Ölkə

Bakı Kitab Mərkəzində “A grammar of contemporary Azerbaijani” adlı dərs vəsaitinin təqdimatı keçirilib

Sentyabrın 20-də Bakı Kitab Mərkəzində “A grammar of contemporary Azerbaijani” (“Müasir Azərbaycan dilinin qrammatikası”) adlı dərs vəsaitinin təqdimatı keçirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, eləcə də Azərbaycanın tanınmış elm, mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr edilmiş kitabın müəllifləri dilçi-alim Səbinə Əliyeva və Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribovadır.

Kitabın təqdimatından əvvəl AZƏRTAC-a müsahibə verən dilçi-alim Səbinə Əliyeva dərsliyin ingilisdilli insanların Azərbaycan dilini öyrənmək üçün bütün qrammatik kateqoriyaları və konstruksiyaları əhatə etdiyini söyləyib. “Kitab ingilis dilində qələmə alınıb. Hər bir qrammatik kateqoriyaya, struktura aid nümunələr həm Azərbaycan, həm də ingilis dilində verilib. Kitabın sonunda bütün qrammatik kateqoriyaları əks etdirən cədvəllər təqdim olunub. Dərslik təxminən dörd il ərzində yazılıb. Bu kitabın ərsəyə gəlməsində 20 ilə yaxın müddətdə bizim əcnəbilərə keçdiyimiz dərslər zamanı qazanılmış təcrübə yardımçı olub. Prezident İlham Əliyevin Azərbaycan dilinin inkişafı və təbliği məqsədilə imzaladığı sənədlərə cavab olaraq biz də bu işə kiçik töhfə verməyə çalışdıq”, – deyə o qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov müəlliflərin bu işə 5 ilə yaxındır başladıqlarını diqqətə çatdırıb.

Xaricdə yaşayan həmvətənlərimizin Azərbaycan dilinin qorunub saxlanılmasını, onun inkişaf etdirilməsini əsas prioritet kimi qəbul etdiklərini vurğulayan komitə sədri Fuad Muradov Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə xaricdə “Azərbaycan evlərinin” təsis olunduğunu deyib: “Onların nəzdində şənbə-bazar məktəbləri təşkil olunub ki, bizim xaricdə böyüyən uşaqlarımız və gənclərimiz Azərbaycan dilinin mənimsənilməsi üçün bu imkanlardan istifadə etsinlər”.

Təqdimat mərasimində çıxış edən dilçi-alim Səbinə Əliyeva Azərbaycan dili istiqamətində görülən hər bir işin onun üçün Vətənə xidmət olduğunu deyib.

Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova belə bir dərsliyə böyük ehtiyac olduğunu söyləyib. “Biz bir neçə ildir ki, xarici tələbələrə Azərbaycan dilini tədris edirik. Həmin prosesdə Azərbaycan dilinin sistemli qrammatikasına dair dərsliyə böyük ehtiyac olduğunu görürdük və biz bunun üzərində çalışmağa başlayaraq bu kitabı ərsəyə gətirdik”, – deyə prorektor qeyd edib.

Kitabın redaktoru və Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla nəşrin əhəmiyyətini vurğulayaraq, bu gün universitetə bir çox ölkələrdən gələn tələbələrin Azərbaycan dilini öyrənmək üçün çox həvəsli olduqlarını diqqətə çatdırıb. “İnanıram ki, bu kitab bizim dilimizi öyrənmək istəyən insanların əlində yararlı bir vasitə olacaq”, – deyə rektor qeyd edib.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva bu dərsliyin gələcəkdə Azərbaycan dilini öyrənən hər kəs üçün zəngin bir ədəbiyyata çevriləcəyini vurğulayıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov Azərbaycan dilinə həsr olunan hər bir kitabın diqqətəlayiq olduğunu qeyd edərək, bu əsərin çox böyük önəm daşıdığını deyib.

Tədbir bədii hissə ilə davam edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button