Siyasət

Ermənistan oynadığı yeni siyasi oyunla Cənubi Qafqazda gərginliyi artıra bilər

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu günə qədər Ermənistanın Rusiyaya arxa söykəməsini hardasa başa düşmək olurdu. Çünki tarixdən bilirik ki, erməniləri Cənubi Qafqaza ruslar gətirib. Bilirik ki, ermənilər Cənubi Qafqaza gəldiyi gündən bu günə qədər Rusiya Ermənistana hərtərəfli dəstək durub. Hər kəsə məlumdur ki, Birinci və İkinci Qarabağ müharibələrində Rusiya Ermənistana hansı yardımları edib və hansı müstəvilərdə dəstək olub.

Maraqlısı odur ki, Rusiya hökuməti də müəyyən mənada bunu təsdiq edir. Danılmaz faktdır ki, 44 günlük Vətən müharibəsində Rusiyanın vasitəçiliyi ilə 10 noyabr 2020-ci il tarixdə üçtərəfli bəyənnamə imzalanmasaydı Ermənistan hansı vəziyyətlərə düşə bilərdi.

Qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsinin bitməsi və ardı ilə Rusiya-Ukrayna müharibəsinin başlanması fonunda birmənalı olaraq Ermənistanın Rusiyaya qarşı münasibətləri kəskin surətdə dəyişib. Belə ki, vaxtilə Rusiyanı su yoluna döndərən Ermənistan bu gün Rusiyanı “bir qaşıq suda” boğmağa çalışır. Əslində bunu birbaşa Ermənistanın Rusiyaya qarşı “xəyanəti” də adlandırmaq olar! Çünki Ermənistan Rusiya ilə ABŞ-ın münasibətlərini bilə-bilə ötən aylarda Ermənistanda, Arazdəyəndə ABŞ-ın 70 milyon dollar sərmayəsi ilə “erməni-amerikan” adlı metallurgiya zavodunun tikilməsinə başladıqdan sonra, ABŞ-la sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsi, komandanlıq-nəzarət və taktiki rabitə sahəsində təcrübə mübadiləsinin aparılması, o cümlədən döyüş hazırlığının artırılması adı altında 2023-cü il sentyabrın 11-dən 20-dək “Eagle Parnter 2023” adlı təlim keçirir.

Əlbəttə ki, Ermənistan və ABŞ arasında gedən gizli siyasi oyunlar aydındır. Biz hər zaman Ermənistanın bu kimi çirkin siyasətini bütün dünyaya, o cümlədən Rusiyaya sübut etməyə çalışırdıq. Biz bütün dünyaya izah etməyə çalışırdıq ki, Ermənistan elə bir dövlətdir ki, suda boğulan zaman ayı kimi öz balasını da taptalaya bilər. Görünən mənzərə odur ki, bu gün ABŞ çalışır ki, Ermənistanın boğazına siyasi kəndir salıb Rusiyanı da, rus sülhməramlısını da Qarabağdan uzaqlaşdırsın və Rusiyaya Ukrayna-Rusiya məsələsində olduğu kimi növbəti dərs keçsin.

Məsələnin digər tərəfi də ondan ibarətdir ki, Ermənistanın Qərblə oynadığı yeni oyunda təkcə Rusiya yox, İran da hədəf ola bilər. Belə ki, bildiyimiz kimi ABŞ-İran münasibətləri də ABŞ-Rusiya münasibətləri qədər gərgin olaraq qalmaqdadır. Nəticə olaraq hər zaman olduğu kimi bütün çirkin oyunlarda baş rolu ifa edən Ermənistan ABŞ-la əməkdaşlıq etməklə, bu əməkdaşlığın fonunda Rusiya və İrana real düşmən olan ABŞ-ı Cənubi Qafqaza gətirməklə nəinki Ermənistan-Azərbaycan Qarabağ məsələsinə, hətta ABŞ-Rusiya, ABŞ-İran münasibətlərinin daha da gərginləşməsinə təkan verməyə çalışır.

Hesab edirəm ki, Ermənistan məsələni gərginləşdirmək yox, Azərbaycanla münasibətləri normallaşdırmalıdır, Azərbaycanın etdiyi təklifləri qəbul etməlidir. Əks halda Ermənistan qurmağa çalışdığı yeni oyunda qurban özü olacaq. Ermənistan bir daha bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir, bizimlə hədə-qorxu, təxribat yolu ilə danışmaq olmaz.

Millət vəkili İlham Məmmədov


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button