Baş Prokurorluqdan vətəndaşlara ÇAĞIRIŞ: “09:00-dan 20:00-dək…”
Yay fəsli ilə əlaqədar olaraq insanlar asudə vaxtlarını çimərlik və su hövzələri kənarında keçirir. Təəssüflər olsun ki, bəzən suda boğulma hallarına rast gəlinir.
Bununla bağlı Milli.Az-a Baş Prokurorluqdan maarifləndirici məlumat verilib. Qurum çimərliklərdən istifadə zamanı tövsiyə olunan maddələri sadalayıb.
Qeyd olunub ki, vətəndaşlar suya girməzdən əvvəl şərtləri yoxlamalıdır:
“Yəni hər hansı xəbərdarlıq bayraqları varmı? Su şəraiti, çimərlik şəraiti və potensial təhlükələr haqqında xilasedicidən soruşmaq lazımdır. Yanlız üzmə bacarığınızdan əmin olduğunuz halda öz hündürlüyünüzdən dərin suya daxil olun, öz hündürlüyünüzdən dərin suda tək üzməməyə çalışın. Başqa bir şəxsin suda boğulma təhlükəsində olduğunu gördükdə özünüz müdaxilə etməzdən əvvəl yaxınlıqdakı xilasedicilərə müraciət edin”.
Qurum çimərliklərdə diqqət edilməli olan qaydaları da qeyd edib:
“Uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməli, çimərlikdə nəzarətsiz qoyulmamalı, yalnız onlar üçün ayrılmış yerlərdə çimməlidir. Həmçinin xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməli, xəbərdaredici nişanların və lövhələrin tələblərinə əməl olunmalıdır. Günün qızmar saatlarında günəş altında fasiləsiz dayanmaq səhhət üçün təhlükəlidir. Eyni zamanda hava qaraldıqdan sonra suya daxil olmaq risklidir. Çimərliklərdə istirahət saat 09:00-dan 20:00-dək daha təhlükəsizdir”.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun