Bakıda toyda lağ edilən rəqslə bağlı tarixi faktlar
Bir neçə gün öncə Bakıda şadlıq evlərindən birində canlandırılan rəqs sosial şəbəkələrdə istehza ilə qarşılanmış və bu, hətta medianın da diqqətini çəkmişdi.
Milli.Az kult.az-a istinadla xəbər verir ki, Ağdamda doğulan tarixçi alim, dosent Zaur Əliyev sözügedən rəqslə bağlı inanılmaz faktı təqdim edib.
O bildirib ki, bu rəqs əslində Qarabağ folklorunun unudulmaz “Maral oyunu”dur:
“Bu günlərdə Bakıda keçirilən toyların birində Qarabağa, xüsusilə Kəlbəcər folkloruna aid bir qədim adət canlandırılıb və sosial mediada və mətbuatda bunu, təəssüf ki, lağ obyektinə çeviriblər. Bu rəqsi lağa qoyanlar arasında savadlı şəxslər – aktyor və müğənnilər də var. Anlayıram, ölkədə media və TV kanallar normal folklor və qədim adət-ənənələrlə bağlı verilişlər hazırlamırlar. Bir çox adətlər yavaş-yavaş unudulur, yaşlı insanlara qulaq asmayan cavanların sayı getdikcə artır. Bəlkə də gənclərin bunu bilməməsinin günahı elm, təhsil, media və mədəniyyət xadimlərinin üzərindədir. Lakin aktyor və müğənnilərin bunu bilməməsi, ən azı, düzgün deyil.
Bu rəqs “Maral oyunu” adlanır. Qarabağ bölgəsində toylarda, xüsusilə Novruz bayramında oynanılan rəqs növüdür. Ən çox də Kəlbəcər bölgəsində toylarda bu oyun daha çox populyar olub”.
Alimin sözlərinə görə, bəzi folklorşünaslar yanlış olaraq bu oyunun “nakam sevgi” hekayəsindən bəhs etdiyini düşünürlər:
“Guya qız çobanı sevirmiş, qızın da uşaqlıq illərindən bəslədiyi maral daima ikisi görüşəndə yanlarında olurmuş. Qız başqasına ərə verilib deyə, özünü asır və maral da onun dəfnində belə rəqs edir. Şad günlərin – toy-düyünün, Novruz bayramının oyunu-rəqsi olan bu folklor nümunəsi niyə “nakam sevgi” ilə bağlı olsun ki?!
Əsl hekayə isə belədir: Rus işğalına qədər olan dövrdə Qarabağda sənətkarların peşəkarlığı, xüsusi istedad və qabiliyyəti toylarda və məclislərdə musiqiçilərin və müğənnilərin ifa etdikləri zaman quşların, heyvanların “reaksiyası” ilə ölçülərdi. Məsələn, Keçəçi oğlu Məhəmməd haqqında danışırlar ki, o, Cıdır düzündə oxuyanda, bir dəstə bülbül daima onun oturduğu yerdə olan ağacın budağına qonurmuş. Yaxud Sadıqcan tarda ifa edəndə, qumru quşları özlərini tara çırpırlarmış.
Qarabağda toy zamanı dəvət edilən sənətkarlar öz ifaları ilə maral, ceyran, cüyür kimi heyvanların şadlıq olan yerə yaxınlaşmasına səbəb olurdularsa, onlara üçqat artıq nəmər verilirdi.
Məsələn, danışırlar ki, Kəlbəcərdə olan bir toyda zurnaçılar dəstəsi qara zurnada elə ifa edirlər ki, maral ayaq saxlayıb bu həzin musiqini dinləməkdən doymur. Boylana-boylana qalan maralın hərəkətləri onun sanki oynadığını göstərir. Maral yerə yataraq başını o yan-bu yana əyməklə, elə bil ki, nazlanır və musiqini “axtarır”. Məhz o dövrdən də toylara, bayramlara bu adət düşür…
Bu oyunu nümayiş etdirmək üçün maral dərisi geyinmiş rəqqasdan xüsusi məharət tələb olunur. O, dizləri üstə iməkləməli, əlləri ilə maralın “baş-boyun hissəsi”ni oynatmalıdır. Bu, o qədər də asan deyil, rəqqas öz nəfəs almasına düzgün nəzarət etməlidir. Yoxsa uzun müddət bu geyimdə qalmaq nəfəs darlığı yarada bilər…
Kəlbəcər toylarında bu rəqs gəlin gələrkən ifa edilirdi. Bu oyunları seyr etdikdən sonra gəlinin ayağı altında qurban kəsilər və o, evə daxil olardı.
Qarabağda bu rəqs “Maral oyunu”, eyni zamanda “Keyik oyunu” və ya “Dəvə oyunu” kimi də tanınmışdır.
Bu qədim rəqsi Bakıda toyda görəndə çox sevindim. Demək, hələ də folklorumuzu unutmayan insanlar yaşayır…”
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun