Gələn il bu rayonlara büdcədən pul ayrılmayacaq
2024-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, gələn il dövlət büdcəsindən cəmi 7 rayona vəsait ayrılacaq. Bu il büdcədən dəstək olan Lerik rayonu gələn il öz gəlirləri hesabına dolanmalıdır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat bildirib ki, bu o deməkdir ki, növbəti il 59 rayon və şəhər gələn il yerli gəlir və xərcləri tənizmləmək üçün mərkəzləşdirilmiş xərclərdən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək.
“Qeyd edək ki, dövlət büdcəsindən 2022-ci ildə 14 rayon vəsait ayrılmışdı. Göründüyü kimi, son illər hər il əvvəlki ilə nisbətən dövlət büdcəsindən pul alan rayonların sayı azalır.
Layihəyə əsasən, gələn ilin dövlət büdcəsindən Cəbrayıl 1 milyon 214 min manat, Xocavənd 1 milyon 229 min manat, Xocalı 1 milyon 73 min manat, Kəlbəcər 1 milyon 945 min manat, Laçın 1 milyon 401 min manat, Yardımlı 1 milyon 863 min manat və Zəngilan 623 min manat gələn il dövlət büdcəsindən vəsait ala biləcəklər. Bu rayonlarımız büdcədən 9 milyon 348 min manat alacaqlar. Bu il bu rəqəm 12 milyon 306 min manat idi. Bütün rayonlar üzrə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi gələn il azaldılacaq”, – deyə o bildirib.
V. Bayramov həmçinin qeyd edib ki, gələn il büdcədən vəsait alacaq 7 rayonun altısı Qarabağ və Şərqi Zəngəzurda yerləşir.
“İşğaldan azad olunan ərazilərimizdən kənarda sadəcə Yardımlı rayonu dövlət büdcəsindən dəstək ala biləcək. Özünü maliyyələşdirəcək rayonların sayının artması dövlət büdcəsindən asılılığın aradan qaldırlması baxımdan vacibdir.
Bununla yanaşı, hazırda əsas hədəflərdən biri də iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və region ilə paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Bu baxımdan, həmin rayonlara daha çox sərmayə cəlbinin təşviq edilməsi çox vacibdir”, – deyə V.Bayramov əlavə edib.
Milli.Az