Ermənistanın artan sancısı – BMT-də Azərbaycan qamçısı
BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası ərəfəsində bölgədə vəziyyətin süni şəkildə olduqca gərginləşdirilməsi də Ermənistana kömək etmədi. Əslində dinləmələrin sonunda siyasi bir qətnamə qəbul edilməsi öncədən də gözlənilmirdi.
Nəzərə alsaq ki, bu məsələ Rusiyanın da maraqlarına zidd idi, hadisələrin təxminən hansı məcrada inkişaf edəcəyi demək olar ki, bəlli idi. Laçın yolunu Azərbaycan və Ermənistana qarşı rıçaq kimi istifadə etməyə çalışan Rusiya da sözügedən mövzunun beynəlxalq müstəvidə çıxmasından narahatlıq duyurdu.
Laçın yolu ətrafındakı proseslərin həm də Zəngəzur dəhlizinin açılması məsələsində Ermənistana təzyiq vasitəsi olduğunu nəzərə alsaq, bu səbəbdən rəsmi İrəvan bütün təxribatlardan istifadə edərək Azərbaycanı BMT-də dünya ictiamiyyəti qarşısında əsassız iddialarla çətin duruma salmaq niyyəti rəsmi Bakıya öncədən bəlli idi.
Rəsmi İrəvanın BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında əsas istəklərindən biri Laçın yolunu beynəlxalq subyekt kimi qəbul etdirmək idi. Çünkü belə olacağı təqdirdə Paşinyan dərhal beynəlxalq sülhməramlı qüvvələrin bölgəyə göndərilməsini gündəmə gətirəcəkdi və növbəti mrəhələdə məhz bu məsələnin praktiki icrası üçün hamilərinin və lobbi təşkilatlarının dəstəyi ilə buna nail olmağa çalışacaqdılar. Bu mövzu isə tək Azərbaycan yox, Rusiya üçün də yeni bir “başağrısı” demək idi.
Bakı Qarabağdakı vəziyyətlə bağlı ABŞ və Rusiyanın mövqeyinin önəmliliyini yaxşı başa düşsə də yenə öz qətiyyətli mövqeyini böyük güclərin maraqlarına xərcləmədi. Azərbaycan heç bir dövlətin onun ərazi bütövlüyü məsələsi üzərindən yenidən regiondakı maraqlarını təmin etmək səlahiyyəti verməyəcəyini bu dəfə də aydın şəkildə nümayiş etdirdi. ABŞ-ın Rusiyanı Cənubi Qafqazda sıxışdırmağa çalışdığı gün kimi aydındır. Vaşinqton üçün əsas önəmli olan rus qoşunlarının regiondan çıxarılmasıdırsa, Rusiya üçün Ukraynadakı savaş fonunda zəifləyən mövqelərinin tamamilə əldən çıxmaması üçün yeni variantlar üzərində düşünmək indiki mərhələdə prioritet təşkil edir.
Elə bu səbəbdən də Rusiya hazırda Laçın yolu vasitəsilə Azərbaycanda, Zəngəzur dəhlizi vasitəsilə Ermənistanda uzunmüddət hərbi mövcudluğunu təmin etmək niyyətini qətiyyən gizlətmir. Belə olan halda həlledici qərar yenə də Bakıdan gələn xəbərdən asılı olduğunu nəzərə alsaq, belə başa düşmək olar ki, 44 günlük müharibə ilə geosiyasi vəziyyti tamamilə öz xeyrinə dəyişən Azərbaycanın maraqları mütləq şəkildə həm Moskva, eyni zamanda Vaşinqtonda önəmsəniləcək.
BMT Təhlükəsizlik Şurasının bu fövqəladə iclası sülh danışıqlarının növbəti – həlledici mərhələsinə keçidini təmin etdi. Yeni mərhələnin isə Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası məsələsinin olacağl istisna edilmir. Bunu rəsmi İrəvan çox yaxşı anlayır. Paşinyan hakimiyyəti yaxşı dərk edir ki, Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiya məsələsini demək olar əhll etmək üzrədir. Ermənistanın BMT TŞ-yə bu müraciəti Paşinyanın təzyiqləri öz üzərindən atmaq gedişi kimi də şərh edilə bilər.
Lakin BMT-də bu il ən sarsıdıcı məğlubiyyətlərdən birinə uğradı. İclasın təşəbbüskarı Ermənistan olsa da Azərbaycan erməni diplomatları İrəvana əliboş yola saldı. Baxmayaraq ki, Ermənistan, Qarabağ separatçıları, erməni lobbisi və onlara dəstək verən mərkəzlər Laçın yolu mövzusunu beynəlləşdirməyə çalışdılar. Amma rəsmi Bakı ermənilərə, nə onlara dəstək verən hamilərinə, regionda maraqları toqquşan mərkəzlərə şans tanıdı. Baxmayaraq ki, erməni diasporu bu mərhələyə çox yaxşı hazırlaşmışdı, baxmayaraq ki, böyük media quruluşlarının bir çoxunda ermənilərin mövqeyini açıq şəkildə dəstəkləyən yazılar dərc olundu. Çox güclü ictimai rəy yaradılmağa çalışıldı. Amma nə fayda, həqiqət nə qədər nazilsə də qırılmaz!
Görünür ermənilərə 3 il əvvəlki ağır məğlubiyyət də dərs olmadı ki, hay-küy salmaqla qapalı qapılar arxasındakı diplomatiyanı üstələmək olmaz. Heç bir ciddi dövlət olmayacaq duaya amin deyə bilməzdi. Ermənistan sülh üçün üz-üzə gəlməyə üz qoymasa da, Bakının hələ deyəcəyi sözü və qoyacağı daşlar var. O daşlar ya Ermənistanın başına yağacaq, ya da sülh üçün təməl daşı olacaq. Hansını seçəcəyi isə qalır İrəvana…
Təhməz Əsədov
Trend