin etdirəcəyini, onlara general, polkovnik və digər rütbələr, həmçinin diplomatik pasport, eləcə də təşkilatın nişanının veriləcəyini deyərək onları aldatmışdı. Bu üsulla F.Ələkbərov zərərçəkənlər İ.Ağayevdən 24976 manat, T.Musayevdən 3000 manat və E.Axundzadədən 6000 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdi. Əvəzində isə zərərçəkmiş şəxslərə həmin təşkilatın adından qanunsuz hazırlanmış saxta diplomatik pasport, saxta vəsiqə və digər saxta sənədlər satmışdı.

İsmayıl Zalov bu “təşkilat”ı qanuni sayırdısa, əhsən onun hüquqi biliklərinə “ekspert” səviyyəsinə.

Fırıldaqçı “general” Firdovsi Ələkbərov həbs ediləndən sonra İsmayıl Zalov “İsrail-Azərbaycan hüquq mərkəzinin rəhbəri” kimi aztirajlı saytlara müsahibələr vermçəyə başlayır, sonra da hüquq müdafiəçisi kimi fəaliyyətə başlayır.

Bir qədər də keçir, İsrailin Dimona bələdiyyəsininin “miqrasiya və emiiqrasiya şöbəsinin müdiri” kimi təqdim edilən Asim Şamanov Bakıya gəlir, İ.Zalovla “əməkdaşlıq protokolu” imzalayır.

Amma bu nədir ki…

“İsrail-Azərbaycan “Şahdağ” təşkilatının rəhbəri Elxanan Raziel” sən demə, İsrailin baş naziri Benyamin Netanyahuya müraciət məktubu ünvanlayaraq İsmayıl Zalovun “Likurd” (İsraildəki “Likud” Partiyasının adı məhz bu formada təqdim olunub) partiyasına üzv qəbul edilməsini istəyib.

İlk baxışdan həddən ziyadə genişmiqyaslı siyasi fəaliyyət, Azərbaycanla İsrail arasındakı münasibətlərin inkişafına yönəlmiş istəklər və əməllərdir.

Amma nədənsə bütün bunlar operetta təsiri bağışlayır.

Yəhudi olmamasına rəğmən, başında “kipa” gəzən İsmayıl Zalovun “yəhudidən artıq yəhudi” təsiri bağışlamaq təsiri oyadan əməlləri, İran səfirliyinin qarşısında “yürüş etməsi” vətəndaş fəallığı və təşəbbüsü kimi qəbul edilə bilər – amma heç bir halda İsrailin və ya Azərbaycanın hansısa ictimai qurumunun, strukturunun və ya təşkilatının aksiyası deyil

Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyindən bildirildi ki, Agentlik yalnız müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından (reyestrdən) keçmiş təşkilatlarla əməkdaşlıq edir. “İsrail-Azərbaycan Şahdağ Təşkilatı” adında hər hansı QHT Azərbaycanda dövlət qeydiyyatından keçməyib. Bundan başqa, ümumiyyətlə,  ölkədə İsmayıl Zalovun rəhbəri və ya təsisçisi olduğu hər hansı digər QHT də yoxdur.

Beləliklə, aydın olur ki, İsmayıl Zalov özfəaliyyətlə məşğuldur.

Əllərində bir neçə İsrail bayrağı tutub yelləmək, başda “kipa” dolaşmaq, “Likurd” hesab etdiyi “Likud” partiyasına üzv olacağına ümid etmək – bunlar nə siyasi, nə ictimai, nə də vətəndaş fəaliyyəti deyil.

Sadəcə, görüntüdür, cənablar…

Elçin Alıoğlu

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button