Ölkə

Azərbaycan istehsalı olan minatəmizləmə maşını ANAMA-ya təqdim olundu

Xəbər verildiyi kimi, sahibkarlar tərəfindən Qarabağ Dirçəliş Fonduna “İmprotex” Şirkətlər Qrupunun istehsalı olan “Revival P” minatəmizləmə maşını ianə olunub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sentyabrın 4-də QDF tərəfindən həmin maşının Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) verilməsinə həsr olunan təqdimat mərasimi keçirilib.

Mərasimdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, “İmprotex” Şirkətlər Qrupunun rəhbərliyi, QDF-in Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Fatma Yıldırım, Fondun tərəfdaşları və donorları, eləcə də media nümayəndələri iştirak ediblər.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev müzəffər Azərbaycan ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı qələbənin regionda yeni reallıqla yanaşı, ölkəmizin tarixində yeni quruculuq dövrünün başlamasına şərait yaratdığını qeyd edib.

Fondun fəaliyyətindən və həyata keçirdiyi layihələrdən danışan İdarə Heyətinin sədri QDF-in donor və tərəfdaşları ilə əlaqələrinin günü-gündən inkişaf etdiyini və bu əməkdaşlıq çərçivəsində Fonda pul vəsaiti ilə yanaşı texniki vasitələrin də ianə edildiyini diqqətə çatdırıb. Rəhman Hacıyev “Revival P” minatəmizləmə maşınının ölkəmizin Birinci vitse-prezidenti, xeyriyyəçiliyin təcəssümü olan Mehriban xanım Əliyevanın doğum günündə, eyni zamanda Laçın şəhəri günündə QDF-ə ianə edilməsinin xüsusilə əlamətdar bir hadisə olduğunu vurğulayıb.

İdarə Heyətinin sədri əminliklə bildirib ki, QDF-ə ianə olunan minatəmizləmə maşını işğaldan azad olunan ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə, bununla da orada məskunlaşacaq soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verəcək.

R.Hacıyev Fonda minatəmizləmə maşınının ianə edilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirərək bunu təqdirəlayiq və örnək addım adlandırıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov işğaldan azad edilən ərazilərdə aparılan minatəmizləmə əməliyyatları ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.

Çıxışlardan sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinə, eləcə də “Revival P” minatəmizləmə maşınına həsr olunan videoçarxlar nümayiş olunub.

Daha sonra “Revival P” minatəmizləmə maşınının sertifikatı ANAMA-nın İdarə Heyətinin sədrinə təqdim edilib.

Sonra tədbir iştirakçıları “Revival P” minatəmizləmə maşını ilə tanış olublar.

Xatırladaq ki, daha öncə də Qarabağ Dirçəliş Fonduna donorlar tərəfindən müxtəlif təyinatlı texnikalar ianə edilib. Hazırda həmin texnikalar işğaldan azad edilən ərazilərdə aparılan bərpa və quruculuq işlərində geniş istifadə olunur.

Qarabağ Dirçəliş Fondu işğaldan azad edilən ərazilərin bərpası üçün həm pul vəsaiti, həm də texnikalar ianə edən bütün tərəfdaşlarına təşəkkür edir və hər kəsi işğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin təşkili və sosial-iqtisadi rifahın yaxşılaşdırılması məsələsinə dəstək olmağa dəvət edir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button