“Ağadadaş Ağayevin yerinə olsam, bir də səhnəyə çıxmaram”
Bir neçə gün əvvəl “MedEra” klinikasında yaranan insidentlə bağlı Xalq artisti Ağadadaş Ağayevin filteri gündəm olub.
Müğənni barədə yumoristik videolar “TikTok” sosial şəbəkəsində trendə çevirilib.
Lakin sənətçinin bu şəkildə gülüş obyektinə çevrilməsi pərəstişkarlarını hiddətləndirib.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan yazıçı-kulturoloq Aydın Xan Əbilov sənətçini bu cür gülüş obyektinə çevirənləri tənqid atəşinə tutub:
“Xalq artisti, çağdaş Azərbaycan incəsənətində özünəməxsus avazı, nəfəsi ilə tanınan Ağadadaş Ağayevlə bağlı son hadisə hər birimizi kədərləndirir və bu hadisəyə aparıb çıxaran şərtləri sona qədər bilmədiyimizə görə, bəziləri onu tənqid etdi, bəziləri hiddətlə qarşıladı, bəziləri isə Ağadadaş müəllimin müdafiəsinə qalxdı.
Şəxsən mənim fikrimcə, bu, pislənməli olay idi. 4 dəfə adam döymə üstündə həbs yatmış şəxsi xəstəxanada mühafizəçi götürənlərin də böyük yanlışı var. Onlar da cəzalandırılmalıdır.
Xərçəngdən əziyyət çəkən, sinirləri gərgin, yaşlı bir şəxsə qarşı özünü apara bilməyən birinin xəstəxanada işə götürülməsi Hippokrat andına qarşı atılmış pis addımdır.
Olan oldu, keçən keçdi. Mən təəssüf edirəm ki, Azərbaycan cəmiyyəti tanınmış şəxsə qarşı bu qədər aqressiv, lağlağı dolu paylaşımları ilə, məsələyə ironiya ilə yanaşması ilə bizi bir daha məyus etdi”.
Kulturoloq A.Ağayevin Azərbaycan incəsənətinə böyük töhfələr verdiyini xatırladıb:
“Ağadadaş Ağayev illərini, ömrünü bu xalqın incəsənətinə, musiqisinin inkişafına verib. Onun Azəbaycan toylarında vaxtilə Azərbaycan dilində oxuması, xalq mahnılarımızı yaşatması böyük hadisə idi. Çünki həmin dövrlərdə musiqiçilər başqa millətlərdən, xüsusilə ermənilərdən ibarət olurdu.
Biz Ağadadaş müəllimin bu hərəkətinə görə də məyus oluruq. Amma nəzərə almaq lazımdır ki, sənətçi də insandır, daşdan deyil. İnsanın bədəni ağrıyır, evinin yaxınlığındakı xəstəxandan bir tibb bacısının ağrıkəsici vurmaq üçün göndərilməsini istəyir və sərt danışıqla üzləşir, bu halda onun əsəbləşməyini də başa düşmək olar.
Sosial şəbəkələrdə, özünü ağıllı sayan aparıcılar, ictimai xadimlər bütün bunları gözardı edərək savadsız qara kütlə kimi reaksiya verməyə başladılar. İroniyalar, yumorlar, Ağadadaş müəllimin üzünün filterini yaradıb trendə düşmək əlbəttə ki, yaxşı hal deyil. Bizim ahıl, xəstəliyi olan sənətçiyə qarşı elliklə qara PR-mız onun ölümünı səbəb ola bilər.
Mən Ağadadaş müəllimin yerində olsaydım, birdəfəlik Azərbaycan səhnəsinə nöqtə qoyardım, incəsənətə qayıtmazdım, hər şeyə diş ağardan qara kütləni sənətimə həsrət saxlayardım.
Hadisənin təfərrüatlarını bilmirik, amma verilən reaksiya başqa cür ola bilərdi. Məsələn, balta ilə gələn adamı gördükdə qapıları bağlayıb polisə zəng vurmaq olardı. Yoxsa həmin baltanın sapı ilə xəstə adamı o cür təpik altına salmağın adı nə idi?! Bu məsələni lağ-lağıya çevirməyin adı nədir?
Məncə biz intellektuallar, sənət adamları artıq qara kütləyə dirəniş göstərməli, onları öz yerində oturtmağı bacarmalıyıq. Bu gün Ağadadaş müəllimin başına gələn hadisə sabah hamımızın başına gələ bilər”.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun