İran prezidenti qaldı yol ayrıcında
Politoloq: “İranın xilas yolu Azərbaycan və Türkiyəyə sığınmaqdadır”.
HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi bir sıra versiyalara yol açıb. Hadisənin səbəbi, nəticəsinin necə olacağı isə hələlik qeyri-müəyyən olaraq qalır.
Milli.Az xəbər verir ki, müsahibimiz yazıçı-publisist, “Olaylar” qəzeti və eyniadlı informasiya agentliyinin rəhbəri, siyasi şərhçi Yunus Oğuzdur.
-Yunus bəy, HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi hansı anlama gəlir?
-HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi sıradan bir hadisə deyil. Təsəvvür edin ki, HƏMAS Lideri Tehranın mərkəzində, şəxsi villasında öldürülüb. Həmin gün Livanda Hizbullahın komandiri Fuad Şükür də öldürülüb, Bağdadda isə İrana yaxın hərbi hissə bombalanıb. Hələlik məlum olan bu üç hadisənin eyni vaxtda baş verməsi təsadüfi ola bilməz. Həm də bu hadisələr İran prezidenti Məsud Pezeşkianın andicmə mərasimi günü baş verib. Xatırladım ki, Məsud Pezeşkian seçki öncəsi bəyan etmişdi ki, İranla Qərb arasındakı soyuq münasibəti yumşaldacaq, qonşu dövlətlərlə əlaqələri genişləndirəcək. Əslində qətl hadisələrinin kökündə bu amillər durur, başqa sözlə, məsələ Məsudun başındadır. Məlumdur ki, islamçılar, radikallar Məsud Pezeşkianı Qərbə yaxınlaşmağa qoymayacaqlar. Əgər İrana yaxın üç qüvvə birdən öldürülübsə, yaxud özləri öldürüblərsə, bu fərq etməz, deməli prezidentdən tələb edəcəklər ki, bunun qisasını almaq lazımdır. Proseslər də onu göstərir ki, hadisələr qisasın alınmasına doğru gedir. Adı terror qoyulan hadisənin araşdırılması üçün prezident də komissiya yaratdı. İndi yeni prezidentin başında qara buludlar gəzəcək. Bu baxımdan vəziyyət olduqca ağırdır. Güman ki, yeni prezidentin platformasında etniklər üçün nəzərdə tutulan 15-ci bəndi də ləğv edəcəklər.
– Prezident Məsud Pezeşkianın seçki öncəsi vədlərinə baxmayaraq, proseslər tamamilə fərqli istiqamətdə cərəyan edir. Yenə də region dövlətlərdən yalnız Ermənistanla əməkdaşlıq edir.
-Əslində yeni prezident Ermənistanın baş Naziri Paşinyanı qəbul edəndə belə hadisələr olmalı idi. İran guya bununla Azərbaycana mesaj verir, ardınca Seyid Əli Xamenei açıq şəkildə Paşinyana bildirir ki, “Zəngəzur dəhlizi ideyası Ermənistanın maraqlarına cavab vermir”. Əslində, bu ideya İranın da maraqlarına cavab vermir. Məlumdur ki, İranda kifayət qədər narkobaronlar, narkotik istehsalçıları var ki, onların təşkilatçılığını himayə edən elə Xameneinin yaxınlarıdır. Belə halda, təbii ki, İran Zəngəzur dəhlizinin açılmasını istəməyəcək. Çünki Azərbaycan narkotikə qarşı mübarizə aparır, Ermənistanın işğalından azad olunmuş ərazilərdə kifayət qədər narkotik plantasiyalar məhv edilib. İran isə narkotiki Ermənistan vasitəsilə Avropaya keçirir. Bu narkobaronların sırasında erməni də, azərbaycanlı da, fars da var. Onların hamısı Xameneiyə təsir edirlər. Bu marşurut təkcə narkotik deyil, həm də silah, insan alveri, orqan alveri üçün istifadə edilir. Ona görə də İran Zəngəzur dəhlizinin açlmasında maraqlı deyil, çünki bu məsələdə öz maddi gözləntiləri var. İran düşünür ki, Zəngəzur dəhlizi açılmasa onun ərazisindən keçən marşurut beynəlxalq yol olacaq. Ancaq, bu İranın xeyrinə olsa da Ermənistanın vəziyyəti daha da ağırlaşacaq, həmin yoldan Ermənistana keçmək çox çətin olacaq. Bax, məlum açıqlamadan dərhal sonra İrana yaxın üç qüvvə məhv edilib.
-İranın Azərbaycan və Türkiyə ilə yaxınlaşması mümkündürmü?
-Biz əvvəldən xəbərdarlıq etmişdik ki, bölgə dövləti olaraq İran Azərbaycan və Türkiyəyə yaxınlaşmalıdır. İranın xilası, nicat yolu bundadır. Lakin yenidən gedib Ermənistana yaxınlaşdı. Əgər İran bunu başa düşmürsə vəziyyəti çox çətin olacaq. SEPAH prezidentdən tələb edəcək ki, qisas alınsın, artıq ilkin açqlamalarda qeyd olunur ki, hadisəni törədənlərə cavab veriləcək, qisas yerdə qalmayacaq. Ancaq bu cavabın nə dərəcədə effektli olacağı sual altındadır. Vaxtilə İsrailə göndərilən dronlar elektrik xəttinə ilişib qaldı. İranın cavab zərbəsi bundan ibarətdir. Baş verənlər deməyə əsas verir ki, bu üç hadisə İranın xarici siyasəti üçün ciddi məsələdir.
-Baş verən hadisələrlə bağlı hansı versiyalar özünü doğrulda bilər?
– Baş verən hadisə ilə bağlı bir sıra versiyalar irəli sürmək olar. Tutaq ki, deyilə bilər ki, bu hadisələri İsrail törədib. Bəs, İranın təhlükəsizlik qüvvələri niyə hadisənin qarşısını ala bilməyib? İlkin yayılan görüntülərdə əks olunur ki, İsmayıl Haniyə HƏMAS-ın qərargahından çıxıb villasına gedir və orada öldürülür. Əgər onun villası bombalansaydı, dərhal görüntülər yayımlanardı ki, bundan sui-istifadə edə bilsinlər. Sonradan yayılan görüntülərdə isə heç bir fakt məlum deyil. Bilinmir ki, hadisə harada, hansə ölkədə, hansı şəraitdə baş verib. Bunu ona görə edirlər ki, Yaxın Şərqdə vəziyyət yenidən qarışsın.
Versiyalardan biri odur ki, hadisəni İrandakı radikal qüvvələr törədib. Məqsəd ondan ibarətdir ki, yeni prezidenti sıxsınlar və istədiklərini həyata keçirə bilsinlər. İndi Məsud ya həmin qüvvələrin sözünə qulaq asmalıdır, ya da özünü aradan götürəcəklər. Belə halda İran mütləq Azərbaycan və Türkiyəyə sığınmalıdır. Başqa bir versiya odur ki, radikal islamçılar hadisəni törədiblər ki, İranın Qərbə, Azərbaycan və Türkiyəyə yaxınlaşmasının qarşısını alsınlar. Yuxarıda qeyd etdik ki, ola bilsin hadisəni İsrail törətsin. Yaxşı bəs, İranın xüsusi təhlükəsizlik qüvvələri harada idi? Öldürülən şəxs prezidentin xüsusi dəvətilə ölkəyə gələn qonaqdır. Əgər onu qoruya bilmirsənsə, deməli İranda özbaşınalıqdır. İsrail isə hələ ki, rəsmi olaraq hadisəni boynuna götürməyib. Sadəcə, miras naziri deyib ki, “elə terroristin getməyi yaxşıdır”. İsrail Hizbullahın komandirini vurdu və boynuna götürdü ki, mən eləmişəm. Amerika dedi ki, İraqda vurulan hərbi düşərgəni biz eləmişik. Amma bunu heç kim boynuna götürmür. Rəisinin ölümünü də heç kim boynuna götürmədi, axırda məlum oldu ki, onun aradan götürülməsini özləri qabaqcadan planlaşdırıblar. Faktlar deməyə əsas verir ki, İran idarəolunmaz vəziyyətə gətirilib. Sənin beş yüz mindən çox ordun, daxili təhlükəsizlik qüvvələrin olduğu halda prezidentin qonağına qarşı terror törədilirsə, onların hamısını buraxmaq lazımdır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun