Uncategorized

Bakıya “təzyiq” artır: çirkin oyun quranlar uduzacaqlar

Ermənistanın Rusiyaya qarşı demarşları davam edir. Belə ki, rəsmi İrəvan MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi nümayəndəsi Viktor Biyaqovu geri çağırıb. Baş naziri Nikol Paşinyanın təqdimatından sonra Ermənistan prezidenti Vaahn Xaçaturyan müvafiq fərman imzalayıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

V.Biyaqov Ermənistanın Hollandiyadakı səfiri və Kimyəvi Silahın Yasaqlanması Təşkilatında daimi nümayəndəsi təyin edilib.

Ermənistanın KTMT-dəki yeni nümayəndəsi barədə heç bir məlumat yoxdur.

Bununla yanaşı, Rusiyanın Ukraynada hərbi əməliyyata başladığı gündən bəri ilk dəfə İrəvan Kiyevə humanitar yardım yollamaq qərarına gəlib.

İlk baxışdan adi, hətta rutin olaydır: müharibə gedən Ukraynaya indiyədək çox ölkə yardım edib və edir. Ukraynaya sürəkli humanitar yardımlar yollayan ölkələr arasında Azərbaycan da yer alır.

Lakin Ermənistanla bağlı vəziyyət fərqlidir, çünki rəsmi Bakı Kiyevə hər dəfə humanitar yardım yollayanda ermənilər isterikaya qapılır, “Rusiya, öax, sənin strateji tərəfdaşın Ukraynaya yardım edir” deyirdilər.

İndisə Nikol Paşinyan xarici siyasətində Qərbə meyllənmənin gücləndiyini göstərməyə çalışaraq Moskvanı aşkar şəkildə qıcıqlandıracaq addım atır.

Qarabağla bağlı gərginliyin artdığını, Azərbaycan ərazsində müvəqqəti yerləşdirilmiş Rusiya Sülhməramlı Kontingentinin (RSK) komandanın dəyişdirilməsini, qarabağlı erməni separatçıların sürətlə aktivləşərək radikallaşmalarını, ermənilərin mövqelərimizi atəşə tutma intensivliyinin yüksəldiyini nəzərə alsaq, durum gerçəkdən də ağırlaşıb.

Vəziyyəti əsla yüngülləşdirməyən digər məqamsa Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamalarıdır.

“Bir gün yuxudan ayılanda görəcəyik ki, Rusiya Cənubi Qafqazı tərk edib” və “Təhlükəsizliyinin təminatı məsələsində Rusiya Federasiyasına bel bağlamaqda strateji səhvə yol verdik” tipli bəyanatlar verən N.Paşinyan ermənilər arasında artan revanşizm və “qisas” hisslərinin yaratdığı isterikanın təhlükəli olduğunu anlayaraq İrəvandakı prosesləri nəzarətdə saxlamağa çalışır.

Qarabağın Azərbaycan ərazisini olduğunu və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyən Paşinyan yalnız sözdə belə bəyanatlarla sülh sazişinin imzalanmasına meylli olması görüntüsü yaratmağa çalışır. Əslində isə o, qarabağlı ermənilərin guya “humanitar böhran, aclıq və blokada ilə üzləşmələri” ilə bağlı dezinformasiya selinin, propaqanda kampaniyasının müəlliflərindən biridir.

Faktiki olaraq Ermənistan hazırda Azərbaycana qarşı çox aktiv şəkildə hibrid savaşı aparır və bu istiqamətdə qarabağlı ermənilərdən proksi qüvvələr qismində istifadə edir.

RSK-nın nəzarət arealındakı ərazilərdə məskunlaşan 10 minə yaxın silahlı ermənilərin “hərbi hissə”lərini də Ermənistan maliyyələşdirir, idarə edir.

Rəsmi İrəvan, ermənilərə havadarlıq edən dövlətlər, siyasətçilər və beynəlxalq təşkilatlar, habelə bir sıra iranlı və rusiyalı siyasi ekspertlər 10 minlik silahlı erməninin “qarabağlı ermənilərin dəstələri” olduqlarını, Ermənistanın onları idarə etmədiklərini iddia etsələr də, belə deyil.

Nikol Paşinyan və komandası RSK-nın yerləşdiyi əraziləri hələ də “qarabağlı ermənilərə məxsus torpaqlar” sayaraq Azərbaycana qarşı ilhaq, daha konkret olsaq, işğal siyasətini davam etdirirlər.

Prosesdə zahirən N.Paşinyana qatı müxalif, hətta düşmən olduqlarını nümayiş etdirməyə çalışan qüvvələr də aktiv iştirak edirlər.

Qarabağ problematikasında ermənilər arasınad fikir ayrılığı yoxdur: Paşinyan da, onun müxalifləri də, hətta Paşinyanı devirmək istəyən sabiq prezidentlər Robert Köçəryanla Serj Sarqsyanın rəhbərlik etdikləri “qarabağlılar klanı” da Xankəndindəki separatçı xuntanın mövcudluğunun mümkün qədər uzunmüddətli olmasına can atırlar.

Məhz bu səbəbdən Ermənistan hakimiyyəti Azərbaycanla danışıqlarda imitasiya ilə məşğuldur. Şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası, qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası, yekun sülh sazişinin imzalanması, Zəngəzur dəhlizi layihəsinin reallaşması – bütün bunların həyata keçməsi rəsmi İrəvanın maraqları çərçivəsində deyil.

Tam əksinə, Ermənistan rəhbərliyi hazırda nəyin bahasına olursa-olsun vaxt udmağa, danışıqlar prosesini ən müxtəlif şərtlər, tələblər və bəhanələrlə uzatmağa çalışırlar.

Ermənilər zaman qazanaraq 44 günlük İkinci Qarabağ Müharibəsində darmadağın olmuş silahlı qüvvələrində köklü islahatlar aparmağa, sürətlə silahanmağa, ordunu gücləndirməyə can atırlar.

Müşahidə olunan vəziyyətin digər maraqlı tərəfi Rusiya Federasiyasının davranışıdır. Nikol Paşinyan hakimiyyətini sözdə ağır şəkildə tənqid edən, Rusiya XİN-nin sözçüsü Mariya Zaxarovanın ifasında İrəvana sərt xəbərdarlıqlar və ultimatumlar yollayan, hətta Ermənistan rəhbərliyini açıq-aşkar aşağılayan rəsmi Moskva İrəvanda hakimiyyət dəyişikliyinin lehinədir.

Amma bununla belə, Moskva Paşinyanın devrilməsini də istəmir, çünki çox incə oyunun reallaşdırmaqdadır.

Belə ki, Nikol Paşinyan son vaxtlar sürəkli, hətta fasiləsiz olaraq RSK-nın fəaliyyətindən narazılıq edir, qarabağlı ermənilərin təhlükəsizliklərin təminatı üçün beynəlxalq sülhməramlı kontingentə zərurət duyulduğunu vurğulayır.

Rusiya məhz bu açıqlamaya mənfi reaksiya vermir, çünki RSK-nın fəaliyyət mandatı yoxdur: rəsmi Bakı rusiyalı sülhməramlıların fəaliyyətini və ən başlıcası, hüquqi statusunu müəyyənləşdirən hansısa sənəd imzalamayıb.

Nikol Paşinyan beynəlxalq mandatlı sülhməramlılardan bəhs edəndə məhz RSK-nı nəzərdə tutur, rusiyalı sülhməramlılara belə mandatın verilməsinə işarə vurur.

O, Rusiyanın əleyhinə istədiyi qədər danışa bilər, Moskvanı tənqid edə bilər, Fransadan təlimatlar alaraq Rusiyanın bölgədən çıxarılması istiqaməində fəaliyyət aparması ilə bağlı görüntü yaratmağa çalışa bilər.

Bəli, belədir.

Amma sözlərə yox, əməllərə baxmalıyıq.

Rusiyanın Cənubi Qafqazdakı geosiyasi mövcudluğunun indiki səviyyəsi və təsir rıçaqlarının əksəriyyətini itirəcəyi labuddür. Bu proses indi yox, 4 il əvvəl başlayıb.

Moskva Cənubi Qafqazda ermənilərlə bağlı məsələləri nizamlaya biləcək tərəf, beynəlxalq güc və effektiv geosiyasi menecer qismində qalmaq istəyir.

Bu səbəbdən də Rusiya bölgədəki ənənəvi geosiyasi mexanizmlərinin bir qismini situativ tərəfdaşlıq etmək niyyətində olduğu Türkiyə ilə reallaşdırmaq istəyir. Təbii ki, Moskva və Ankaranın anlaşmaları ermənilərlə onların hamilərini, xüsusilə də Avropa İttifaqını və Fransanı razı salmayıb.

Məhz bəhs etdiyimiz səbəblərdən Fransadan müvafiq göstərişlərlə təlimatlar almış Ermənistan bölgədə Rusiyanın zəifləməsi fonunda Türkiyənin təsir imkanlarını artmasını istəmir, Fransanın və Avropa İttifaqının bəlli qüvvələrinin regionda möhkəmlənməsini arzulayır.

Eyni zamanda, Fransa Azərbaycana qarşı Avropa ölkələri tərəfindən sanksiyaların tətbiq edilməsinə çalışır.

Amma Türkiyə ilə bir düşərgədə olan Azərbaycan belə çirkin ssenarilərinin qarşısını almaqdadır.

Rəsmi Bakının ən ciddi gedişi isə Çinlə əlaqələrin daha da aktivləşdirilməsi olacaq.

Hindistan Ermənistanla hərbi-texniki əməkdaşlığı 1 milyard dollar səviyyəsinə çatdıracağını bəyan edibsə və erməniləri sürətlə silahlandırırsa, Avropanın bir sıra ölkələri və xüsusilə Fransa Azərbaycana qarşı sanksiyalar arzusundadırsa, bu təzyiq kampaniyasının qarşısını üçün mütləq şəkildə Pekinlə təmaslarımızı aktivləşdirməliyik

Sanksiyalar gəldikdə isə, bu problemi də Balkan yarımadası ölkələri, Şərqi Avropa dövlətləri, İtaliya və Avstriya ilə müzakiələri fəallaşdıraraq həll edə biləcəyik.

Təlaşa səbəb yox.

Mübarizə davam edir.

Elçin Alıoğlu
Trend

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button