600 nəfərdən nümunə götürülən qətllərlə bağlı – Ömürlük cəza!
Xaçmaz rayonu Yalama kəndində iki nəfəri öldürərək evi yandırmaqda ittiham olunan 28 yaşlı Ramin Ağaxanovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdə hökm oxunub.
Hökmə əsasən, Ramin Ağaxanov qanunun icazə verdiyi ən ağır cəza olaraq ömürlük azadlıqdan məhrum edilib. O, cəzasını həbsxanada çəkəcək.
Qeyd edək ki, hadisə ötən ilin aprelində baş verib. Kənd sakinləri-1963-cü il təvəllüdlü Aslan Tarverdiyev və 1965-ci il təvəllüdlü Rumayə Tarverdiyevanın yaşadıqları evdə baş vermiş yanğından sonra meyitlərinin hadisə yerində aşkar olunması faktı üzrə Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Cinayət işi üzrə hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb, məhkəmə-genetik, məhkəmə tikinti-texniki, məhkəmə fiziki-kimyəvi və digər ekspertizalar təyin edilib. Bundan əlavə tədqiqat üçün 600 nəfərə yaxın şəxsdən zəruri nümunələr götürülüb.
İstintaqla Ramin Ağaxanovun zərərçəkmiş şəxslərə olan xeyli miqdarda pul borcunu ödəməkdən yayınmaq üçün onların yaşadığı evə gələrək qəsdən öldürməkdə, cinayət əməlini gizlətmək və cinayətin izlərini məhv etmək məqsədilə evi qəsdən yandırmaqda və hadisə yerini tərk etməkdə ittiham edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun