Ölkə

İqlim dəyişikliyi bəzi regionlar üçün fəlakətə çevrilib

Antropogen təsirlər, sənayeləşmə və iqtisadiyyatın sürətli inkişafı qlobal temperatur artımı və fəlakətlərə səbəb olmaqla bir çox dövlətlər üçün ciddi təhdidə çevrilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev Dini Liderlərin Qlobal Bakı Sammitində çıxışı zamanı deyib.

O qeyd edib ki, bu təhdidlərin iqlim dəyişikliyinə həssas regionlarda yaşayan icmalar üçün necə fəlakətə çevrildiyinə şahid oluruq.

“Onlar üçün iqlim dəyişikliyi artıq nəzəri təhdid deyil, hər gün yaşanan reallıqdır. Konqo hövzəsində yağıntıların tezliyinin dəyişməsi və temperaturun artması meşələrə və nadir ekosistemlərə ciddi ziyan vurur. Pakistanda ölkənin üçdə birini sular altında qoyan daşqınlar, kiçik ada inkişaf etməkdə olan dövlətlərində icmaların məhv olmaq təhlükəsi və dünyanın müxtəlif yerlərində baş verən təbii fəlakətlər bu gerçəkliyin real sübutudur.

Bu ölkələrin yaşadığı təcrübələr bizdən təxirəsalınmaz və inklüziv yanaşmalar qəbul etməyi və onların qarşılaşdığı problemləri səylərimizin mərkəzinə yerləşdirməyi tələb edir.

Bu vəziyyətlə üzləşən icmalara dəstək olmaq üçün iqlim maliyyəsi dəfələrlə artırılmalıdır. COP29 Sədrliyi, itkilərin və zərərin aradan qaldırılmasına yönələn fəaliyyətləri dəstəkləyərək bu sahədə vacib addımlar atır.

COP29 Fəaliyyət Gündəliyi, resursların inkişaf etməkdə olan ölkələr üçün daha əlçatan olmasını təmin etməyə yönəlmişdir. Azərbaycanın COP29 Sədrliyi tərəfindən 14 əsas təşəbbüs irəli sürülmüşdür. Bizim məqsədimiz yalnız milli deyil, qlobal səviyyədə yeni yanaşmalar və innovativ həll yolları təklif etməkdir. Azərbaycan bu təşəbbüslərlə qlobal səviyyədə yaşıl iqtisadiyyata keçidini dəstəkləməkdə öz liderliyini davam etdirəcək.

Azərbaycanın təşəbbüsü ilə yaradılmış İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu, dövlət və özəl sektorun iqlimə uyğunlaşma, onun mənfi təsirlərin azaldılması və tədqiqat sahələrində investisiyalarını təşviq edəcəkdir. Bu Fond, inkişaf etməkdə olan ölkələrdə baş verən təbii fəlakətlərin nəticələrini tez bir zamanda aradan qaldırmaq üçün maliyyələşdirmə imkanları yaradır”, – deyə nazir əlavə edib.

Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP 29) çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.

Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları – Patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button