Ölkə

Yay aylarında kirayə bazarında dəyişiklik olacaqmı?

Paytaxtın kirayə mənzil bazarında qiymətlər “əl yandırır”. Şəhərin mərkəzində birotaqlı mənzillərin qiyməti 600-800 manatdan başlayır. Elə ərazilər də var ki, orada ümumiyyətlə, kirayə götürmək üçün boş ev tapmaq qeyri-mümkündür. Amma tələbələrin yay tətilinin başlaması ucuz qiymətə kirayə mənzil axtaranları sevindirə bilər. Ekspertlərin fikrincə, tələbələrin tətilə yollanması bazarda qiymətlərlə bağlı dəyişikliyə səbəb olacaq.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bəs, görəsən, tələbələrin gedişi bazarda ciddi ucuzlaşmaya gətirib çıxaracaqmı? Hazırda paytaxtın daha çox hansı ərazilərində kirayə mənzillərə tələbat var? Mənzillər və bağ evləri aylıq neçəyə təklif olunur?

Milli.Az “Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edir:

“Kirayə mənzil bazarının təklif portfeli azalıb”

“Azərbaycan Rieltorlar Assosiasiyası”nın direktoru, daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyib ki, əslində son illərdə kirayə mənzil bazarının təklif portfeli xeyli azalıb. Bunun başlıca səbəbi Bakı şəhərində pilot layihələr üzrə söküntü işlərinin aparılmasıdır: “Ötən illərə qədər tələbələrin yay tətilinin başlaması kirayə mənzil bazarına daha ciddi təsir göstərirdi. Bazarda boş evlərin sayı artır, qiymətlər əvvəlki aylara nisbətdə xeyli ucuzlaşırdı. Amma Bakı şəhərində pilot layihələr üzrə söküntülərə başlandıqdan sonra vəziyyət tamamilə dəyişib. MTK-lar köhnə çoxmənzilli binalarda yaşayan sakinlərə yeni tikili binalardan mənzillər təhvil verilən günə qədər, yəni ortalama iki il müddətində kirayə pulu verirlər. Evləri plana düşən sakinlər kirayə üçün uzunmüddətli mənzillər götürürlər. Bu da bazarın təklif portfelinə istər-istəməz təsir göstərir. Bu baxımdan tələbələrin gedişi bazarda maksimum 15-20 faiz ucuzlaşmaya gətirib çıxara bilər”.

Tələbələr daha ehtiyatlı davranırlar

Ekspertin sözlərinə görə, bazarda təklif portfelinin azalması tələbələri də bir qədər ehtiyatlı davranmağa vadar edib: “Müşahidələr göstərir ki, hansı tələbələr növbəti tədris ilində Bakıda qalacaqsa, onlar adətən kirayə yaşadıqları ev sahibi ilə razılığa gəlirlər. Məsələn, qiymətin yarısını ödəməklə yay aylarında da evi saxlayırlar. Nəticədə həmin evlər boş qalmır. Əvvəllər belə hallar olmurdu, tələbələrin çoxu evləri boşaldıb tətilə yollandığından qiymətlər düşürdü. Avqust-sentyabr ayına doğru isə tələb artırdı və qiymətlər yüksəlirdi. İndi isə evlər boş qalmadığı üçün kirayə mənzil bazarında ciddi qiymət azalması müşahidə olunmur”.

Bakıətrafı ərazilərdə bağ evlərinə tələbat artacaq

E.Azadov bu yay Bakıətrafı ərazilərdə yerləşən bağ evlərinə tələbatın yüksək olacağını da bildirib. Onun sözlərinə görə, Qəbələ və İsmayıllı istiqamətində yol təmiri bu zonalara getmək istəyənlərin sayını azaldacaq. Nəticədə Bakıətrafı ərazilərdə aktivlik müşahidə ediləcək: “Bu gün bazarda hər qiymətə bağ evləri mövcuddur. Qiymətlər tələbata uyğun tənzimlənir. Əslində pandemiya dövründə qapanmaya görə bağ evləri daha çox kirayə götürüldüyündən bir çox iş insanı bu sahəyə investisiya yatırmağa başladı. Bunun nəticəsində kirayə verilən bağ evlərinin sayı 25-30 faiz artdı. Eyni zamanda, bahalı evlərin sayı da çoxaldı. Amma bazarda təklif portfelinin artmasına baxmayaraq, qiymətlər ucuzlaşmadı. Çünki tələbat yüksəkdir. Təklif olunan bağın dənizə yaxınlığı, infrastrukturun yaxşılığı, hovuzun olması isə artıq üstünlük deməkdir. Hazırda bazardakı evlərin əksəriyyətinin aylıq kirayəsi 3 000-9 000 arasında dəyişir. Hətta elə evlər var ki, aylıq15 000-20 000 manata təklif olunur. Müştərilər Mərdəkan, Şüvəlan, Bilgəh və Nardaran kimi ərazilərə daha çox üstünlük verirlər”.

Ötən ay bazarda qiymət artımı qeydə alınıb

“MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, ötən ay kirayə bazarına təklif edilən mənzillərin sayı 944 ədəd olub: “Bu, aprel ayı ilə müqayisədə 0,11 faiz artım deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə 7,64 faiz artım müşahidə olunub. Qiymətlərə gəlincə, ümumi mənzil hesabı ilə orta qiymət 853 manatdan artaraq 859 manat olub. Başqa sözlə, ay ərzində 0,7 faiz artım qeydə alınıb. İl ərzində isə 0,82 faiz artım baş verib. O cümlədən birotaqlı mənzillərdə ay ərzində 3,32 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 4,94 faiz azalma qeydə alınıb. İkiotaqlı mənzillərdə 4,53 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 10,14 faiz artım müşahidə olunub. Üçotaqlılarda ay ərzində 6,64 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 4,44 faiz artım baş verib. Dörd və daha çox otaqlılarda ay ərzində 6,3 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 2,02 faiz artım qeydə alınıb”.

Ekspertin fikrincə, tələbələrin gedişi kirayə mənzil bazarında qiymətlərə ciddi təsir göstərməyəcək. Onların əksəriyyəti mənzilləri boşaltmadığından bazarda maksimum 1-2 faiz ucuzlaşma qeydə alına bilər. N.İbrahimov iyunun sonundan başlayaraq kirayə mənzil bazarında qiymət artımının müşahidə olunacağını da qeyd edib.

“Yasamal, Nəsimi bazarı istiqaməti aktiv zona sayılır”

Rieltor Mülkədar Rüstəmov isə vurğulayıb ki, son iki ildə kirayə mənzil bazarında qiymətlər təxminən 20 faizə yaxın artıb. Onun sözlərinə görə, hətta elə ərazilər var ki, kirayə mənzil tapmaq müşkülə çevrilib. Ekspert qeyd edib ki, son vaxtlar yeni tikilən çoxmənzilli binalarda təklif edilən kirayə evlərə tələbat artıb: “Köhnə binalarda şərait yaxşı olmadığından kirayə mənzil götürmək istəyənlər daha çox yeni binalardakı təkliflərlə maraqlanırlar. 2000-ci ildən sonra tikilən, mərtəbə sayı az olan binalarda mənzil axtaranlar daha çoxdur. Hazırda Yasamal zonası, xüsusilə metronun “Elmlər Akademiyası” stansiyasının ətrafı, Nəsimi bazarı istiqaməti aktiv zona sayılır. Tələbat daha çox 2-3 otaqlı mənzillərədir. Qiymətlərə gəlincə, yerləşdiyi ərazidən asılı olaraq, hazırda birotaqlı mənzillərin aylıq kirayəsi 350-400, ikiotaqlı 500-650, üç otaqlılar isə 700 manatdan başlayır”.

M.Rüstəmov son illər çoxmənzilli binalarla yanaşı, bağ evlərində də kirayə qiymətində artımın müşahidə edildiyini bildirib: “Bağ evləri təxminən 10 faiz bahalaşıb. Bakıətrafı ərazilərdən daha çox Novxanı, Mərdəkan, Buzovna bağlarına tələbat var. Mərdəkan və Buzovna ilə müqayisədə Novxanıda qiymətlər nisbətən ucuzdur. Hazırda qiymətlər günlük 50-100 manat arası dəyişir. Amma elə ərazilər də var ki, günlük kirayə qiymətlər 150-200 manatdan başlayır”.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button