Azərbaycanın COP29-la bağlı fəaliyyətini yüksək qiymətləndiririk
“COP29 komandası bərpa olunan enerjinin nə qədər kritik olduğunu nümayiş etdirdi. Azərbaycanın COP29-la bağlı fəaliyyətini yüksək qiymətləndiririk”.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Uzunmüddətli Enerji Saxlama Şurasının (LDES Council) baş direktoru və Qlobal Bərpa Olunan Enerji Alyansının (Global Renewables Alliance) sədri Julia Souder “Report”un ABŞ bürosuna açıqlamasında deyib.
Xanım Julia bildirib ki, COP29 tərəfdaşları iş birliyi baxımından uğurlu fəaliyyət aparır və COP29 Sədrliyinə ciddi hazırlaşır:
“Biz həqiqətən COP29-u böyük həyəcanla gözləyirik. Qlobal Bərpa Olunan Enerji Alyansı dövlət və özəl tərəfdaşları ilə birlikdə COP29 Prezidentinin artıq qeyd etdiyi təşəbbüs əsasında əlaqələri inkişaf etdirməyə çalışır. Xüsusilə, enerjinin saxlanması və ehtiyatların qorunması ilə bağlı məqsədlərimiz var. Vaşinqtonda keçirilən tədbirdə COP29 komandası bərpa olunan enerjinin nə qədər kritik olduğunu nümayiş etdirdi və buna görə Azərbaycanın COP29-la bağlı fəaliyyətini həqiqətən yüksək qiymətləndiririk. Mən də COP29 sammitində Bakıda olacağam və bunun üçün çox həyəcanlıyam.
Mən COP29-un COP30 üçün uğurlu olacağını düşünürəm və birlikdə əməkdaşlıq etməyin yüksək nəticələr verəcəyindən əminəm. Bunun uğurlu nəticələrinin olmasını görmək istəyirik. Biz tərəfdaşlarla iqlim dəyişikliyi və bunun fəsadlarını aradan qaldırmaq üçün tələb olunan vəsaitin əldə olunması və infrastruktur baxımından nəticələr əldə etmək məqsədi ilə fərqli sahələrdə birlikdə işləməliyik. COP29 bu mövzuda bizə köməklik edəcək”.
J. Souder Azərbaycanın bərpa olunan enerji resursları ilə zəngin olduğunu xüsusi vurğulayıb:
“Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Biz iqlim maliyyəsi haqqında danışarkən dünyada bərpa olunan enerji mənbələrinin müəyyən olunması və keçid iqtisadiyyatında olan ölkələrdə, bütün dünyada bu enerjidən istifadənin əlçatan olması barəsində düşünməliyik. Mütləq bu mövzuda fəaliyyətlər də aparmalıyıq”.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun