Qonşu ölkədə 2 manat, Azərbaycanda 25 manat…- FOTO
Ölkədə benzin və dizelin bahalaşmasından sonra bir sıra sahələrdə qiymət artımı baş verdi. Növbəti bahalaşma isə internet provayderlərində olacaq. Belə ki, avqustun 25-dən internetin qiyməti minimum 25 manata təşkil edəcək. Yanacağın bahalaşması bəlli sahələrdə artım yaradır. Bəs internetin qiymətinin artırılması nələrə təsir edəcək?
Milli.Az bildirir ki, mövzunu Globalinfo.az-a şərh edən sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifovun sözlərinə görə, yanacağın qiymətində baş verən dəyişikliklərin müəyyən qiymət artımlarına səbəb olacağı əvvəlcədən məlum idi.
Sabiq nazir deyib ki, qiymətlərə daha çox dizel yanacağının bahalaşması təsir edəcək:
“Çünki ölkə daxilində və xaricdən ölkəmizə daşımaların böyük əksəriyyəti dizel yanacağından istifadə edən avtomobillərlə həyata keçirilir. Eyni zamanda kənd təsərrüfatında əkin-biçin və digər işlərdə istifadə olunan texnikanın demək olar ki, hamısı dizel yanacağı ilə işləyir. İnternetin bahalaşmasının qiymət artımlarına birbaşa təsiri elə də ciddi olmayacaq. Lakin Azərbaycanda internet əzəldən qonşu ölkələrlə müqayisə edilməyəcək dərəcədə baha olub və bu fərq getdikcə artır ki, azalmır. Dediklərimizi əsaslandırmaq üçün Rusiyanın “Bilayn” şirkəti ilə Azərbaycanın mobil şirkətinin vətəndaşlara təklif etdikləri mobil internet və telefon danışıqlarının qiymətlərini, habelə “Bilayn” şirkəti ilə “Baktelekom” şirkətinin insanlara təklif etdikləri ev internetinin qiymətlərini müqayisə edək. Əgər Rusiyanın “Bilayn” şirkəti insanlara mobil telefon xidmətləri üzrə bir aylıq 50 QB internet, 1200 dəqiqə danışıq limiti nəzərdə tutan, sürəti saniyədə 100 m/b olan “UP Пчела Базя” tarifini Azərbaycan manatı ilə 4 manat 93 qəpiyə təklif edirsə, Azərbaycanda maksimum 30 QB internet və 700 dəqiqə danışıq limitini müəyyənləşdirən tarif insanlara 39 manata və ya bir QB üçün “Bilayn” şirkətinin təklif etdiyi qiymətdən 13,2 dəfə baha təklif edilir”.
Fikrət Yusifov internet qiyməti ilə bağlı daha bir misal çəkib:
“Rusiyadakı həmin “Bilayn” şirkəti vətəndaşlara saniyədə sürəti 500 m/b olan ev internetinin bir aylıq ödəniş haqqını Azərbaycan manatı ilə 2 manat 89 qəpik müəyyən edirsə, Azərbaycanda “Baktelekom” bir aylıq ev interneti üçün 18 manat xidmət haqqı alır və indi də həmin qiyməti 40 faizə qədər bahalaşdırıb. Aylıq ödəniş haqqını 25 manat müəyyənləşdirir ki, bu da Rusiyada “Bilayn” şirkətinin insanlara təklif etdiyi ev internetinin bir günlük qiymətindən 8,7 dəfə bahadır. Rusiya da Azərbaycan kimi interneti kənardan alır. Bəs onda bu qədər fərq nə deməkdir?!”
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun