Uncategorized

Nə oldu, Makron və Paşinyan?!

Dünən BMT-nin Təhlükəsizlik Şurasında Ermənistanın müraciəti əsasında, daha doğrusu, tələbi və xahişi ilə Laçın yolundakı situasiya, habelə ermənilərin iddialarına görə, “qarabağlı ermənilərin məruz qaldıqları blokada, humanitar fəlakət, aclıq və s.” məsələlər müzakirə olundu.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

ABŞ, Çin, Britaniya, Braziliya, Rusiya Federasiyası, Fransa, Malta, Yaponiya, Ekvador, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri, Mozambik, Qana və Albaniyanın daimi nümayəndələri bölgəmizdə yaşanan situasiya ilə bağlı çıxış etdilər, təmsil etdikləri ölkələrin mövqeyini açıqladılar.

Fransa prezidenti Emmanuel Makronun məsləhətləri, göstərişləri, təlimatları və əmrləri əsasında Ermənistan rəhbərliyi bu dəfə BMT-nin Təhlükəsizlik şousunda “humanitar faciə” şousunu təşkil etmək, Azərbaycana qarşı yönəlmiş qətnamənin qəbuluna nail olmaq niyyətindəydi.

Rəsmi Paris ermənilərə bununla bağlı vədlər ünvanlamışdı, Makron söz vermişdi ki, Fransanın xarici siyasətinin farvaterində olan ölkələr birmənalı və qətiyyətli şəkildə erməniləri dəstəkləyəcək, Bakını pisləyəcək, sonucda Təhlükəsizlik Şurası müvafiq qətnamə qəbul edəcək. Prosedurun məntiqi nəticəsi kimi rəsmi Bakı Laçın yolundakı sərhəd nəzarət-buraxılış məntəqəsini ləğv edəcək, qarabağlı ermənilər və Ermənistan vətəndaşları Ermənistandan Xankəndinə, habelə əks istiqamətdə heç bir yoxlama, təftiş və nəzarət olmadan hərəkət edəcək, istədiklərini aparıb gətirəcəklər. Təbii ki, daşımalarda silah-sursat, şəxsi heyət və s. də istisna deyil. Bütün bunlarla yanaşı qarabağlı ermənilərin Azərbaycana reinteqrasiya prosesi başlanmayacaq, problem məhz Fransanın “müşahidə-məşvərət” fəaliyyəti ilə ATƏT-in Minsk Qrupu dönəmindəki təki formallaşacaq, uzanacaq, status-kvo qalacaq, proses dondurulacaq.

Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması, şərti dövlət sərhədinin delimitasiya və demarkasiyası, Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması və s. ilə bağlı proseslərsə yerində saymağa başlayır.

Fransanın BMT TŞ-dəki müzakirələrlə bağlı ssenarisi sadalanan məqamların gerçəkləşdiriliməsinə yönəlmişdi.

Ermənistanın hakimiyyət dairələrinin Azərbaycanla sərhədə, Laçın SNBM-lə üzbəüz məkana “qarabağlı ermənilər üçün humanitar yardım”la 19 ağırtonnajlı yük maşınını yığması, yolun dərhal açılmasını tələb etməsi, qarabağlı ermənilərin eyni şüarlarla çıxış etməyə başlamaları bu ssenari çərçivəsində idi.

TŞ-dəki müzakirələrə “hazırlıq” kimi Ermənistan hərbçiləri şərti dövlət sərhədi boyunca mövqelərimizi atəşə tutur, Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi arealdakı qarabağlı erməni separatçılarının silahlı dəstələri və Ermənistanın hələ də ərazimizdən çıxarmağı hərbi birləşmələri hərbçilərimizi hədəfə almağa çalışırdılar.

Fransanın təlimatları əsasında Ermənistan məhz bu məcrada BMT TŞ-nin iclasına hazırlaşırdı.

Əsas məqsəd isə “Azərbaycanın Laçın yolunu bağlaması nəticəsində qarabağlı ermənilərin məruz qaldıqları aclıq, humanitar fəlakət və məşəqqətlər”lə bağlı dezinformasiyalarla propaqandanın leytmotiv təşkil etdiyi genişmiqyaslı informasiya-təbliğat kampaniyası idi.

Beləcə, Paris və İrəvan tandem şəkildə Təhlükəsizlik Şurasının iclasına hazırlaşmışdılar.

Son günlərdə isə ermənilərin bəyanatları, mediadakı materiallar, sosial şəbəkələrdəki açıqlamalar az qala isteriya həddinə çatmışdı: onlar bravur şəkildə “Azərbaycanı cəzalandıracaq, Laçın yolunu açmağa vadar edəcəyik!” tipli çağırışlar edirdilər.

İş o yerə çatmışdı ki, ermənilər hətta RSK-nın yerində “beynəlxalq qüvvələrin sülhməramlı kontingenti”ni, BMT sülhməramlılarını Azərbaycanın Qarabağ iqtisadi rayonunda görürdülər.

Dünənq TŞ iclası ərəfəsində isə ermənilərin emosiyaları pik həddə çatmışdı.

Fəqət nəticə? Ermənilər yenə rüsvay və pərişan oldular.

“Nə oldu, Paşinyan?!” ritorik sualı bu dəfə BMT iqamətgahında mnemonik qaydada səsləndi.

Fransa, Malta və Qabonun BMT-dəki daimi nümayəndələrinin ermənilərin feykləri ilə absurd tələblərini dəstəkləmələri “qələbə”dir? Bəs vəd edilən qətnamə harada qaldı?

Sualın cavabı sadədir: “qarabağlı ermənilərin milli müqəddəratı təyinetmə hüququ”, “Laçın yolunun dərhal açılması” və s. təki irreal xülyaların cəmləşdiyi məkanda, ermənilərin xəstə təxəyyüllərində.

Ermənistanın XİN başçısı Ararat Mirzoyanın çıxışındakı absurd iddialara Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar əliyevin cavabı konkret, arqumentasiyalı və səlis oldu.

Fransa ənənəvi olaraq erməniləri himayə etdi, ABŞ “tərəddüdlü xəbərdarlıq” ruhunda messiclər verdi, Britaniya “humanitar problemlərin ən qısa zamanda həlli”ni istədi, qardaş Türkiyə bizə tam dəstək verdi.

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfildin çıxışı “maraqlı” idi.

“ABŞ Laçın dəhlizinin bağlanmasından çox narahatdır, bu da həyati əhəmiyyət kəsb edən qarışıqların çatdırılması üçün çıxışı kəsir və humanitar vəziyyəti gərginləşdirir. Biz Azərbaycan hökumətini Laçın dəhlizi üzrə nəqliyyatın hərəkətini bərpa etməyə çağırır, digər marşrutlar üzrə kompromislərin mümkünlüyünü qeyd edirik. Humanitar yüklərin daşınması məhdudlaşdırılmamalıdır. Tərəflər münasibətlərin nizamlanması və normallaşdırılması üzrə danışıqları davam etdirməlidir. Bunun üçün tərəflərdən çeviklik, ixtiraçılıq və güzəşt tələb olunur. Biz sülhə nail olmaq üçün istənilən danışıqlar formatını dəstəkləyirik. Biz tərəfləri birbaşa danışıqlara, o cümlədən Bakı rəsmiləri ilə Dağlıq Qarabağ əhalisinin nümayəndələri arasında danışıqlara çağırırıq”, – Tomas-Qrinfild dedi.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski çıxışında söylədi: “İndi həmişəkindən daha çox Dağlıq Qarabağ ətrafında vəziyyətin daha tez deeskalasiyasına yönəlmiş “yerdə” addımların atılması tələbi var. Rusiya Federasiyası regionda humanitar fəlakətin qarşısını almaq üçün bütün səviyyələrdə siyasi və diplomatik kanallar və yerlərdə RCC vasitəsilə mümkün olan hər şeyi edir. Qarabağ ətrafında gərginliyin azaldılması, xüsusən də Laçın dəhlizinin qarşısının alınması və digər humanitar yollardan istifadə edilməsi üçün yerdə addımlar atılmalıdır. Üçtərəfli sazişlərin potensialı tükənməyib. Onların komponentləri Rusiya Federasiyasının ekspert yardımı ilə sərhədin delimitasiyası və demarkasiyası, nəqliyyat kommunikasiyalarının blokunun açılması, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin uyğunlaşdırılmasıdır. Biz sırf humanitar məsələləri siyasiləşdirməməyə çağırırıq”.

Çinin BMT-dəki daimi nümayəndəsi isə problemlərin Azərbaycanla Ermənistan arasında danışıqlar vasitəsilə həllinə çağırdı.

Bir sözlə, BMT TŞ-nin dünəki iclası Fransa və Ermənistan duetinin tam fiaskosu oldu.

Çıxış edənlərin tam əksəriyyəti Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı prinsiplərinə sayğı bəslənməli olduğunu dedilər, qarabağlı ermənilərin humanitar problemlərinin həllində Bakının təklif etdiyi Ağdam-Xankəndi marşrutunun effektiv rol oynaya biləcəyini vurğuladılar.

Ermənilərə bir daha bəyan edildi ki, beynəlxalq hüququ kimsə ləğv etməyib, Azərbaycanın da öz sərhədlərini mühafizə etmək haqqını kimsə əlindən ala bilməz.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevsə çıxışında Ermənistanın elə həmin BMT TŞ-nin qəbul etdiyi 4 qətnaməni 30 il heçə saydığını xatırlatdı, rəsmi Bakının qarabağlı ermənilərə humanitar yüklərin çatdırılması üçün Laçın yolu ilə müqayisədə daha qısa, etibarlı marşrutlar təklif etdiyini dedi; qarabağlı erməni separatçıların Ağdam-Xankəndi yolu ilə humanitar yüklərin daşınmasına imkan vermədiklərini və reinteqrasiya ilə bağlı danışıqlardan imtina etdiklərini söylədi. Çıxışının sonunda isə o, qarabağlı ermənilərin sosial şəbəkələrdə paylaşımlarının skrinşotlarını göstərdi. RSK-nın müvəqqəti yerləşdiyi ərazilərdəki ermənilər bu fotolarda ziyafət, toy, ad günü və əyləncələrdən görüntüləri əks etdiriblər.

“Aclıq və humanitar fəlakət” yalanlarını puç etmək üçün elə həmin skrinşotlar yetərli sayıla bilər.

Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi Parisin vədlərinə bunca kor-koranə şəkildə aldanmasaydı və ən əsası, onun komandasında ağıllı, adekvat, məntiqli və təcrübəli diplomatlar olsaydılar, İrəvan ümumiyyətlə, BMT TŞ-nin sözügedən iclasının çağırılmasını tələb etməzdi.

Ən azı ona görə ki, beynəlxalq hüquq, məntiq, faktlar Azərbaycanın tərəfindədir.

BMT TŞ-dəki iclasın gedişatı və sonucları Ermənistanla ona hamilik edən dövlətlərin, təşkilatların və siyasətçilərin Buridan ulağı inadı ilə etiraf etmək istəmədikləri reallığı bir daha sübut etdi: 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra rəsmi Bakının bölgədə formalaşdırdığı yeni reallığı artıq qlobal geosiyasi güclər, dünya birliyi də etiraf edərək tanıyır.

Ermənistana qalan “hami”lərin oyunlarına və vədlərinə aldanmamaq, idiotik iddialardan əl çəkmək və Azərbaycanla danışıqlarda real mövqe tutmaqdır.

Özü də müharibədə ordusu darmadağın edilən, istisnasız olaraq bütün müstəvilərdə – o cümlədən BMT TŞ-də – Azərbaycana fasiləsiz məğlub olan tərəf kimi…

Elçin Alıoğlu
TREND

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button