“W-trio” yenidən fəaliyyətə başlayır? – Elnarə AÇIQLADI
Milli.Az bildirir ki, tanınmış müğənni Elnarə Xəlilova Moderator.az-ın suallarını cavablandırıb.
-Elnarə xanım, bu yay da belə getdi.. Hit mahnı adıyla sırıdılar yenə də tamaşaçılara bəzi mahnıları.. Şəxsən mənə görə hit illərdir unudulmayan mahnılardır, mövsümlük mahnılar deyil..
-Elədir ki, var. Elə nə varsa köhnə mahnılarda var. “Kukla” layihəsi buna əyani misaldır. Yutubda izləməsi orqanik olaraq artıq 1 milyon 2 yüz mini keçib.
-Elnarə Xəlilova niyə şou-biznesdə aktiv deyil?
-Elnarə Xəlilova incəsənətdədir. Tamaşaçılar məni ən çox dövlət tədbirlərində, orkestr müşayiəti ilə olan canlı konsertlərdə görə bilərlər.
-Şou-biznesdə olmamağınız bunu deməyə əsas verir ki, sırf sənət üçün çalışırsınız. Amma ara-sıra adınız şou qalmaqallarında da çəkilir. İstəməsəniz belə… Bunları qəsdən edirlər sizcə?
-Adım hər yanda çəkilə bilər. Mühüm olan özümü doğrultmağımdır. Son 6 ildə özüm və tamaşaçım qarşısında verdiyim sözü tutmağımdır. Ayda bir layihə edən adamın qalmaqal etməyə faktiki olaraq nə istəyi, nə vaxtı, nə də enerjisi olmamalıdır. Əgər hansısa qalmaqalda adım hallanırsa da belə, bilin ki, onun səbəbi mən deyiləm.
-Niyə bəzi həmkarlarınız fotosessiyanı, saç düzümünü, qalmaqalları, bir sözlə sənətdən başqa hər şeyi düşünüb, ən sonda sənəti düşünürlər? Bəziləri heç ən sonda da sənəti düşünmür..
-Kimin ki, göstərməyə sənəti var-təbii ki, o ilk növbədə sənətini göstərməyi seçir. Kimin ki, göstərməyə özündən başqa heç nəyi yoxdur-o sadaladıqlarınızı önə çəkməyə məcbur və məhkumdur.
-Əgər seçim olsaydı nə vaxtsa ev qadını olmağı seçərdiniz yoxsa səhnə xanımı?
-Seçim olsaydı əlbəttə prioritetim olan evimi, ailəmi, övladlarımı seçərdim. Nə olursa-olsun, mənim üçün onlardan dəyərli heç nə ola bilməz və mənə qalan onlar olacaq.
-Ümumiyyətlə ev işləri ilə aranız necədir?
-Elnarə xanım sənətdə necədirsə ev işlərində də elədir. Əgər Elnarə bir işin qulpundan yapışırsa mütləq onu sona çatdırır. Mükəmməlliyə aşiqdir.
-Özünüzü hansı sənətkarın davamçısı hesab edirsiniz?
-Elnarə Xəlilova özünü müəllimi-dahi prodüsser və bəstəkar Vaqif Gərayzadə davamçısı hesab edir.
-Yaxşılıq edib, əlindən tutub sənətə gətirdiyiniz və sonradan sizi bu yaxşılıqları etməyə peşman edən insanlar olub? Vəfasızlıq görmüsüz?
-Dəfələrlə olub və yenə olsa yenə edəcəyəm, bilirsiz niyə? Çünki pis öz pisliyindən qalmırsa yaxşı da öz yaxşılığından qalmamalıdır. İlan niyə sancır? Çünki sancmaq onun təbiətidir. Mənim də təbiətim sevdiyim işin öhdəsindən məharətlə gəlməkdir. Odur ki, bu yolda bundan sonra da nə lazım olsa edəcəm.
-“W-trio” yenidən yarana bilər? Hansısa bir layihə üçün? Yaxud elə Vaqif müəllimin yaradıcılıq gecəsi üçün? Bir araya gələ bilərsiz? Yoxsa artıq o münasibət yoxdur?
-İş işdir, dostluq da dostluq. Biz peşəkarıq. İş üçün ehtiyac olarsa biz bunu edərik deyə düşünürəm.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun