Bakı Təşəbbüs Qrupu önəmli müstəvi olacaq
Burada olmaqdan şadıq və fəxr edirik. Bakı Təşəbbüs Qrupu gələcək işlərimizlə bağlı önəmli müstəvi olacaq.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Baş katibi Jan-Jakob Bisep jurnalistlərə açıqlamasında deyib.
“Buna görə Azərbaycana və Bakı Təşəbbüs Qrupuna təşəkkür edirəm. Bizim üçün bu çox vacib məqamdır. Düşünürəm ki, bu qrup gələcək işlərimizlə bağlı bizə dəstək olacaq”, – deyə o əlavə edib.
Qeyd edək ki, dünən Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda 14 ölkədən, eləcə də, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa), həmçinin, Korsika təmsilçiləri də iştirak edib.
Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.
BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.
Milli.Az