Ölkə

Dostlarına qonaqlıq verdi, öldürdülər – Cinayət KAMERALARA DÜŞDÜ

CİNAYƏT İŞİ

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Qısa arayış…

2020-ci il oktyabrın 8-i gecə saat 2 radələrində Qaradağ rayonu Müşfiqabad qəsəbəsində dava baş verir. Dava zamanı 1983-cü il təvəllüdlü Tofiq Əlxanov bıçaq zərdələri ilə tanışı və həmyaşıdı Məqatil Zeylanovu qətlə yetirib, Murad Bəhrəmovu isə yaralayıb. Cinayəti törədən Əlxanov həmin günün səhəri Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa təhvil verilib. Onun həmin qəsəbədə yerləşən orta məktəbdə idman müəllimi işləməsi məlum olub. 

Məlumat daxil olan kimi polis və prokurorluq əməkdaşları tərəfindən, məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Məlum olub ki, cinayət Müşfiqabad qəsəbəsində yerləşən Mədəniyyət evinin qarşısında baş verib. Dava yaxınlıqda quraşdırılan təhlükəsizlik kamerası tərəfindən

qeydə alınıb.

 

Faktla əlaqədar Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Məqatil Zeynalovun qanında 2.5 % qatılığında etil spirti aşkar edilib ki, bu da şəxslərdə orta dərəcəli sərxoşluq kimi qiymətləndirilib.

Milli.Az xəbər verir ki, Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, oktyabrın 8-i gecə saat 1 radələrində Tofiq Əlxanov Müşfiqabad qəsəbəsində, yaşadığı evdə yatarkən tanışı Məqatil Zeynalov mobil telefonuna zəng edib, onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib və aralarındakı münasibəti aydınlaşdırmaq üçün onu Mikayıl Müşfiq adına parkın yaxınlığına çağırıb. Bundan sonra, o, mətbəxdəki şkafda saxladığı, kustar üsulla hazırlanmış bıçağı götürüb və evdən çıxıb. Deyilən ərazidə Məqatil Zeynalov, onunla gələn Murad Bəhrəmov və digər şəxslərlə görüşüb. Şəxsi münasibətlər zəminində yaranmış qarşılıqlı mübahisə zamanı yumruqla bir-birinə zərbələr vurub, dalaşdıqda, hadisə yerində olan tanışları onları ayırmağa çalışıb.

Mübahisənin davamında Tofiq Əlixanov bıçaqla 3 dəfə zərbə vuraraq Məqatil Zeynalovu qəsdən öldürüb. Sonra bıçaqla Murad Bəhrəmova 2 dəfə zərbə endirib. Amma vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərildiyinə görə Bəhrəmovun həyatı xilas olunub. 

 

İş üzrə dindirilmiş Tofiq Əlxanov bildirib ki, mərhum Məqatilin yaratdığı şərait bu hadisənin törədilməsinə səbəb olub. Belə ki, Məqatil Zeynalovu qəsəbə sakini kimi 10 ilə yaxındır ki tanıyıb:

Tofiq Əlxanov

“Eşitdiyimə görə o, narkotik vasitələrin aludəçisi, həm də satışı ilə məşğul olub. Özüm 2007-ci ildən Müşviqabad qəsəbəsində yerləşən 320 nömrəli orta məktəbdə fiziki tərbiyə müəllimi işləyirəm. Oktyabrın 8-də gecə evdə yatdığım vaxt, mobil telefonuma gələn zəngdən narahat olub əvvəl cavab vermək istəmədim. Lakin dözməyib cavab verərkən zəng vuran şəxs özünü Məqatil Zeyanlovun dostu kimi təqdim etdi. O, hazırda Məqatillə bir yerdə olduğunu, Qobustanın Mərəzə kəndindən Müşfiqabada gəlmək üçün yola çıxdıqlarını, gəlməkdə də məqsədlərinin mənimlə görüşüb, söhbət etmək istədiklərini bildirdi. Qəsəbəyə çatanda yenidən zəng vuracağını deyən şəxs, görüş yerinə gəlməyənin ünvanına ağır söyüşlər işlətdi. Bir kişi olaraq, Məqatilgilin çağırışından yayınmağı mənliyimə yaraşdırmadım və bu səbəbdən durub paltarımı geyinərək, həyətə düşdüm.

Danışığımızı istər-istəməz eşidən həyat yoldaşım gecə saatlarında çölə çıxmamağımı xahiş etdi. Həmin şəxslərin sərxoş halda xoşagəlməz hərəkətlər edə biləcəklərini dedi və getməyimə mane olmağa çalışdı. Qonşuluqda yaşayan yaxın dostum Aqşin Atakişiyevə zəng vuraraq, yaşadığı binanın qarşısına düşməsini xahiş etdim. Aqşini çağırmaqda məqsədim təklənib döyülmək istəməməyim olub. Aqşinə heç bir səbəb olmadan ailəmlə evdə olan vaxt Məqatilgil tərəfdən zəng gəldiyini və söyüşlərlə hədələnib, görüşə çağırıldığımı danışdım. Tanışım da öz növbəsində mənə təsəlli verərək narahat olmamağımı söylədi. Daha sonra qəsəbə sakini olan digər dostum Emin Babaxanova zəng vuraraq, ondan da Mikayıl Müşfiq parkının yanına gəlməsini xahiş etdim. O da etiraz etməyib gələcəyini dedi. Yarım saatdan sonra zəng edən Məqatil məni Mədəniyyət evinin qarşına çağırdı”.

