Azərbaycanda talassemiyalı xəstələrin sayı açıqlandı
“Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzində rəsmi qeydiyyatda olan 3000-dən artıq hemoqlobinopatiyalı xəstə var. Profilaktik və maarifləndirici tədbirlər nəticəsində ötən illərlə müqayisədə yeni doğulan talassemiyalı xəstələrin sayında ciddi şəkildə azalma müşahidə olunur”.
Milli.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hematoloqu Nərmin Verdiyeva deyib.
Onun sözlərinə görə, xüsusilə də genetik konsultasiya və prenatal diaqnostikanın rolu olduqca böyükdür: “Hamiləliyin 14-16-cı həftəliyində aparılan müayinə nəticəsində dölün sağlam, daşıyıcı və ya talassemiya xəstəsi olduğunu aşkarlamaq mümkündür”.
Mütəxəssis xatırladıb ki, talassemiya genetik defekt nəticəsində yaranan və xroniki anemiya ilə xarakterizə olunan irsi qan xəstəliyidir: “Anadangəlmə xəstəlik olaraq iki daşıyıcının nikahı nəticəsində doğulan uşaqlarda rast gəlinə bilər. Talassemiya daşıyıcılığı adətən təsadüfi müayinə və ya skrininq zamanı aşkarlanır. Əksər hallarda heç bir klinik əlaməti olmur. Əgər nikaha daxil olacaq şəxslərin birində talassemiya daşıyıcılığı varsa, doğulacaq uşaqların 50% halda sağlam, 50% halda isə daşıyıcı olma ehtimalı var. Əgər hər ikisində talassemiya daşıyıcılığı varsa, doğulacaq uşaqların 25 % halda sağlam, 50% halda daşıyıcı, 25 % halda xəstə olma ehtimalı mövcuddur. Xəstəlik adətən həyatın erkən dövrlərində (1 yaşa qədər) qanazlığı, ümumi zəiflik, iştahasızlıq, inkişafdan geri qalma, tez-tez infeksiyon xəstəliklərə yoluxma, dəri, görünən selikli qişaların solğunluğu və ikterikliyi, qaraciyər və dalaqda böyümə kimi əlamətlərlə özünü biruzə verir. Hb elektroforezi analizi ilə diaqnoz dəqiqləşdirilir”.
O bildirib ki. talassemiyalı pasiyentlər həyat keyfiyyətlərini yaxşılaşdırmaq və həyatı vacib orqanların normal fəaliyyətini təmin etmək məqsədilə ayda bir və ya bir neçə dəfə hemotransfuziya alırlar: “Vaxtında başlanan və düzənli aparılan hemotransfuziya yarana biləcək sümük deformasiyalarının qarşısını alır və ya minimuma endirir, pasiyentin daha keyfiyyətli və uzun ömür yaşamasını təmin edir. Lakin hər dəfə hemotransfuziya zamanı qırmızı qan hüceyrələri ilə bərabər orqanizmə müəyyən miqdarda dəmir də daxil edilir. Orqanizmə daxil edilən dəmir müxtəlif orqan və toxumalarda toplanaraq onların normal fəaliyyətini pozur, bu isə bir sıra arzuolunmaz ağırlaşmalara gətirib çıxardır. Məhz bu ağırlaşmaların qarşısını almaq məqsədilə xəstələrə paralel olaraq xelat terapiya (ağır metalların qan dövranından çıxarılması) prosesi təyin olunur. Bu dərman preparatları hemotransfuziya zamanı orqan və toxumalara yüklənən dəmiri orqanizmdən xaric edərək dəmir yüklənməsinə bağlı ağırlaşmaların qarşısını alır. Hazırda bütün dünyada və Azərbaycanda dörd növ dəmirqovucu preparatdan istifadə olunur. Pasiyentlərimiz bu dərman preparatları ilə dövlət hesabına təmin olunurlar.
Xəstəliyin yeganə radikal müalicə metodu sümük iliyinin transplantasıyasıdır. 2014-cü ildən etibarən bu müalicə üsulu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində Dövlət proqramı çərçivəsində həyata keçirilir. Bu günə qədər 150-dən artıq xəstə tam toxuma uyğunluğu olan donordan transplantasiya olunub. Nəticələrimiz olduqca qənaətbəxşdir. Lakin əsas hədəfimiz gələcəkdə ilik donor bankı qurmaqla Dünya Donor Bankı üzv ölkələrindən olmaqdır”.
Milli.Az