Bakı niyə Qərb platformasına getmir?
Rusiya uzunmüddətli passivlikdən sonra platforma təklif edirsə, bu, heç də təsadüfi deyil, geosiyasi və regional təhlil və proqram təklifi var.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri erməni mediasına açıqlamasında gürcü politoloq Kaxa Qoqolaşvili Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Azərbaycan və Ermənistana görüş üçün Moskva platformasını təklif etməsi haqda qeyd edib.
O bildirib ki, plan varsa, o zaman bu, təkcə təklif deyil:
“Bəlkə də bu platformada danışıqlara töhfə verəcək inkişaflar olacaq. Etiraf etmək lazımdır ki, Qərb vasitəçiliyin yaradılması üçün böyük fəallıq nümayiş etdirir, lakin bu, mürəkkəbliklərlə müşayiət olunur, çünki Azərbaycan birbaşa danışıqlar aparmaq istəyir. Son illər biz görürük ki, heç bir ölkənin platforması vasitəçi kimi sabit deyil. Bu, təbii ki, qaynar geosiyasi proseslərlə, eləcə də tərəflərin – indki halda Azərbaycanın – istəkləri ilə şərtlənir”.
Politoloqun sözlərinə görə, Azərbaycan nəinki birbaşa danışıqlar istəyir, həm də Qərb platformasını arzulamır:
“Çünki Ermənistanla Qərbin münasibətlərində yaxınlaşma istiqamətində dəyişikliklər var. Bəyanatlardan da göründüyü kimi, Azərbaycan Qərbin, xüsusən Fransanın Ermənistana göstərdiyi hərbi dəstəyi problem hesab edir. AB də İrəvana müəyyən maliyyə dəstəyi vermək istəyir. Azərbaycanda Qərbin qərəzsiz vasitəçi olmayacağı ilə bağlı narahatlıq var”.
Onun fikrincə, tərəflər problemin böyük bir hissəsinin razılaşdırıldığını nə qədər bəyan etsələr də, vasitəçi ölkənin rolu əhəmiyyətsiz ola bilməz, çünki vasitəçi ölkənin öz maraqları, məqsədi var:
“Platformaların Vaşinqton, AB, Rusiya, Almaniya, Qazaxıstana keçirilməsinin səbəbi də budur. Növbəti yerin Mosva olacağı istisna edilmir, lakin bu da uzunmüddətli olmayacaq”.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun