Uncategorized

Bakı ilə Ankaranın qardaşlıq yolu – Türkün düşmənlərini üzən növbəti səfər

Türkiyə xalqı daha bir tarixi sınaqdan üzü ağ çıxmağı bacardı. Növbəti prezident seçkilərində xalqın yarıdan çoxu yekdilliklə yenidən Rəcəb Tayyib Ərdoğanı növbəti 5 il üçün Türkiyə prezidenti görmək istədiyini bütün dünyaya nümayiş etdirdi.

Ümumilikdə, 28 may tarixini millətimiz üçün ikiqat bayram oldu, bayram-bayrama qarışdı. Müstəqillik tarixinin 105-ci ilini arxada qoyan xalqımız qardaş, dost, müttəfiq ölkədə -Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbəsini böyük coşqu ilə qeyd etdi. Bununla da Türkiyə-Azərbaycan dostluğu-qardaşlığını sarsıtmaq istəyənlərin arzuları ürəklərində qaldı.

Dünyaya səs salan, sarsılmazlığı, əbədiliyi ilə nümunə olan Azərbaycan-Türkiyə qardaşlığı bu seçkilərin nəticəsində də özünü növbəti dəfə büruzə verdi. Azərbaycanda da R.T.Ərdoğanın prezident seçilməsini insanların coşqu ilə qeyd etməsi, qardaşlarının sevincinə şərik olması yenidən “bir millət, iki dövlət” qardaşlığını açıq şəkildə göstərdi.

Prezident seçilməsi münasibətilə Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən də məhz Prezident İlham Əliyev oldu. Ölkə Prezidenti eyni zamanda həmkarını Azərbaycana səfərə dəvət etdi. Bu hadisə sarsılmaz dostluğun, qardaşlığın növbəti təzahürüdür. Əslində İki xalq, dövlətlər arasındakı bugünkü münasibətlərin bu dərəcədə inkişafında, özünün pik dövrünü yaşamasında məhz iki liderin səmimi dostluq, qardaşlıq siyasəti dayanır.

Bu gün istər regional proseslərdə, istərsə də qlobal miqyaslı hadisələrdə Azərbaycan-Türkiyə tandemi olduqca həlledici söz sahibi kimi özünü bütün sahələr üzrə doğrultmaqdadır. Qlobal aktorlar da çox yaxşı bilirlər ki, bu gün Türk Dünyası Dövlətləri Təşkilatı (TDDT) kimi bir alyansın bu gün formalaşdırılması, onun gücləmdirilməsi, aparıcı təşkilat kimi bir çox bölgələrdə vacib fiqura çevrilməsində Bakı-Ankara dostluğunun rolu həlledicidir. Məhz türk düşmənlərinin ən böyük planı da bu iki qardaş ölkəni bir-birindən pərəm-pərəm salmaq idi. Lakin Türkiyə xalqı bütün bu proseslərin önünə keçərək, talelərini hər hansı bir Qərbin siyasi mərkəzinin ümdinə buraxmadı.

Prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərin nəticələrinin açıqlanmasından sonra İstanbulda xalqa müraciətində də ilk təbrikin məhz Azərbaycan Prezidenti İlham Əliyevdən gəlməsini böyük qürur hissi ilə qeyd etməsi elə həmin qüvvələrə növbəti tərs sillə idi. Bu qardaşlıq nümunəsindən yaranan sevincini seçiciləri ilə paylaşan Ərdoğan, həm də Bakı-Ankara sarsılmaz dostluğuna xələl gətirmək istəyənləri yerində oturtdu.

Rəcəb Tayyib Ərdoğanın ilk səfər edəcəyi dövlətlərin adlarına da aydınlıq gəldikdə təəccüblü heç bir hadisə baş vermədi. Türkiyə lideri bu dəfə də ənənəsinəs adiq qaldığını, yolundan dönməyəcəyini səfər gündəliyi ilə təsdiqləmiş oldu. Şimali Kipr Türk Cümhuriyyətinin ardından bu gün axşam saatlarında Ərdoğanı gətirəcək təyyarənin Bakıda yerə enəcəyi ilə bağlı rəsmi məlumatlar da artıq hər şeyin prezident seçkiləri ilə əlaqədar qaldığı yerdən davam etdiyini və daha güclü, daha qətiyyətli şəkildə inkişaf edəcəyindən xəbər verir.

Qardaş ölkə başçısının Azərbaycana axşam saatlarında gəlib, burada gecələdikdən sonra, səhəri rəsmi qarşılanma prosesinin planlaşdırılması da, Ərdoğanın özünü Azərbaycanda evindəki kimi hiss etdiyini göstərir.

Azərbaycan-Türkiyə dostluğunu, qardaşlığı təmənnasız və daimidir. Türkiyə yaxşı bilir ki, Azərbaycanın güclənməsi Türkiyənin, Azərbaycan da yaxşı bilir ki, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsi deməkdir. Bu gün hər iki ölkənin qarşısında dayanan prioritet siyasi yol Türk dünyasının dirçəlməsi, dünyanın aparıcı güc mərkəzinə çevrilməsi və dünya türklərinin, müsəlmanların, eləcə də zəif dövlətlərin taleyini ikili standartlarla, yarıtmaz fəaliyyətləri ilə, ortaya öz maraqları gəldikdə gözünü qırpmadan başqalarını əzmək barədə düşünən digər qlobal aktorların ümidinə buraxmamaqdır.

Bu bir reallıqdır ki, bu gün dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın olan ikinci bir ölkə yoxdur. Yaxın zamanlarda imzalanmasının ikinci ilini qeyd edəcəyimiz Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişafının yol xəritəsidir. Bu birliyin yüksələn xətlə inkişafında dövlətlərarası münasibətlərlə bərabər, liderlərin şəxsi nüfuzu, bir-birlərinə dost, qardaş münasibətləri, xalqlarımızın bir ailə kimi birliyi əhəmiyyətli rol oynayır. Rəcəb Tayyib Ərdoğan zəfəri ilə iki qardaş ölkənin münasibətlərinin daha da möhkəmlənməsini indidən təmin etdi deyə bilərik.

Zərrə qədər də çübhə edilmir ki, 44 günlük Qarabağ müharibəsində Azərbaycan Türkiyədən hansı dəstəyi aldısa, Türkiyə müşə yanğınlarında və dünyanın ən böyük zəlzələ fəlakətlərindən birində qardaşı Azərbaycandan təmənnasız, operativ hansı yardımları gördüsə, bu təmənnasız qardaşlıq bundan sonra daha da irəliyə gedəcək, bu birlik türk millətinin güclənməsinə ancaq öz töhvəsini verəcək.

Təhməz Əsədov
TREND

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button