Allahı gözlə görmək mümkündürmü?
Allah-Taalanın istər bu dünyada, istərsə də axirətdə görünüb-görünməməsi məsələsinə İslam məzhəblərinin münasibəti fərqlidir. Ümumiləşdirilmiş şəkildə bunu deyə bilərik ki, əhli-sünnə məzhəbinə görə, Allahın bu dünyada görünməsi mümkün, qiyamətdə görünəcəyi isə vacibdir. Şiə məzhəbi baximından Allah nə bu dünyada, nə də axirətdə görünməz.
Hər iki tərəf öz fikrini əsaslandırmaq üçün müxtəlif sübutlardan, əqli (fəlsəfə, kəlam və məntiqə əsaslanan) və nəqli (Qurana və sünnəyə əsaslanan) dəlillərdən istifadə edir.
Əhli-sünnə alimlərinin fikrincə, insanların bu dünyada Allahı görə bilmələri nəzəri cəhətdən mümkündür. Hərçənd ki, belə bir hadisənin baş verdiyini iddia etmək olmaz. Amma axirətdə möminlər öz Rəbblərini mütləq görəcəklər.
Allahın gözlə görüldüyünü iddia edənlər bəzi Quran ayələrini öz əqidələrinə uyğun olaraq təfsir edirlər. Məsələn, Quranda buyurulur ki, Musa Peyğəmbərin (ə) zamanında Bəni-İsrail qövmü ondan tələb etdi ki, öz Allahını onlara göstərsin; əgər onlar da Allahı gözlə görsələr, iman gətirərlər. Həzrət Musa (ə) da əlacsız qalıb, həmin adamları özü ilə götürdü və Allahdan vəhy aldığı Sina dağına gəldi.
Hadisənin ardı Quranda belə təsvir edilir: “Musa təyin etdiyimiz vaxtda (Sina dağına) gəldikdə Rəbbi onunla danışdı. (Musa:) “Ey Rəbbim! Özünü mənə göstər, sənə baxım!” -dedi. Allah: “Sən məni əsla görə bilməzsən. Lakin bu dağa bax. Əgər o, yerində dura bilsə, sən də məni görə bilərsən”, – buyurdu. Rəbbi dağa təcəlli etdikdə (Allahın nuru dağa saçıldıqda) onu parça-parça etdi. Musa da bayılıb düşdü. Ayılandan sonra isə: “Sən paksan, müqəddəssən! Sənə tövbə etdim. Mən (İsrail oğullarından səni görməyin mümkün olmadiğına) iman gətirənlərin birincisiyəm!” – dedi” (Əraf, 143).
Bu ayə Allahı bu dünyada görə bilməyin mümkünlüyünü iddia edənlər tərəfindən sübut kimi irəli sürülür. Onlar iddia edirlər ki, əgər Həzrət Musa (ə) kimi əzəmətli bir peyğəmbər Allahın ona görünməsini istəyirsə, deməli, bu, mümkün olan işdir. Əgər Allahı görmək arzusunda olmaq günah iş sayılsaydı, peyğəmbər bu arzuya düşməzdi. Çünki bu hərəkət peyğəmbərlərin günahsızlıq sifəti ilə ziddiyyət təşkil edir.
Şiə alimləri bu iddiaya qarşı belə bir cavab irəli sürmüşlər: Quran ayələrindən məlumdur ki, bəzi peyğəmbərlər öz qövmlərinin batil inanclarını ifşa etmək üçün ilk baxışda şirk və günah kimi görünən sözlər söyləyiblər. Əslində isə, bu, qarşı tərəfin inancının puç olduğunu göstərmək üçün bir üsul idi. Peyğəmbərlər əvvəlcə özlərini elə göstərirdilər ki, guya əks tərəfin iddiası ilə razılaşırlar. Amma sonra həlledici bir zərbə ilə həmin iddianı darmadağın edib, haqqı üzə çıxarırdılar. Məsələn, göy cismlərinə pərəstiş edən bir qövmün içində yaşamış İbrahim Xəlilullah Peyğəmbər (ə) insanları Allaha doğru hidayət etmək üçün əvvəlcə özünün də Günəşə, Aya və ulduzlara pərəstiş etdiyini bildirmişdi: “Gecə qaranlığı (İbrahimi) bürüdükdə o, bir ulduz görüb: “Bu, mənim Rəbbimdir!” – dedi. (Ulduz) batdıqda isə: “Mən batanları sevmırəm”, – söylədi. Doğan Ayı görüb: “Bu, mənim Rəbbimdir” – dedi. (Ay) batdıqda isə: “Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım”, – söylədi. Doğan Günəşi görüb: “Bu, mənim Rəbbimdir, bu, daha böyükdür!” – dedi. (Günəş) batdıqda isə dedi: “Ey camaatım, həqiqətən, mən sizin Allaha şərik qoşduqlarınızdan uzağam! Həqiqətən, mən batildən haqqa tapınaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!” (Ənam, 76-79).
Həzrət Musa Peyğəmbərlə (ə) bağlı əhvalatda dağın parçalanmasının səbəbi isə Allahın özünü dağa göstərməsi deyil. Çünki əvvəla, dağın gözü yoxdur ki, Allahı görsün. İkincisi, əgər Allah özünü dağa göstərmiş olsaydı, dağın ətəyində durmuş Musa Peyğəmbər (ə) və qövmü də Onu görərdiər. Deməli, dağın parçalanmasının səbəbi Allahın öz nurunu ona yönəltməsidir. Həzrət Musa (ə) da dağın yarılmasından dəhşətə gəlib huşunu itirmişdi.
Allahın Musa Peyğəmbərə (ə) xitabən: “Bu dağa bax. Əgər o, yerində dura bilsə, sən də məni görə bilərsən” – buyurması əslində bu işin qeyri-mümkünlüyünə əvvəlcədən verilmiş işarə kimi qəbul edilməlidir. Xalq dilində “qulağının ardını görəndə (və ya dəvənin quyruğu yerə dəyəndə), filan hadisəni də görərsən” ifadəsi hansı mənanı bildirirsə, Allahın bu kəlamı da oxşar mənanı bəyan edir.
Allahı görmə probleminin ikinci hissəsi axirət aləmi ilə bağlıdır. Belə ki, əhli-sünnə mənbələrində Allahın qiyamət günündə möminlərə görünəcəyi qəti şəkildə bildirilir. Bu fikrin əsas dəlili isə Qurani-Kərimin aşağıdakı ayəsidir: “O gün neçə-neçə üzlər sevinib güləcək, öz Rəbbinə baxacaq” (Qiyamət, 22-23).
Lakin şiə məzhəbində bu iddiaya aşağıdakı cavablar verilir: Əvvəla, ayədəki “nazirə” kəlməsi ərəb dilində yalnız “baxmaq” deyil, həm də “gözləmək, intizarında olmaq, nəsə ummaq” mənalarını ifadə edir. Bu mənada möminlərin qiyamət günündə Allahdan mükafat gözləmələri, cənnət nemətlərinin intızarında olmaları tamamilə təbii haldır.
İkincisi, hətta “nəzər” kəlməsini “baxmaq” kimi qəbul etsək belə, bu, heç də hər baxanın görməsi mənasını bildirmir. Bəzən insan nəyə isə baxır, amma onu görə bilmir. Məsələn, buludlu havada Ayın görünməli olduğu istiqamətə nə qədər baxsaq da, onu görmürük. Deməli, qiyamətdə möminlərin Allaha sarı, daha doğrusu, Onun qüdrət və əzəmətinin zahir olduğu məqama sarı baxmaları, heç də Allahı görmələri anlamına gəlmir.
Bəziləri Allahı axirətdə görməyin mümkünlüyünü “Yaxşı işlər görənləri cənnət və daha artıq mükafat gözləyir” (Yunus, 26) ayəsindəki “daha artıq” kəlməsi ilə əlaqələndırir, bəzi hədislərə istinad edərək, həmin kəlmənin Allahı görmək neməti olduğunu söyləyirlər. Aydındır ki, bu cür təfsir Quran ayəsinin zahiri mənasına dayaqlanmadığı üçün öz-özlüyündə tutarlı sübut sayıla bilməz.
Qiyamətdə möminlərin Allahı görəcəyini iddia edənlər Həzrət Mühəmməd Peyğəmbərin (s) bəzi hədıslərini də sübut gətirirlər. Məsələn, Səhih əl-Buxari (529-cu, 547-ci və 4570-ci hədislər), Səhihü Müslim (211 (633)-cü hədis), Sünənü Əbu Davud (4729-cu hədis) və Sünən əl-Tirmızidə (2551-ci və 2554-cü hədislər) Peyğəmbərin on dörd gecəlik Aya baxaraq belə buyurduğu rəvayət edilir: “Siz bu Ayı gördüyünüz kimi, Rəbbınizi də əyani şəkildə görəcəksiniz və Onu görməkdə çətinlik çəkməyəcəksiniz”.
Adı çəkilən bütün mənbələrdə bu hədis Cərir ibn Abdullah Bəcəli adlı səhabənin dilindən rəvayət edilib. Amma o, şiə məzhəbli hədisşünaslar tərəfindən qeyri-mötəbər ravi kimi xarakterizə edilib. Cərir Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından az əvvəl İslama gəlmiş, sonralar Kufə şəhərində məskunlaşmışdı. Həzrət Əli ibn Əbu Talib (ə) onu elçi kimi Müaviyənin yanına yollayır. Cərir isə öz öhdəsinə düşən vəzifəyə səhlənkarlıqla yanaşır və Müaviyənin hiylələrinə aldanır. Bu hərəkət İmama elə pis təsir edir ki, hətta Cəririn Kufədəki evini sökdürür (Seyid Əbülqasim Xoyi. Möcəmü rical əl-hədis, IV, 362, 2096-cı sıra sayı). Deyirlər ki, İmam Mühəmməd Baqir (ə) Kufədə yerləşən bir neçə məscidi “lənətlənmiş” adlandırırdı ki, bunlardan biri də Cəririn tikdirdiyi məscid idi (Şeyx Küleyni. Üsul əl-Kafi, III, 489-490).
Şiə məzhəbinə əsasən, Allah-təala nə bu dünyada, nə də axirətdə görünməz. Çünki O, cism deyil. Yalnız maddi olan, fiziki ölçüyə və rəngə malik cismlər görünə bilər. İnsanın gözü ruh, cazibə qüvvəsi, sevgi, nifrət kimi anlayışları görə bilmir. Bunların hamısı mücərrəd və qeyri-maddi məfhumlardır. Ona görə Allahın da gözə görünməməsini təbii qəbul etməliyik.
Qurani-kərimdə bu barədə belə buyurulur: “Gözlər onu dərk etməz (görməz). O, gözləri dərk edər. O, lətifdir (cism xüsusiyyətlərindən uzaqdır), (hər şeydən) xəbərdardır” (Ənam, 103).
Şiə məzhəbinin ən mötəbər hədis mənbələrindən sayılan “Üsul əl-Kafi” kitabında Allahı gözlə görməyin batil olduğuna dair ayrıca bab ayrılmış və burada 12 hədis verilmişdir.
Milli.Az