Hər hansı bir bəyanat imzalamaqla yox, icra etməklə nəticə əldə etməliyik
Tikinti sektorunda CO2(karbon-dioksid) qazının 21 faizi formalaşır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycanın Dayanıqlı Yaşıl Tikinti rəhbərlərinin dəyirmi masa müzakirəsində çıxışı zamanı deyib.
“Tikinti fəaliyyəti havanın çirklənməsinə gətirib çıxarır. Bu da öz növbəsində insan sağlamlığı üçün neqativ nəticələr yaradır. Biz bunu necə azalda bilərik? Hansı yeniliklər qəbul edə bilərik? Bunlar barədə düşünməliyik. Hər hansı bir bəyanat imzalamaqla yox, icra etməklə nəticə əldə etməliyik. Nəzarət sistemindən çıxmalıyıq. Hər bir şirkət özü məsuliyyət daşımalı, addım atmalıdır”, – deyə nazir əlavə edib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. “COP” (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan “Tərəflərin Konfransı” mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun