Siyasət

ABŞ Türkiyəni əsas vasitəçi və qarant görür

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

“Bu barədə geniş və təfərrüatlı şəkildə danışmaq istəmirəm – özəl diplomatik mövzudur. Sadəcə, onu deyə bilərəm ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında Türkiyə məhsuldar rol oynaya bilər”.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Mettyu Miller brifinqdə belə deyib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistandan söz düşəndə “Rusiya barədə danışmaq istəmir”.

“Mübahisədə bilavsitə tərəf olan və bir-birilə bağlı olan iki dövlət barədə danışmaq istəyirəm. Həmin dövlətlər Azərbaycanla Ermənistandır. Bu dövlətlərlə birbaşa təmaslardayıq. Xüsusi təmsilçimiz Luis Bono regiona səfər edərək birbaşa danışıqlar aparıb. Hesab edirik ki, bu məsələdə tərəfə olmayan başqa dövlətlərin istənilən şərhlərinə rəğmən yekun sülh sazişi əlçatandır. Biz də sazişə nail olmaq üçün bəhs etdiyim dövlətlərlə işləməyə davam edirik”, – M. Miller söyləyib.

Dövlət Departamentinin yetkilisinin Rusiya Federasiyasının ünvanına belə sərt açıqlama ilə çıxış etməsi təsadüfi deyil.

44 günlük İkinci Qarabağ Müharibəsinin başa çatmasını şərtləndirən və təsdiqləyən, noyabrın 10-da Azərbaycan, Rusiya Federasiyası və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat hərbi əməliyyatları dayandırmışdı. Ermənistan və Rusiyanın dövlət yetkililərinin, siyasətçilərinin və siyasi analitiklərinin iddialarına rəğmən, bu sənəd nə sülh sazişidir, nə də atəşkəs müqaviləsi.

Üçtərəfli bəyanat Azərbaycan, Rusiya və Ermənistanın bölgədə dayanıqlı sülhlə stabilliyin əldə olunması, yekun sülh sazişinin imzalanması istiqamətində tərəflərin hər birinin üzərinə bəlli öhdəliklər qoyur, onların atmalı olduğu addımlarla qəbul edəcək qərarları şərtləndirirdi.

Azərbaycan bəyanatın şərtlərinə tam əməl edib və indi də əməl etməkdədir. Lakin Rusiya Federasiyası bəyanatın bəzi şərtlərini “unudub”, Ermənistan isə ümumiyyətlə, sənədə əməl etmir.

Belə şəraitdə yekun sülh sazişinin əldə edilməsi üçün Qərb aktivləşdi. Əvvəlcə Avropa İttifaqının Siyasi Şurasının rəhbəri Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında danışıqlar oldu. Daha sonra ABŞ prosesə qatıldı və Azərbaycanla Ermənistanın XİN başçıları Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Vaşiqtonda görüşdülər.

Beləcə, nizamlanmanın Moskva formatı ilə yanaşı, Vaşinqton və Brüssel trekləri formalaşdı.

Təbii ki, Vaşinqton, Moskva və Brüssel istiqamətlərindəki danışıqların təşəbbüskarlarının hər biri nizamlanma prosesində əsas vasitəçi və moderator olmaq niyyətindədir.

Məqsədlər də bəllidir.

ABŞ-ın strateji hədəfi Cənubi Qafqaz bölgəsini Rusiyanın təsir dairəsindən bütünlüklə çıxarmaq, Moskvanı regional geosiyasətə aktiv təzyiq rıçaqlarından bilmərrə məhrum etmək, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının qapadılmasına və Rusiya Sülhməramlı Kontingentinin (RSK) üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi, 2025-ci ildə Azərbaycanın Qarabağ bölgəsini birdəfəlik tərk etməsinə nail olmaqdır.

Məhz bu səbəbdən M.Miller Vaşinqtondakı brifinqdə Rusiyanı vasitəçi və ya moderator qismində qəbul etmədiklərini, Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesində Moskvanı hər hansı formada tərəf saymadıqlarını bəyan etdi.

Rusiya Federasiyasının istəyi Qərbin aktivliyinə mane olmaq, Ermənistanın Qərbə meyllənməsini dayandırmaq, Cənubi Qafqaz bölgəsində möhkəmlənmək, RSK-nın 2025-ci ildən sonra da indiki fəaliyyət arealında qalmasına nail olmaq, Azərbaycanla Ermənistana real təsir rıçaqlarına yiyələnməkdir.

Avropa İttifaqı bölgədəki proseslərin gedişatı baxımından ABŞ-a aşkar rəqib olmasa da, Vaşinqtonun aktivliyini Brüsselin planlarına uyğun olmayan ünsür hesab edir. Şarl Mişelin vasitəçiliyi ilə yekun sülh sazişinin imzalanmasına nail olmağa çalışan Brüssel bölgədə ABŞ və Rusiya ilə müqayisədə daha effektiv, daha genişmiqyaslı mövcudluğa nail olmaq arzusundadır.

Proseslərin aktivləşmə məqamını Rusiya nəzərdən qaçırdı: Moskva özünə həddən ziyadə güvəndiyindən, üstəlik də bütün diqqəti Ukraynada apardığı hərbi əməliyyatlarda və bununla bağlı olaraq Qərbin tətbiq etdiyi rekord sayda sanksiyalardan yayınmağın yollarını aramağa yönəltdiyindən mayda Vaşinqtonda səslənən bəyanata yetərincə diqqət vermədi.

Halbuki ABŞ Dövlət Departamentinin Cənubi Qafqazda danışıqlar üzrə baş müşaviri Luis Bono demişdi: “ABŞ-ın əsas məqsədlərindən biri Bakı ilə İrəvanın birgəyaşam prinsipləri ilə münasibətlərinə, iqtisadi əlaqələrinin möhkəmlənməsinə nail olmaq, bölgədə kolllektiv təhlükəsizliyi təmin etməkdir”.

Bononun bəyanatının zahiri təəssüratı ənənəvi diplomatik kazuistika təsiri bağışlasa da, mahiyyəti Vaşinqtonun strateji planından xəbər verirdi. Həmin plan isə Cənubi Qafqazda Azərbaycan, Türkiyə və Ermənistanın hərbi-siyasi birliyinin yaradılmasını ehtiva edir.

İlk baxışdan utopiya, paradoks, hətta mümkünsüz xəyal təsiri bağışlayan bu plan Vaşinqtonun istəyidir.

Bononun bəyanatına sonradan Rusiya və Ermənistanın reaksiyası az qala eyni oldu: “Bu, ola bilməz, çünki sadəcə, heç zaman olması mümkün deyil!”

Bəhs etdiyimiz bəyanatldan üç ay sonra isə Mettyu Miller Türkiyənin proseslərdə məhsuldar və effektiv rol oynaya biləcəyini bəyan edir. Üstəlik, bildirir ki, rəsmi Bakı və İrəvan arasındakı müzakirələrdən söz düşəndə Rusiya barədə danışmaq istəmir.

Millerin qismində ABŞ Dövlət Departamentnin Rusiyanı əslində Azərbaycanla Ermənistan arasındakı münaqişənin nizamlanmasından və yekun sülh sazişinin imzalanması prosesindən kənarlaşdırmaq niyyətini, Moskvanı bu proseslərdə vasitəçi qismində görmək istəməməsini hələlik bir kənara qoyaq. Çünki bu, ilk baxışdan həddən ziyadə önəmli məsələlər olsa da, əsas məsələnin kölgəsindədir.

Əsas məsələ isə odur ki, Vaşinqtonun niyyəti Bakı ilə İrəvan arasındakı danışıqlar prosesində Moskvanın yerində Ankaranı görməkdir.

Gerçəkdən də belədir. Çünki M.Millerin radikal açıqlaması əslində L.Bononun aylar əvvəl söylədiyi “tərəflər bölgədə təhlükəsizliyin birgə təminatı istiqamətində çalışa bilərlər” kimi konseptual bəyanatın məntiqi davamıdır.

Beləliklə, yeni geosiyasi mənzərənin ilkin konturları artıq formalaşmaqdadır:

Bakı ilə İrəvan arasındakı danışıqlarda ABŞ əsas vasitəçi və moderator qismində Avropa İttifaqı və ya Rusiya Federasiyasını yox, Türkiyəni görür.

ABŞ hesab edir ki, məhz Türkiyə Bakı ilə İrəvan arasında yekun sülh sazişinin əldə olunmasını, daha sonra isə həmin sənədin müddəalarının həyata keçirilməsini de-yure və de-fakto təmin edərək yeni regional təhlükəsizlik mexanizmini təklif edə bilər. Yəni sənədə atılan imzalara Türkiyə bölgədə hərbi güclə təminat verə bilər.

3. Azərbaycanla Ermənistan arasındakı münasibətlərin indiki mərhələsini nəzərə alsaq, əsas vasitəçi sadəcə, yekun sülh sazişinin imzalanmasını, şərti dövlət sərhədinin demarkasiya və delimitasiyasını, hazırda Ermənistanın işğalında olan 8 Azərbaycan kəndinin azad edilməsini, Zəngəzur dəhlizi layihəsinin reallaşmasını, qarabalı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını və s. təmin etməklə yanaşı, sülh sazişi imzalanandan sonra bütün nəqliyyat, energetik və s. kommunikasiyaların açılmasını, bərpasını və ən əsası, fasiləsiz fəaliyyətini təmin etməlidir. Yəni əsas vasitəçi və moderator 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndində (“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”) göstərilmiş şərtlərin tam, qeyd-şərtsiz reallaşmasına nail olmalıdır..

Zəngəzur dəhlizi layihəsi reallaşmalı və bu zaman Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək yola Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin hərbçiləri yox, Türkiyə Silahlı Qüvvələrinin mənsubları nəzarət etməlidir. Təbii ki, nə Rusiya, nə də Rusiyadan hələ də asılı olan və Moskvanı “daimi hərbi-siyasi tərəfdaş və strateji müttəfiq” adlandıran Ermənistan bu variasiyaya razılıq verməyəcəklər. Lakin rəsmi Vaşinqton perspektivdə Cənubi Qafqaxzda məhz Türkiyənin patronajı ilə hərbi-siyasi ittifaqın yaradılmasına can atdığından, mövcud və hipotetik maneələri də hesablayıb.

… Rusiya Federasiyası bölgədə yeni geosiyasi və geostrateji konstruksiyalarla mexanizmlərin formalaşmağa başladığı məqamı nəzərdən qaçırdı. Bu, Moskvanın çox ciddi səhvi idi.

Halbuki mayın əvvəlində Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında danışıqlar başlayanda müzakirələrə Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan da iştirak edirdi.

Rubinyanın prosesə qatılması Moskva üçün xəbərdarlıq siqnalı olmalıydı – Rusiya laqeyd müşahidəçi mövqeyi tutdu.

Daha sonra Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi iki mətbuat konfransının ikisində də (!) “bölgədə təhlükəsizlik və stabilliyin təminatı axtarışları”, “qarşıdurmaları yox, regional tərəfdaşlıq siyasətini seçirik”, “regional geosiyasətin yeni düzənində Ermənistanın yerini və rolunu dəqiqləşdirməyə çalışırıq” deyəndə Moskva duyuq düşməliydi.

Düşmədi.

Bu səbəbdən Rusiya bölgədə mövqelərinin və yerinin zəifləməsi, əsas aktor missiyasını ABŞ-ın ələ alması ilə barışmaq məcburiyyətindədir.

Birləşmiş Ştatlar isə 44 günlük İkinci Qarabağ Müharibəsinin sonuclarının yaratdığı yeni regional reallıqları nəzərə alaraq tam yeni və fərqli geosiyasi konstruksiya hazırlamaqdadır.

ABŞ-ın Bakıdakı səfirliyinin yüksək rütbəli mənsublarının hələ də Şuşaya yollanmamalarına rəğmən…

Elçin Alıoğlu

TREND


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button