Uncategorized

Azərbaycan faciəsinə Qərb susmasaydı…

1992-ci ilin fevralında Xocalıda dəhşətli qırğın, faktiki soyqırım törədiləndə, erməni barbarlardan qurtulmaq üçün yola çıxmış dinc əhali misli görünməmiş amansızlıqla qətlə yetiriləndə Qərb susdu.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

613 azərbaycanlı, qocalar, qadınlar, uşaqlar güllələləndə, onların cəsədləri tikələnəndə, süngülənəndə, parçalananda Qərb susdu.

Bu məşum cinayət barədə Bakı danışanda, kadrlar göstəriləndə, sağ qalmış azsaylı xocalılar soyqırıma şahidlik edəndə Qərb susdu.

Daha sonra Azərbaycan bu soyqırımı törədənlərin cəzalandırılmasını, məşum olayın soyqırım kimi beynəlxalq təşkilatlar və ələlxüsus da BMT tərəfindən rəsmən tanınmasını tələb edəndə Qərb yenə susdu.

Xocalı ilə bağlı Qərbin sükutu, lal və karlığı, korluq və daşürəkli davranışı hələ də dəyişməyib.

Əgər belə olmasaydı…

Sakramental ifadədir əslində. Bilirik ki, tarix, zaman və yaşanan hadisələr “əgər” ifadəsini sevmir. Bu ifadə obyektivliyə, hadisələrin axarına zidd sayılır.

Lakin…

Bir anlıq da olsa, düşünək ki, Qərb və ümumiyyətlə, “dünya birliyi” adlandırdığımız beynəlxalq ictimaiyyət Xocalını 2-ci Dünya Müharibəsidən sonra Avropada ən qanlı, ən böyük soyqırım kimi tanımışdı.

Xocalı faciəsindən üç il sonra Bosniya-Hersoqovinadakı serblərin “Serbiya Respublika Ordusu”nun generalı Ratko Mladiçin başçılığı ilə Srebrenitsada qətliam törədilərdimi, 8 min bosniyalı müsəlman vəhşicəsinə öldürülərdimi?

Ehtimal çox deyil, çünki presedent adlı nəsnə ciddi təsir imkanlarına malikdir.

Qəssab Mladiç mütləq düşünəcəkdi ki, Xocalı soyqırımının əks-sədası çəkilməmiş anklav şəhər olan Srebrenisanın mühasirəyə alınmasından sonra silahsız insanlara divan tutulmasının hesabı çox ağır ola bilər, olacaq da.

Lakin olan oldu: əvvəl Xocalı, sonra Srebrenisa.

Bu faciə taleli şəhərlərin oxşar məqamları çoxdur.

Xocalı kimi, Srebrenisa da mühasirəyə alınmışdı.

Xocalı kimi, Srebrenisa da guya humanitar dəhliz adı ilə insanların yönəldildiyi istiqamətdə pusqu qurmuş barbarlara hədəf oldu.

Xocalı kimi, Srebrenisada da işgəncəli əsirlikdən və qaçılmaz ölümdən qurtulmağa çalışan insanlar nicata üz tutduqları yolda güllələndilər, sonra cəsədləri təhqir olundu, parçalandı, şaqqalandı.

Xocalı kimi, Srebrenisa da soyqırımı törədənlərin cinayətlərini danmalarına və qarşı tərəfi suçlayaraq faciənin guya propaqanda məqsədilə edilməsi kimi çirkin iddiaları eşitdi.

Xocalı soyqırımına kar, lal və kor qalan Qərb anlamırdı ki, cinayətin cəzasız qalması presedent yaradır.

Bəlkə Ratko Mladiç erməni komandirlərə Qərbin az qala üsyançı və milli müqəddəratını həll etməyə çalışan insanlar kimi baxmasından cuşa gələrək 8 min bosniyalı müsəlmanın qətlə yetirilməsini əmr etdi.

Xocalıda qanlı hadisəni soyqırım miqyasında gerçəkləşdirənləri Avropa tanısaydı, onlar ədalət məhkəməsinə cəlb olunsaydılar Bosniya-Hersoqovinada separatizmə qapılaraq özlərini guya mustəqil dövlət elan edən yerli serb icması özünü bunca rahat hiss etməzdi.

Sabiq Yuqoslaviya üzrə Beynəlxalq Tribunalt və BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Srebrenisadakı məşumiyyəti soyqırım kimi rəsmən tanıdı.

Və məhz bu şəhərdə törədilən cinayət NATO-nun Serbiyaya qarşı hərbi əməliyyatlara başlamasına, sonradan rəsmi Belqradın məğlubiyyəti etiraf etməsinə və Deyton sazişini imzalamasına səbəb oldu.

Xocalı soyqırımından sonra Ermənistanın da Serbiya kimi genişmiqyaslı NATO bombardmanlarına məruz qoyulması bir yana – İrəvana kiçik irad belə bildirilmədi, Ermənistanın Azərbaycana qarşı barbar və işğalçı siyasət yürütdüyü, ərazi iddiaları ilə çıxış etdiyi, militarizmlə mağara millətçiliyini rəsmi ideologiyaya çevirdiyi deyilmədi.

Qərb, xüsusilə də NATO və Avropa İttifaqı unutdu ki, cəmiyyətlərlə dövlətlərin zaman axarı ilə qovşaq təşkil edən yaşamlarında kəpənək effektini kimsə ləğv etməyib.

Xocalıda tökülən qanlar sonradan Srebrenisada soyqırıma çevrilməyə bilərdi.

Xocalı da, Srebrenisa da yaşaya bilərdi əvvəlki həyatı ilə: amma o həyat qətlə yetirildi.

Üstəlik, Srebrenisadan fərqli olaraq, Xocalıya soyqırımı törədənlər indi rahat baş çəkə bilirlər.

Söhbət Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi ərazilərdəki erməni silahlı dəstələrinin sabiq komandirlərindən, indi qocalmış canilərdən gedir.

1995-ci ilin iyulun 11-dəki soyqırımı 1992-ci ilin fevralın 26-dakı soyqırımdan üç il ayıra da, sanki bir gündə törədiliblər.

Hər ikisində dinc insanlar, hər ikisində müsəlmanlar öldürülüb.

Sadəcə, insan olduqlarına görə.

Vəhşişələrək insanlıqdan çıxan və heyvanlıqla qənşər duran məxluqlar tərəfindən.

… Yenə də düşünək: Xocalıda 613 günahsız insan barbarcasına öldürüləndən dərhal sonra Qərb qəflətdən ayılıb hərəkətə keçsəydi…

Elçin Alıoğlu
Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button