“Gürcü Arzusu”nun rəqiblərinin qələbə üçün yalnız bir şansları var, bu da “rəngli inqilab”dır
Oktyabrın 26-da keçiriləcək parlament seçkilərində “Gürcü Arzusu”nun rəqiblərinin qələbə üçün yalnız bir şansı var və bu da “rəngli inqilab”ın təşkilidir.
Bu barədə Trend-ə Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib.
“Gürcüstanda parlament seçkiləri taleyüklü olacaq. Çünki Cənubi Qafqazın bu ölkəsinin gələcəyi faktiki olaraq bu seçkilərdə həll olunacaq. İlk növbədə qeyd etmək lazımdır ki, bir sıra Qərb dövlətləri tərəfindən fəal şəkildə maliyyələşdirilən və dəstəklənən müxalifətin parlamentə daxil olmaq, xüsusən də konstitusiya çoxluğunu formalaşdırmaq üçün heç bir şansı yoxdur. Hələ də hakim partiya olan “Gürcü Arzusu”nun təkcə parlamentə daxil olmaq üçün deyil, onu nəzarətə götürmək üçün də ən yüksək şansları var. Bu baxımdan, “Gürcü arzusu”nun rəqiblərinin istifadə edə biləcəyi yalnız bir şans var: Tbilisidə və Gürcüstanın bir sıra digər şəhərlərində “rəngli inqilab” adlanan hadisələri təşkil etmək, yəni küçə iğtişaşları, hökumət binalarının zəbt edilməsi və qanuni hakimiyyətin devrilməsi cəhdidir”, – İqor Korotçenko bildirib.
O əlavə edib ki, hazırda belə bir ssenari ilk növbədə ABŞ və onun digər müttəfiqləri tərəfindən hazırlanır ki, “Gürcü arzusu”nun seçkilərdə qələbə qazanmasına imkan verməsinlər. Əgər o seçkiləri udarsa, bu artıq aydındır, hakimiyyətin legitim ötürülməsinin qarşısını almaq üçün bütün mümkün cəhdlər ediləcəkdir.
“Son aylarda xaricdən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının fəaliyyətini məhdudlaşdıran qanunların qəbul edilməsi Gürcüstanda geniş mübahisələrə səbəb olub. Lakin əsas odur ki, bu qanunlar qərb ianələri hesabına fəaliyyət göstərən Gürcüstan müxalifətini kimlərin və hansı şərtlərlə maliyyələşdirdiyini müəyyən etməyin tamamilə legitim bir yoludur. Bu baxımdan, Gürcüstanda baş verənləri narahatlıqla izləyirik, çünki şübhəsiz ki, Gürcüstanda baş verəcək hər hansı bir qeyri-sabitlik Cənubi Qafqazda bütövlükdə geniş miqyaslı qeyri-sabitliyə səbəb olacaq. Gürcüstan və Ermənistan bölgədə əsas qeyri-sabitlik mənbələrinə çevrilə bilər. Bu səbəbdən bütün Cənubi Qafqaz ölkələri üçün 26 oktyabrda keçiriləcək parlament seçkilərinin şəffaf, legitim olması və ən əsası, Qərbyönlü qüvvələrin hakimiyyəti devirmək üçün küçə iğtişaşlarından istifadə etməməsi çox vacibdir”, – İqor Korotçenko qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun