Azərbaycanın Aİ-yə hidrogen ixracından gəliri bu qədər olacaq

Azərbaycanın Aİ-yə hidrogen ixracından gəliri bu qədər olacaq

Azərbaycan Avropaya effektiv və səmərəli şəkildə hidrogen nəql edə bilər.

Bu barədə Trend-ə “Boston Consulting Group” (BCG) şirkətinin idarəedici direktoru və partnyoru Vladimir Roqov deyib.

“Azərbaycanda hidrogen sektorunun inkişafı üçün zəruri olan bütün elementlərin unikal şəkildə birləşdiyini görürük. Təbii sərvətlər var, infrastruktur var, istehlakçı da var. Bütün bunlar kompakt bir regiondadır. Azərbaycanın bərpa olunan enerji resursları potensialı həddindən artıq yüksəkdir ki, bu da mühüm rəqabət üstünlüyünü, daha dəqiq desək, yaşıl hidrogen istehsalının aşağı maya dəyərini təmin etməyə imkan verir. Belə ki, “Global Solar Atlas”a əsasən, Azərbaycanda günəş generasiyası potensialı İtaliyanın cənubu ilə müqayisə oluna bilər və Almaniyadan təqribən 1,5 dəfə çoxdur, Abşeron yarımadasında külək enerjisi potensialı isə Şimal dənizinin şelf rayonları ilə müqayisə oluna bilər”, – o deyib.

Vladimir Roqov qeyd edib ki, Avropada hidrogenin gözlənilən qiymətinin 5,8 $/kq civarında olmasını (hazırki ± 11 göstəricisindən təqribən iki dəfə az) nəzərə almaqla ölkə gəlir baxımından ildə təqribən 230-500 milyon ABŞ dolları əldə edə bilər.

“Beləliklə, boru ilə nəql olunduqda yaşıl hidrogenin tam maya dəyəri yüksək rəqabət qabiliyyəti nümayiş etdirə və əhəmiyyətli marja təminatı verə bilər. Azərbaycan xüsusən Afrika ölkələrindən ixracla və ya xaricdən maye hidrogenin son dərəcə qeyri-effektiv nəqli ilə müqayisədə mövcud qaz kəməri şəbəkələri ilə axının 10-15%-dək hidrogeni effektiv və səmərəli şəkildə nəql edə bilər”, – deyə ekspert əlavə edib.


Roqovun sözlərinə görə, yeni boru kəmərlərini dərhal gələcək hidrogen tələbatının həcmini nəzərə almaqla inşa etməyə dəyər.

“Məsələn, TAP vasitəsilə illik nəqlin həcmi 11 milyard kubmetr olduqda bu, Azərbaycandan ildə 40-85 min ton hidrogen nəqli deməkdir (ümumi qazın 5-10%-i). Bu 2030-cu ildə İtaliyada hidrogenə tələbatın (2,3 milyon ton) cəmi 2-4%-ni təşkil edəcək”, – deyə o aydınlıq gətirib.

Milli.Az

Qazi.az

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir