Ziyarətgahda və pirdə edilən dua ilə evdə edilən dua arasında bir fərq varmı?
Allah hər yerdə, hər zaman və hər dildə edilən duaları eşidir və lazım bildiyi an müstəcab edir. Evdə, çöldə və ya ziyarətgahda edilən duanın bu baxımdan fərqi yoxdur. İnsan öz evində dua edəndə də ziyarətgahda dəfn edilmiş müqəddəs şəxsi Allahla öz arasında vasitəçi qərar verib, onun xatirinə Allahdan oz diləyini istəyə bilər. Buna təvəssül deyirlər. Lakin müqəddəs yerləri ziyarət edən insan əlavə olaraq savab qazanır. Çünki Allah dostlarının qəbrini ziyarət etmək, məzarlarının başında onlara rəhmət diləmək savabdır. İnsan ziyarət zamanı bu savaba da nail olur, əlavə olaraq bu savab xatirinə duasının müstəcab olmaq şansı da yaranır. Ona görə müqəddəs və mübarək məkanlarda, Allah dostlarının məzarının yanında dua etmək daha üstün sayılır. Bura valideyni də əlavə edirlər; hədislərdə deyilir ki, övladın öz valideyninin məzarı yanında etdiyi dua tez müstəcab olar. Bu kimi hədislər insanları qəbir ziyarətinə həvəsləndirmək məqsədilə buyurulmuşdur ki, həm müqəddəs məkanlar boş qalmasın, həm də insanlar ziyarət sayəsində savab qazansınlar.
Milli.Az