Siyasət

Şarl Mişel İlham Əliyev və Nikol Paşinyanla görüşdən sonra mətbuata açıqlama verib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlama verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Şarl Mişel açıqlamasında deyib:

– Prezident Əliyev və baş nazir Paşinyanla altıncı görüşü indicə yekunlaşdırdıq. Bizim müzakirələrimiz yenə də səmimi, dürüst və məzmunlu oldu. Görüşümüz mayın əvvəlindən Ermənistan və Azərbaycan liderləri, baş nazirlərin müavinləri və xarici işlər nazirləri arasında Brüsseldə, Kişineuda, Vaşinqtonda, Moskvada, həmçinin sərhəddə intensiv və məhsuldar keçirilən yüksəksəviyyəli görüşlər silsiləsinin davamı oldu.

Biz Ermənistan ilə Azərbaycan arasında danışıqların ən əhatəli və mürəkkəb mərhələlərindən birini keçirik. Mən liderləri sülh prosesinə güclü sadiqliklərinə görə təqdir etdim. Mən onları normallaşma yolunda qəti və dönməz irəliləyişi təmin etmək üçün daha cəsarətli addımlar atmağa çağırdım. Baxmayaraq ki, görüşümüz gərginliyin artması fonunda baş tutdu, mən siyasi müzakirələrdə və səylərdə mühüm irəliləyiş olduğunu qeyd etdim.

Biz gündəlikdə olan bütün məsələləri müzakirə etdik.

Ermənistan və Azərbaycan liderləri Ermənistanın 29,8 min kvadratkilometr, Azərbaycanın isə 86,6 min kvadratkilometr olmaqla ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdıqlarını bir daha qəti şəkildə təsdiqlədilər.

Hər iki lider delimitasiya üçün siyasi çərçivə kimi 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə birmənalı sadiqliklərini bir daha təsdiq etdilər.

Mən hər iki sərhəd komissiyasının 12 iyul tarixli iclasını alqışladım. Bu komissiyaların nizamnaməsi və sərhədlərin müəyyənləşdirilməsinin əsasları ilə bağlı müzakirələrdə irəliləyiş əldə edilib.

Ən mühümü isə odur ki, liderlər komissiyaların işini intensivləşdirmək və sürətləndirmək barədə razılığa gəliblər.

Tərəflər son iki ay ərzində regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpasına yönəlmiş müzakirələrdə də aşkar irəliləyişə nail olublar. Biz suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə cavab verən gələcək nəqliyyat razılaşmalarının şərtlərini müzakirə etdik.

Dəmir yolu xəttinin tikintisinə dərhal başlanılmalıdır. Avropa İttifaqı maliyyə töhfəsi verməyə hazır olacaq. Bəzi detallar hələ də aydınlaşdırma tələb edir, lakin bu mövzuda indi mövqelər yaxınlaşır və variantlar fəal şəkildə araşdırılır.

Mən, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən tibbi təxliyənin bərpasını da alqışladım.

İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi və minatəmizləmə üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyi də müzakirə olundu. Mən bir daha tərəfləri mümkün qədər çox məlumat mübadiləsi aparmağa çağırdım.

Biz razılaşdıq ki, komandalarımız bu gün müzakirə olunan məsələlərin daha sonra konkret inkişafını təmin etmək üçün sıx təmasda olacaqlar. Real inkişaf isə yaxın gələcəkdə atılmalı olan növbəti addımlardan asılıdır.

Əsas prioritet isə odur ki, sülh və normallaşma danışıqlarına lazımi şəraiti təmin etmək üçün zorakılıq və sərt ritorika dayandırılmalıdır.

Mən, həmçinin Ermənistan və Azərbaycan liderlərinə yaydan sonra Brüsseldə növbəti görüşə dəvət etmək niyyətimi bir daha bildirdim. Bundan əlavə, “Avropa siyasi birliyi”nin növbəti Zirvə toplantısı çərçivəsində Qranadada Fransa və Almaniya liderlərinin də iştirakı ilə beştərəfli görüş təklifimi də diqqətə çatdırdım.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button