Həmin yerə çatıb hamı ilə salamlaşandan sonra telefonda ünvanına söyüş söyənin kim olduğunu soruşub. Həmin anda Məqatil Zeynalov söyüş söyənin onun özü olduğunu deyərək, üzərinə gəlib, ona yumruq və təpiklə zərbələr endirməyə başlayıb:

“Əlbəyaxa olduğumuz vəziyyətdə hər ikimiz yerə yıxıldıq. Yanımızda olan dostlarımız bizi ayırmağa cəhd etdilər. Yerə yıxılan vaxt yeşiyin yanında gördüyüm bıçağı cəld götürdüm və özümü müdafiə etməkdən ötrü nümayiş etdirərək sağa-sola yellətməyə başladım. Buna baxmayaraq həmin şəxslər qaçmadı, əksinə daha da hiddətli şəkildə mənə hücum etdi. Taxta parçası ilə mənə endirilən zərbələrdən biri dodağıma dəydi. Qaranlıqda gərgin vəziyyətdə müxtəlif istiqamətlərdə hərəkət etdirdiyim bıçağın kimlərə dəydiyini hiss etmədim. Bir anda həmin şəxslər hadisə yerindən qaçdılar. Məhəlləyə çatanda Aqşinin idarə etdiyi “Daewoo” markalı avtomobilin salonundan yaş salfet götürüb, bıçağın üzərində olan qan ləkələrini sildim. Hadisədən bixəbər olan atam yaxınlaşaraq, gecə vaxtı küçəyə çıxdığımız üçün bizi tənbeh etdi. Evə gələndən sonra paltarlarımı dəyişdim, ağzıma tibbi maska taxdığım üçün atam, dodaqlarımda olan xəsarətləri görmədi. Növbəti gün bildim ki, bıçaq xəsarətindən Məqatil Zeynalov ölüb və daha bir şəxs yaralanıb”.

 

Zərərçəkmiş şəxsin hüquqi varisi Eynal Zeynalov ifadəsində göstərib ki, oktyabrın 7-də axşam qardaşı Məqatil Qobustan rayonunun Ceyrankeçməz qəsəbəsində yerləşən kafedə qonaqlıq verib:

Məqatil Zeynalov

“Məclisdə əmim oğlu Afiyəddin Zeynalov, dostları Soltan Rəsulov və Murad Bəhrəmov iştirak ediblər. Ayın 8-i səhər saat 4 radələrində əmimoğlu ev telefonuma zəng edərək, Məqatilin bıçaqlandığını və təcili Lökbatanda yerləşən xəstəxanaya gəlməyimi dedi. Böyük qardaşım Zeynalla xəstəxanaya çatanda, bizə Məqatilin artıq öldüyü bildirildi. Sonradan mənə məlum olub ki, məclisdən sonra, gecə saat 2 radələrində Soltan sərxoş vəziyyətdə olan Məqatilin xahişi ilə bir nömrəyə zəng edib və cavab verən şəxsdən Müşfiqabad qəsəbəsində yaşayan Tofq Əlxanov olub-olmadığını soruşub. Tofiq olduğunu biləndən sonra ona “adının Şamaxı rayonunda pis hallandığını” deyib. Yuxudan oyanan Tofiqlə Soltanın arasında mübahisə yarandıqda, Məqatil müdaxilə edərək, ailəsinin ünvanına ağır söyüşlər söyüb. Məqatil Tofiqə Mərəzədə olduğunu deyərək, Müşfiqabada gəlib, onunla görüşəcəyini bildirib.

Baş vermiş hadisə ilə bağlı əmimoğlu da bir gün polisdə saxlanılıb. Evə buraxıldıqdan sonra ondan hadisənin necə baş verdiyini dəqiqləşdirməyə çalışdım. Amma Afiyəddin hadisə vaxtı çox sərxoş olduğundan əslində özündə olmadığını, ona görə də davanın necə baş verdiyini dəqiq xatırlamadığını dedi”.

Hadisə olan ərazi

DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilən məlumata görə, Binəqədi rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qərarı ilə Məqatil Zeynalovun Cinayət Məcəlləsinin 237.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına öldüyünə görə xitam verilib.

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən (BMCMİ) alınmış məktuba əsasən, Zəbişah Şahverdiyevin barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə istintaq aparılarkən, o, ifadə verib ki, üzərindən və yaşadığı evdən aşkar edilmiş külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı tanışı Məqatil Zeynalovdan alıb.

Məhkəmə iclasında Tofiq Əlxanov elan edilmiş ittihamla razılaşmayaraq, vurğulayıb ki, heç bir halda kimisə öldürmək niyyəti olmayıb. Baş vermiş hadisəyə görə çox peşmandır. Məhkəmədən onun əməlinin düzgün qiymətləndirilməsini və əslində özünü müdafiə edən şəxs kimi cəzalandırılmasını xahiş edib. 

 

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə qarşı şikayəti olmadığını bildirib. Zərərçəkmiş Murad Bəhrəmov bildirib ki, spirtli içki və Tofiq Əlxanovun ünvanına işlədilən söyüşlər cinayətin baş verməsinə səbəb olub. O, təqsirləndirilən şəxsə mümkün qədər yüngül cəzanın verilməsini xahiş edib.

 

Məhkəmə qənaətə gəlib ki, Tofiq Əlxanovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya gəzdirmə) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Tofiq Əlxanov 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button