Ölkə

Bakıda keçirilən Musiqi Forumunun ilk günü başa çatdı – YENİLƏNİB

Azərbaycanda ilk dəfə Musiqi Forumu keçirilir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə gerçəkləşir.

Oktyabrın 29-da “Gülüstan” Sarayında forumun açılış mərasimi keçirilib.

Əvvəlcə Forumun iştirakçıları Fəxri xiyabanda mədəniyyətimizin böyük himayədarı olmuş Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.

Sonra Fəxri xiyabanda dahi Üzeyir Hacıbəyli başda olmaqla, görkəmli musiqi xadimlərinin də məzarları ziyarət olunub.

Forumda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli qeyd edib ki, il ərzində Ulu Öndərin 100 illiyinə həsr olunmuş teatr, kino və Azərbaycan dili və ədəbiyyat forumları keçirilib. Bu gün isə ölkəmizdə ilk dəfə olaraq Musiqi Forumu təşkil edilir. “Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və müdrik qərarları nəticəsində ölkəmizin mədəni həyatında köklü dəyişikliklər baş verib. Heydər Əliyev respublikaya rəhbərlik etdiyi hər iki dövrdə bütün sahələrlə yanaşı, musiqi sənətinə də xüsusi qayğı və diqqət göstərib. Onun peşəkar musiqinin inkişafı ilə bağlı imzaladığı sənədlər, musiqiçilərin həyat və yaradıcılığı ilə yaxından maraqlanması, onlara göstərdiyi xüsusi qayğı bu gün də öz bəhrəsini verir. Ona görə də Ulu Öndərin 100 illiyi çərçivəsində Musiqi Forumunun təşkil edilməsinin çox böyük önəmi var”, – deyə nazir vurğulayıb.

Prezident İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində Azərbaycan mədəniyyətinin yeni mərhələyə qədəm qoyduğunu deyən A.Kərimli qeyd edib: “Ölkəmiz mədəniyyəti, xüsusilə musiqisi ilə xaricdə tanınıb. Milli dəyərlərimizin dünya miqyasında təbliği və tanıdılması istiqamətində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə görülən işlər xüsusilə diqqətəlayiqdir. 2003-cü ildə Azərbaycan musiqisinin ən dəyərli incilərindən olan muğam UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib və özünün bədii təkrarolunmazlığını, dünya mədəniyyəti üçün dəyərini təsdiqləyib.

Diqqətə çatdırılıb ki, üç gün ərzində davam edəcək tədbir çərçivəsində ölkənin tanınmış musiqi xadimləri ilə yanaşı, xarici ölkələrdən dəvət olunmuş qonaqların da bu sahənin çağdaş vəziyyəti ilə bağlı fikirləri dinləniləcək, fikir mübadiləsi aparılacaq. Forum günlərində, həmçinin Azərbaycan milli musiqi ənənələrinin yaşadılması, dünyaya tanıdılması ilə bağlı məsələlər diqqət mərkəzində olacaq. Forumda səsləndirilən təkliflər ümumiləşdiriləcək, təhlil ediləcək və “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasında öz əksini tapacaq.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli çıxışında mədəniyyətin təbliğində musiqinin önəmini qeyd edib. Söyləyib ki, musiqiçilərimiz bu gün bütün dünyada ölkəmizi uğurla təmsil edirlər.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə çıxışında irihəcmli və akademik əsərlərə böyük ehtiyac duyulduğunu deyib. O, həmin qəbildən tədbirlərin musiqi sahəsinin inkişafına öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Çıxışlardan sonra Azərbaycan musiqisinin keçdiyi yolu özündə ehtiva edən videoçarx nümayiş olunub.

Açılış mərasimindən sonra forum işini panel müzakirələrlə davam etdirib.

Cadenza kamera orkestrinin bədii rəhbəri, bəstəkar Türker Qasımzadənin moderatorluğu ilə keçirilən “Azərbaycanda musiqi təhsili – bəstəkarlıq və ifaçılıq məktəbləri” adlı panel sessiyasında “Ölkədəki musiqi təhsili sisteminin nailiyyətləri və çətinlikləri”, “Ali musiqi təhsili: yeni peşə yönümləri və ixtisaslaşmalar tələbi qarşısında”, “Bəstəkar musiqisinin ifaçılıq problemləri: aktual problemlər və onların həlli yolları”, “Musiqi repertuarının zənginləşdirilməsi və bəstəkarlara dövlət sifarişləri sisteminin yenilənməsi”, “Azərbaycanda bəstəkar musiqisinin nəşri, səs yazısı və yayımlanma problemləri” mövzuları müzakirə olunub.

Çıxışçıları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, Elm və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri Turxan Süleyman, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, bəstəkar, Xalq artisti Sərdar Fərəcov , Bakı şəhəri Fikrət Əmirov adına 6 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru, professor Adilə Yusifova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev, bəstəkar Tahir İbişov olan paneldə sözügedən mövzular ətrafında fikir mübadiləsi aparılıb, mövcud problemlərim həlli yolları araşdırılıb və Forum iştirakçılarının sualları cavablandırılıb.

Paneldə bəstəkarların əsərlərinin alınması, onlara musiqi sifarişlərinin verilməsi, gənc bəstəkarların əsərlərinin çapı, musiqi dərsliklərinin hazırkı vəziyyəti, musiqi məktəblərində mövcud problemlər, televiziya kanallarında musiqimizin düzgün təbliği məsələləri əsas müzakirə mövzusu olub.

Günün ikinci yarısında Forum işini “Ənənəvi musiqi janrları” adlı panel sessiyası ilə davam etdirib.

“Media FM” radiosunun direktoru, musiqişünas Rüstəm Əliyevin moderatorluğu ilə keçirilən paneldə çıxışçılar Azərbaycan Milli Konservatoriyasının rektoru, professor, bəstəkar, Xalq artisti Siyavuş Kərimi, Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun baş elmi işçisi, professor, musiqişünas Nailə Rəhimbəyli, Azərbaycan Milli Konservatoriyasının professoru, musiqişünas, Əməkdar incəsənət xadimi Fəttah Xalıqzadə, UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə eksperti, musiqişünas, Əməkdar İncəsənət xadimi Sənubər Bağırova, Azərbaycan Milli Konservatoriyasının dosenti, ozan Fəxrəddin Baxşəliyev, Əməkdar artist, xanəndə Nuriyyə Hüseynova, bəstəkar Pikə Axundova olublar.

Panel sessiyada “Muğam sənəti: dəstgah ənənəsi və sərbəst kompozisiya”, “Aşıq musiqisinin ənənələrinin canlandırılması yollar”, “Ənənəvi musiqi nümunələrinin toplanılması və sistemləşdirilməsi problemləri”, “Ənənəvi musiqi ifaçılığında problemlər və onların dəyərləndirilməsi” və “Azərbaycan milli musiqi ənənələrinin müasir janrlarında mövcudluğu və problemlər” mövzuları ətrafında məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Foruma oktyabrın 31-də yekun vurulacaq.

——–

11:45

Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində ilk dəfə Musiqi Forumu keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, Musiqi Forumu Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə baş tutur.

Forum oktyabrın 31-də başa çatacaq.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button