Ölkə

Azərbaycan Su Ehtiyatları Agentliyi üçün yeni imkanlar açılır

Dünya Bankı yeni yaradılmış Azərbaycan Su Ehtiyatları Agentliyi üçün rəhbər prinsiplər işləməyə hazırdır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bunu Dünya Bankının Şərqi Avropa və Mərkəzi Asiya regionunda su ehtiyatları üzrə meneceri Uinston Yu Trend-ə özəl müsahibəsində deyib.

“Şadam ki, Azərbaycan hökuməti su mövzusuna diqqət ayırır. Fikrimcə, bu, hökumətin su resurslarının tənzimlənməsini yaxşılaşdırması və əhaliyə, o cümlədən, Bakı və digər şəhərlərdəki təkcə ev təsərrüfatlarına və adi vətəndaşlara deyil, həm də irriqasiya xidmətləri alan fermerlərə də göstərilən xidməti yaxşılaşdırmaq yolları barədə düşünməsi üçün böyük imkandır”, – o deyib.

Qeyd edək ki, Azərbaycan Su Ehtiyatları Agentliyi2023-cü ilin mart ayında Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılıb. Agentlik Fövqəladə Hallar Nazirliyinin Dövlət Su Təsərrüfatı Agentliyinin bazasında yaradılıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeçiliyinə verilib.

Uinston Yunun fikrincə, yeni agentliyin necə inkişaf edəcəyi, böyüyəcəyi və öz üzərinə hansı öhdəlik və vəzifələr götürəcəyi hələlik məlum deyil.

“Bu böyük imkandır. Ev təsərrüfatları, müəssisə və fermerlər yaxşı xidmətlərə ehtiiyac duyurlar. Hesab edirəm ki, su təchizatı, sanitariya və irriqasiya xidmətlərinin əhəmiyyətini və maliyyə dayanıqlılığını qiymətləndirmək üçün yaxşı imkan yaranıb. Dünya Bankı qlobal təşkilatdır, bizim su sektorunda təxminən 300 mütəxəssisimiz çalışır. Bu o deməkdir ki, biz Azərbaycanda müşahidə olunanla çox bənzər bir çox tarixçə və hadisə bilirik. Burada problemlər Vyetnam, yaxud Afrika və Cənubi Asiya ölkələrindəki, hətta ABŞ-dəki problemlərdən güclü fərqlənmir. Mən şəxsən Kaliforniyadanam, orada biz quraqlıqla rastlaşırıq. Fikrimcə, burada Dünya Bankının əsas vəzifələrindən biri bu qlobal təcrübəni paylaşmağa kömək etməkdir. İnkişafa uyğun olaraq agentliyi müvafiq qaydada personalla təmin etmək, onun siyasətini və təşviq vasitələrini düzgün müəyyən etmək olar”, – Dünya Bankının su ehtiyatları üzrə meneceri deyib.

Uinston Yu Dünya Bankının Azərbaycan hökumətinin sorğusu əsasında yeni agentlik üçün rəhbər prinsipləri işləməyə hazır olduğunu qeyd edib.

“Biz texniki yardımın göstərilməsi üzrə daimi fəaliyyət göstəririk və təfərrüatları ayırd etmək və hökumətə prioritetləri müəyyən etməkdə köməklik göstərmək üçün bu fəaliyyət çərçivəsində çox sayda analitik tədqiqatlar aparırıq. Misal üçün, biz hökumətə bu yeni agentliyin maliyyə baxımından dayanıqlılığını təmin etməyin yollarını düşünməkdə köməklik göstərmək istəyirik. Bu, büdcə tərtibi, subsidiya və tariflərin müəyyən edilməsi üzrə müəyyən işlər tələb edir. Biz bütün bunları nəzərdən keçirməklə agentliyin gələcək inkişaf planını hazırlamağa başlayacağıq. Lakin Dünya Bankının bu yeni agentlikdə ölkənin tərəfdaşı olmasını və yarydım göstərməsini istəyib-istəmədiyinə hökumət qərar verəcək”, – deyə Uinston Yu əlavə edib.

O daha sonra Azərbaycanda su resurslarını idarə olunmasının yeni modelinin hazırlanması üzrə işlərin iki istiqamətdə davam etdiyini bildirib.

“Birinci sektor su təchizatı və kanalizasiya sektoru, ikinci sektor isə fermerlər üçün suvarma sektorudur. Su təchizatı sahəsində bir neçə tədqiqat aparmağı planlaşdırırıq və bunlardan biri subsidiya və tariflərin, eləcə də bütün maliyyə mexanizmlərinin gözdən keçirilməsini nəzərdə tutur. Daha bir alt tədqiqat xüsusən, insanların az cəmləşdiyi kiçik şəhərlərdə və kənd yerlərində xidmətlərin öyrənilməsi ilə əlaqəlidir. Bu isə öz unikal çağırışlar toplusunu yaradır. İrriqasiyaya gəlincə, hökumətin irriqasiyanın səmərəliliyini qiymətləndirmək üçün istifadə edə biləcəyi vasitələri hazırlamağa çalışırıq. İrriqasiya sisteminin nə dərəcədə yaxşı çalışdığını necə bilmək olar? Peyk texnologiyalarından və müxtəlif yeni modelləşdirmə vasitələrindən istifadə etməklə kifayət qədər sadə vasitələr hazırlaya bilərik və hökumət harada məhsuldarlığı yaxşılaşdırmağa ehtiyac olduğunu, hara daha çox investisiya qoymaq lazım olduğunu və s. aydınlaşdırmaq üçün bu vasitələrdən istifadə edə bilər. Bu, hazırki texniki yardım çərçivəsində məşğul olduğumuz fəaliyyət növlərindən yalnız bir neçəsidir”, – su ehtiyatları üzrə menecer deyib.

Uinston Yu qeyd edib ki, hər bir ölkənin və şəhərin mənbələrini diversifikasiya etmək lazımdır, lakin həm də səmərəliliyin artırılması üçün böyük imkanların mövcud olduğunu yadda saxlamaq lazımdır.

“Hər dəfə şəbəkələrdə itki olduqda bu gəlir və enerji itkisi, ictimai səylərin zəifləməsi ilə nəticələnir. Mənim fikrimcə, ilk növbədə mövcud sistemin yaxşılaşdırılması prioritetdir. Hazırda bir çox ölkələr çirkab sularından təkrar istifadə edərək onları sistemə qaytarır. Zənnimcə, bütün bunlar çox yaxşı fikirlərdir. Texnologiya o dərəcədə irəliləyib ki, fikrimcə, gələcəkdə çirkab sularının təkar istifadəsi norma olacaq”, – o deyib.

Su sektorunda institusional islahatlara toxunan Yu ilk növbədə hökumətin bu işdə konkret fayda təmin edə biləcək Dünya Bankına müraciət edəcəyinə ümid edir.

“Hökumət köməklik üçün müraciət edərsə, paylaşcağım ilk şey digər ölkələrin təcrübəsi olar. Bu, nəinki infrastruktura, həm də insanlara və institutlara böyük investisiyalar qoyulmasını tələb edən uzunmüddətli işdir. Burada uzunmüddətli perspektivdə düşünməliyik. Ehtimalla övladlarınız və onların övladları üçün su təchizatı sistemini saxlamaq istəyirsiniz ki, onların həmişə təmiz, içməli suları olsun. Fermerlərdə də vəziyyət eynidir. Bu proses isə yetərincə çox vaxt alır. Siyasi bağlılıq və bu sistemləri idarə edəcək insanlara böyük investisiyaların qoyulması lazımdır. Fikrimcə, bu ən əsasıdır. Dünya Bankı olaraq bizim çox məşhur prinsipimiz ondan ibarətdir ki, biz sadəcə boruları təmir etmək istəmirik, biz boruları təmir edən institutları təkmilləşdirmək istəyirik. Siz boruları asanlıqla təmir edə bilərsiniz, lakin bu boruların daima yaxşı təmir olunduğuna və insanların yaxşı xidmətlər alacağına zəmanət vermək üçün insanlara və ictimaiyyətə investisiya qoymalısınız”, – deyə Dünya Bankının su ehtiyatları üzrə meneceri qeyd edib.

Uinston Yunun fikrincə, iqlimin dəyişdiyi şəraitdə dövlətin maliyyə məkanı daha da məhdudlaşır, xidmətlərin göstərilməsi isə getdikcə bahalaşır və maliyyə dayanıqlılığı əsas faktor olur.

“Mən texniki mühəndislik təhsili almışam. Əvvəllər düşünürdüm ki, bu məsələnin həlli dəniz suyunun şirinləşdirilməsi, süni intellekt, blokçeyn və s. kimi texniki amillərdən asılıdır, əslində isə getdikcə daha çox əmin oluram ki, məsələ insani bacarıqlardadır. Sistemlərin dayanıqlı olması üçün düzgün maliyyələşdirməni, bu gün inşa olunanın təkcə sizə deyil, uşaqlarınıza və onların uşaqlarına da xidmət göstərməsini təmin etmək çox vacibdir. Stimulları düzgün müəyyən etmək lazımdır. Fikrimcə, nəticələrə və əsaslanan büdcənin və stimulların müəyyən edilməsi həqiqətən doğru yoldur. Sistemdə lazımi stimul olmadıqda o prioritetləri düzgün müəyyən etməyəcək. İkincisi, xidmətləri tənzimləmədən ayırmaq lazımdır. Tənzimləməyə görə məsul şəxslər həm də xidmət göstərməməlidir. Daha çox tövsiyə vermək çətindir, çünki bu müəssisə hələ indicə inkişaf etməyə başlayır. Sizin müvafiq icazə sisteminiz, qabaqcıl məlumatlarınız olmalıdır. Hər bir ölkə məlumatların monitorinqini gücləndirməlidir və bu ehtimalal, yeni agentliyin öhdəliyi olacaq”, – o deyib.

Onun fikrincə, hökumət yeni agentliyin yaradılması barədə düzgün siyasi qərar qəbul edib və bu, insanı ruhlandırır.

“Mənim üçün bu ilk addımdır. Bu andan etibarən uzun danışıqlar tələb edən ağır iş başlayır. Dünya Bankı olaraq biz həm müsbət, həm də mənfi təcrübəyə əsaslanan mümkün qədər çox məlumat vermək istəyirik. Mənfi təcrübələrimiz də çox olub və Azərbaycanın da bunu yaşamasını istəmirik. Texnologiyalar bizi bunlardan qismən qoruyur. Yenə də insanlara yatırım etmək lazım gələcək. Biz çox yeniliklər var, lakin həm də görüləsi təməl işlər var. Texniki yardım çərçivəsində əsas vəzifələrdən biri ölkənin kənd yerlərində istifadə olunan və Bakıdan əsaslı şəkildə fərqlənən müxtəlif modelləri hökumətlə bölüşməkdir. Siz ölkənin kənd yerlərində nəticələrə əsaslanan metodlardan istifadə edə bilirsiniz. Bu bir qədər qəliz olsa da, mümkündür”, – deyə Uinston Yu əlavə edib.

Dünya Bankının su ehtiyatları üzrə meneceri su sektoruna investisiyaların artırılması üçün imkanların olduğunu qeyd edib.

“Dünya Bankı hökumətə köməklik göstərməyə hazırdır. Mən yeni agentliyin əməkdaşlarına, eləcə də “Azərsu” ASC-nin və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin texniki mütəxəssislərinə məsələlərin müzakirəsində bizimlə çox nəzakətli və açıq olduqlarına görə minnətdarlığımı bildirmək istərdim. Bu texniki yardım son dərəcə vacibdir. Donorumuz olan Avropa İttifaqına bu yardımın göstərilməsinə görə minnətdarıq. Bu doğurdan da bir sıra vacib problemləri və vəziyyəti yaxşılaşdırmaqla bağlı yaranan ideyaları hökumətlə müzakirə etməyə yardım edir. Aydındır ki, itkilər və bu problemin həllinin zəruriliyi ilə yanaşı institusional boşluqlar var və bunlar doldurulmalıdır. Yeni agentliyin bu boşluğu dolduracağına ümid edirəm. Bunu zaman göstərəcək və biz bütün dünya üzrə təcrübəmizi hökumətlə və bu yeni agentliklə paylaşmağa hazırıq”, – deyə Uinston Yu sonda deyib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button