Uncategorized

Ermənilərə BMT dərsi: yenə inad edəcəklər?

BMT-nin Təhlükəsizlik Şurasındakı iclas yalnız Ermənistanın diplomatik-siyasi fiaskosu və Azərbaycanın uğuru yox, həm də beynəlxalq hüququn prinsiplərini ayrı-ayrı dövlətlərlə təşkilatların merkantil maraqlarına qurban vermək cəhdlərinin uğursuzluğunun göstəricisi oldu.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Yeni geosiyasi hekayənin formalaşmasının ilkin mərhələsi sayıla biləcək bu iclas bir sıra məqamlar baxımından çox ciddi əhəmiyyətə malikdir ki, yaxın, orta və uzaq perspektivdəki geosiyasi hadisələrin yönlərini ilkin qaydada təxminləməyə imkan verir.

Son vaxtlar Ermənistan sürəkli olaraq, gündə bir neçə dəfə silahlı təxribatlara əl atır, şərti dövlət sərhədi boyunca müxtəlif istiqamətlərdə mövqelərimizi atəşə tutur.

Bu aksiyalar Laçın-Xankəndi yolundakı situasiya ilə bağlı Ermənistanın, qarabağlı erməni separatçılarının və dünyanın müxtəlif ölkələrindəki erməni diasporunun Azərbaycana qarşı apardıqları genişmiqyaslı dezinformasiya-propaqanda və gərginlik yaratmağa yönəlmiş hadisələr çərçivəsində törədilir.

Ermənilərin silahlı təxribatları təbii ki, Azərbaycan Ordusunun cavab atəşinə, həmçinin iriçarplı silahlardan istifadə edilməsinə səbəb ola bilər.

Situasiya çox gərgin olsa da, heç bir hərbçimiz Avropa İttifaqının müşahidəçilərinə atəş açmayıb.

Lakin BMT TŞ səviyyəsində müzakirələrə Fransanın bilavasitə dəstəyi və rəhbərliyi ilə də olsa, “nail olan” Ermənistan, habelə İrəvanın aqressiv davranışına göz yuman Avropa İttifaqı sadə suala cavab verə bilərlərmi: Aİ-nin Ermənistandakı müşahidə-monitorinq missiyasının üzvü istehkamda, Ermənistan ordusunun mövqeyində yaralanarsa və ya xəsarət alarsa, bunun məsuliyyətini kim daşıyacaq?

Nə üçün avropalı müşahidəçilər ermənilərin səngərlərindədir?

Aİ-nin Ermənistandakı missiyasının təsis edilməsi və fəaliyyəti ölkəmizlə razılaşdırılmadığından Bakı həmin adamlara təhlükəsizlik təminatı vermək məcburiyyətində deyil.

BMT-nin Təhlükəsizlik Şurasındakı (TŞ) müzakirələrə və qərara gəldikdə isə, İrəvanı dəstəkləyən dövlətlər, təşkilatlar, mass-media və siyasətçilər nədənsə unudurlar ki, son aylarda məhz Ermənistan sülh sazişinin imzalanmasına yönəlmiş dialoqdan boyun qaçırmağa çalışır, müxtəlif süni əngəllər və primitiv maneələr uydurur, qarabağlı erməni separatçıları isə vəziyyəti maksimum dərəcədə gərginləşdirməyə yönəlmiş fəaliyyətlərində aktivliklərini azaltmırlar.

Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi və geosiyasi himayə edən Fransanın reallaşdırmağa çalışdığı ssenari məlumdur.

Rəsmi Paris vəziyyəti indiki halda saxlayaraq müəyyən mənada status-kvoya nail olmağa, situasiyanı 2025-ci ilədək, Rusiya Sülhməramlı Kontingentinin (RSK) səlahiyyət və fəaliyyət müddətinin başa çatacağı vaxtadək “dondurmağa”, sonra isə rusiyalı sülhməramlıları beynəlxalq kontingentlə əvəzləyərək Qərbin birbaşa iştirak edəcəyi missiyaya başlamağa can atır.

Fransanın planlarında qarabağlı ermənilərlə bağlı problematikanın illərlə, hətta onillərlə müzakirə mövzusuna çevrilməsi və müəyyən mənada ATƏT-in Minsk Qrupunun fəaliyyətinin yeni formada reinkarnasiyası var.

Ermənistanın baş naziri Nikol Paşinyanı da bu ssenari tamamilə, hətta bütünlüklə təmin edir, çünki danışıqlar prosesində və ümumiyyətlə, siyasi müstəvidə Azərbaycanın qətiyyətli mövqeyi, status-kvonun formalaşmasına imkan verməməyə yönəlmiş dinamikasına görə məsuliyyəti Rusiya Federasiyası ilə Qərbin üzərinə atmağa imkan verir.

Daha sadə desək, Paşinyan ermənilərə növbəti dəfə “Baxın, görürsünüz, əlimizdən gələni edirik – amma yenə alınmır” söyləyərək kiçik taktiki qələbəyə nail olduğunu düşünəcək.

Paşinyanın həmişəki ampluası olan belə manipulyasiyalar danışıqlar prosesində ağır problemlər yaratsa da, Bakı prosesin davamında israrlıdır.

Məhz bu səbəbdən rəsmi Bakı ermənilərin mənəviyyatsız strategiyasını, isterik dezinformasiyasını və əslində Rusiya-Fransa-İran triousunun tam pressinqində olan İrəvanın zavallı vəziyyətini görsə də, regionda sülhlə stabilliyin bərqərar olmasından dolayı Nikol Paşinyan və onun administrasiyasının mənsubları ilə müzakirələri davam etdirir.

Lakin ermənilər Fransanın göstərişi ilə fərqli gündəm yaratmağa çalışırlar.

BMT TŞ-dəki müzakirələrə səbəb olan müraciətin mətnində Ermənistan nə Rusiya Federasiyasından, nə də rusiyalı sülhməramlılardan bəhs etməyib. Məhz Fransanın göstərişi ilə hazırlanmış mətnin bu formatı və məzmunu Rusiyanın adını çəkməklə Qərb ölkələrini qıcıqlandırmamaq, “qarabağlı ermənilərin üzləşdikləri humanitar fəlakət” məsələsi ilə Qərbi riqqətə gətirərək məqsədə nail olmaq hədəflənmişdi.

Rusiya təbii ki, narazıdır: o, 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla bölgədə formalaşmış eksklüzivliyini təbii ki, BMT TŞ-dəki müzakirələrdə də qorumaq niyyətindədir.

Ermənilərin Laçın yolu ilə Ermənistandan Xankəndinə və əks istiqamətdə heç bir yoxlama, nəzarət olmadan “tam sərbəst hərəkət”lə bağlı tələbləri aprior olaraq 30 illik işğal dönəminldəki hüquqi anarxiyanın davamıdır.

Azərbaycan heç bir vəchlə sərhədində hansısa dövlət üçün “pəncərə” açmaq, konkret halda Ermənistanla şərti dövlət sərhədində ermənilərin nəzarətsiz gediş-gəlişinə göz yummaq niyyətində deyil və olmayacaq.

BMT TŞ bununla bağlı hər gün toplantı və ya iclas keçirə bilər – rəsmi Bakıya ünvanlanan “Laçın yolunu açın” istəyi beynəlxalq hüquqa, dövlətin suverenliyi və sərhəd toxunulmazlığı prinsiplərinə tamamən ziddir.

Bütün bunlarla yanaşı, BMT TŞ-dəki müzakirələr sadəcə, ermənilərin propaqandasının uğursuzluğu və Azərbaycan diplomatiyasının uğur baxımından önəmli deyil.

Təhlükəsizlik Şurasının iclası qlobal geosiyasətdəki tektonik dəyişikliklərin olduqca mühüm indikatoru olmaqla yanaşı, dünyanın siyasi arenasındakı ümumi hərarəti, vəziyyəti və qüvvələr nisbətini göstərdi.

Çin və Rusiya nümayiş etdirdilər ki, onlar hələ rüşeym halında olsa da, müəyyən mənada yeni siyasi blok yaradaraq qarşılıqlı fəaliyyəti sıx koordinasiya edirlər.

Bəli, Cənubi Qafqaz bölgəsində Rusiya ön plandadır, amma Moskvanın arxasında onu dəstəkləyən və irəli itələyən, maraqlarını sərhədlərindən çox kənarlarda ekstrapolyasiya edən Çin var.

Rusiya ilə Çin arasında geosiyasi tərəfdaşlıq hələ formalaşmasa da, “Səmaaltı İmperiya” artıq çox qətiyyətli və iradəli davranış nümayiş etdirir.

Albaniyanın BMT-dəki daimi nümayəndəsinin çıxışı və onun ermənilərin iddialarını rədd edərək Azərbaycanın mövqeyini dəstəkləməsi rutin olay deyil. Fransa ilə müqayisədə Albaniya kiçik dövlətdir, lakin rəsmi Tirana Balkan yarımadasında Türkiyənin geosiyasi mövqelərinin göstəricisidir.

Albaniyanın mövqeyi həm də Şimali Makedoniya, Serbiya, Sloveniya, Slovakiya, Xorvatiya, Bosniya-Hersoqvina, şətta Bolqarıstan, Macarıstan və Rumıniyanın bölgəmizdəki proseslərə yanaşmasının indikatorudur.

Böyük Britaniyanın mövqeyi isə bir daha sübut etdi ki, Avropa İttifaqında siyasi lider Fransa və Almaniya yox, “Dumanlı Albion”dur. Ukraynadakı proseslərdə London necə lider mövqe tutaraq hətta ABŞ-ı özü ilə hesablaşmağa vadar edirsə, Cənubi Qafqazda da britaniyalılar eyni geosiyasi təsir imkanlarına yiyələnmək niyyətindədir.

Latın Amerikası və Afrikaya gəldikdə, bəzi Afrika ölkələrinin Fransanın tezislərini az qala təkrarladıqlarına diqqət yetirməliyik. Həmin Afrika ölkələri Fransanın siyasi, hərbi, iqtisadi, maliyyə və s. təsirində olaraq Parisin neomüstəmləkə siyasətinin çərçivəsindən çıxa bilmirlər.

Braziliyanın mövqeyisə Latın və Cənubi Amerika ölkələrinin kollektiv Qərbin asılılığndan və diqtəsindən qurtularaq “Qlobal Cənub”un, xüsusilə də Qoşulmama Hərəkatına üzv olan ölkələrin müstəqil xarici siyasət yürütmək niyyətindən xəbər verir.

Bu baxımdan Azərbaycan diplomatiyası hadisələrin sürətlə inkişaf edərək məcraların dəyişməyə başladığı Afrikaya, Latın və Cənubi Amerikalardakı prosesləri daha diqqətlə izləməlidir.

Azərbaycanın mövqeləri səbatlıdır və heç biri sənəd, heç bir qətnamə rəsmi Bakını beynəlxalq hüquqla yanaşı, ölkə Konstitusiyasına zidd qərarın qəbuluna vadar edə bilməz.

Situasiya ilk baxışdan göründüyü kimi Bakı üçün heç bir real təhlükə vəd etmir.

Vəziyyət o zaman arzuolunmaz məcraya yönələrdi ki, BMT TŞ-nin daimi üzvləri olan Rusiya Federasiyası, ABŞ və Fransanın ölkəmizə qarşı vahid, konsolidə edilmiş mövqeləri formalaşaydı.

12 il əvvəl BMT TŞ-dəki müzakirədə belə mövqe vardı – həmin dövrdə ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa ölkəmizin maraqlarına tam zidd sənədin lehinə səs vermişdilər.

Azərbaycan XİN həmin səsvermənin nəticələri ilə bağlı bəyanatında “Bunu unutmayacağıq” fikrini leytmotiv kimi vurğulamışdı.

12 il əvvəl Qərb və Rusiya həmin bəyanatı ironiya ilə qarşılamışdılar.

İndisə ironiya və istehza növbəsi ermənilərin total dezinformasiya və Qərbi “riqqətə gətirmək” məqsədilə emal etdiyi yalanlardan ibarət propaqandasına istinad edənlərə baxan bizlərdədir.

Üçtərəfli bəyanatı imzalamış Rusiya Federasiyasının situasiya ilə bağlı mövqeyi və davranışı aydındır, konkretdir və praqmatikdir. Belə davranışa münasibətdə Azərbaycan da tam eyni münasibət sərgiləyir.

Qərb isə, Rusiyadan fərqli olaraq, ikili və üçlü oyun oynayır, sözləri ilə əməlləri arasındakı uçurumu daha da artırır.

Belə vəziyyətdə Azərbaycan maraqlarının təminatıa yönəlmiş siyasətini daha aktiv davam etdirmək məcburiyyətindədir.

Bizdən incisələr də, məzəmmət etməyə çalışsalar da.

Erimənistan isə Fransanın vədlərinə aldanaraq BMT TŞ-də şou nümayiş etdirməyə çalışmaqla çox ciddi səhvə yol verdi.

Rəsmi İrəvan dərk etmir ki, belə iclaslardakı qərarların icrası məcburi deyil – elə İrəvanın özü BMT TŞ-nin 4 qətnaməsinii 30 il qulaqardına vurmaqla bunu sübut etdi – və sadəcə, məşvərət funksiyası daşıyır.

Ermənistan problemi həll edirdisə, münaqişəyə proseslərlə heç bir əlaqəsi olmayan kənar fiqurları, xüsusilə də Fransanı cəlb etməməli, problemlərin həllində maraqlı olan Azərbaycanla danışıqları aktivləşdirməliydi.

Yalnız belə halda nəticə əldə edilə bilər.

Fransaya ümid, Parisin hami olacağı ilə bağlı gözləntilər erməniləri fəlakətə aparır.

Çünki Fransanın bölgədəki maraqlar məcmusu Ermənistanın mənafeləri ilə üst-üstə düşmür və ermənilər Fransa üçün yalnız alətdir.

Elçin Alıoğlu
TREND

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button