Məişət zorakılığından zərər çəkənlərin NƏZƏRİNƏ
Məişət zorakılığından zərər çəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi Qaydası təsdiqlənib.
Milli.Az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Məişət zorakılığından zərər çəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi Qaydasına uyğun olaraq hüquqi yardım insanın şərəf və ləyaqətinə hörmət, ayrı-seçkiliyə yol verilməməsi, operativlik, keyfiyyətlilik, effektivlik, qərəzsizlik, konfidensiallıq, dövlət orqanlarının, qeyri-dövlət qurumlarının və hüquqi yardım göstərən qurumların qarşılıqlı əməkdaşlığı və hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipləri əsasında həyata keçirilir.
Qayda üzrə hüquqi yardımın növləri aşağıdakılardır:
– sənədlərin əldə edilməsinə kömək göstərilməsi,
– zərər çəkmiş şəxsə hüquqlarının və qanuni maraqlarının müdafiəsi üçün şifahi və ya yazılı hüquqi məsləhətlərin verilməsi,
– zərər çəkmiş şəxslərin cinayət prosesini həyata keçirən orqanlarda və ya məhkəmələrdə təmsil edilməsi,
– ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi.
Sosial hüquqi xidmətlər göstərilərkən dövlət büdcəsinin vəsaiti hesabına vəkil tərəfindən yardımının həyata keçirilməsinə ehtiyacın olması müəyyən edildikdə, zərər çəkmiş şəxslərə aidiyyəti üzrə cinayət prosesini həyata keçirən orqana və ya məhkəməyə müraciət edilməsi üçün köməklik göstərilir.
Hüquqi yardım göstərilməsi üçün müraciət sosial hüquqi xidmət göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumuna, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin müvafiq “DOST” mərkəzinə və ya Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına, cinayət işləri üzrə icraat zamanı cinayət prosesini həyata keçirən orqana, mülki, inzibati mübahisələrə dair və ya inzibati xətalara dair işlər üzrə vəkilə və ya məhkəməyə edilir.
Qaydalar “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 aprel tarixli 33 nömrəli Fərmanının icrası məqsədilə təsdiq edilmişdir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun