Mədəniyyət

“Bakı Yay Caz Günləri”nin parlaq və unudulmaz akkordu – Oleq Lundstrem adına əfsanəvi orkestrin inanılmaz çıxışı – VİDEO

“Premier LTD” agentliyinin təşkilatçılığı və Heydər Əliyev Mərkəzinin dəstəyilə keçirilən “Beynəlxalq Bakı Yay Caz Günləri” çərçivəsində yekun konsert keçirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzinin Parkında təqdim olunan konsertdə Rusiyanın Oleq Lundstrem adına caz orkestri çıxış edib.

Konsert proqramı başlamazdan əvvəl caz bilicisi, radio və teleaparıcı, Azərbaycanın əməkdar mədəniyyət işçisi Rahib Azəri musiqi kollektivinin tarixçəsindən maraqlı faktlar danışıb.

Oleq Lundstrem adına caz orkestrinin unikal tarixçəyə malik olduğu vurğulanıb. Kollektiv 1934-cü ildə yaradılıb və dünyanın fasiləsiz mövcud olan ən qədim caz orkestri kimi Ginnesin Rekordlar kitabına düşüb. 70 il ərzində orkestrin əvəzsiz rəhbəri Oleq Lundstrem (1916-2005-ci illər) olub. O fəaliyyət illəri ərzində 10 mindən çox konsert verib.

2007-ci ildən etibarən orkestrin bədii rəhbəri və baş dirijoru Rusiyanın Xalq artisti, məşhur caz pianoçusu Boris Frumkindir. Onun rəhbərliyi altında orkestr öz qurucusu Oleq Lundstremin ənənələrini davam etdirir.

Bakıda ilk dəfə 2019-cu ildə çıxış edən əfsanəvi kollektiv o vaxtdan azərbaycanlı dinləyicilərin rəğbətini qaznıb. Orkestrin Bakıda növbəti konserti caz musiqisinin pərəstişkarlarında böyük marağa səbəb olub, proqramın dinləyiciləri arasında həm Bakı sakinləri, həm də paytaxtın qonaqları var idi.

Konsertdə məşhur caz kompozisiyaları, populyar musiqi əsərləri mövzusunda improvizasiyalar səsləndirildi.

Orkestrin tərkibində möhtəşəm musiqiçilər, virtuozlar ifa edərək öz ifaçılıq məharəti ilə parlaq, unudulmaz və heyranedici emosiyalarla dolu əsl musiqi bayramı bəxş etdilər. Konsertin açıq havada təşkil olunması ona xüsusi atmosfer verdi. Dinləyicilər təkcə qüsursuz ifadan zövq almır, həm melodiyaların ritmində rəqs edirdilər.

5-ci “Bakı Yay Caz Günləri”nin yekun akkordu möhtəşəm, füsunkar və heyranedici oldu. Heyrətamiz peşəkar caz musiqiçiləri, möhtəşəm musiqi, caza vurğun dinləyicilər, konsertlərin möhtəşəm təşkili, bütün bunlar “Bakı Yay Caz Günləri”ni unudulmaz etdi.

Rusiyanın əməkdar artisti, orkestrin dirijoru, məşhur rus musiqiçi, zərb alətlərinin ifaçısı Vladimr Jurkin Azərbaycanın paytaxtında “Bakı Yay Caz Günləri”nin keçirilməsini yüksək qiymətləndirərək heç də hər bir şəhərin bu cür festivalın keçirilməsi ilə öyünə bilməyəcəyini vurğulayıb.

“Biz çox gözəl bilirik ki, Bakı caz şəhəridir. Burada həmişə güclü musiqiçilər olub, biz Vaqif Mustafazadə, onun qızı Əzizə Mustafazadənin və bir çox azərbaycanlı musiqiçinin yaradıcılığı ilə tanışıq. Bu səbəbdən buraya böyük şövqlə gəlmişik. Bakıda təqdim etdiyimiz proqrama gəlincə, buraya həm rus və həm də xarici müəlliflərin müxtəlif əsərləri daxil idi”, – Jurkin deyib.

Orkestrin aparıcı solisti Maksim Peqanov qeyd edib ki, “Bakı Yay Caz Günləri” kimi tədbirlər caz musiqisinin inkişafına töhfə verir və onları şübhəsiz, keçirmək lazımdır.

“Musiqini paylaşmaq lazımdır. Orkestrimiz Bakıya ilk dəfə gəlmir və hər dəfə bu unudulmaz təəssüratlar verir. Şəhər, insanlar möhtəşəmdir, burada olmaq çox xoşdur. Bakı dinləyiciləri gənc və hərarətlidirlər, həmişə bizi xoş qəbul edirlər, musiqiyə asanlıqla reaksiya verirlər. Auditoriya, səni dinləyən insanlar geri dönüş etdikdə isə musiqiçilər daha şövqlə ifa edirlər. Biz dinləyicilərdən müsbət enerji alırıq, tamaşaçılar isə öz növbəsində bizdən enerji alır və o zaman əsl caz konserti alınır”, – deyə Peqanov əlavə edib.

Qeyd edək ki, 5-ci “Bakı Yay Caz Günləri” çərçivəsində (3-7 iyul) Azərbaycan, Türkiyə, Kuba, İsrail, Fransa və Rusiyanın məşhur sənətkarları çıxış ediblər. “Bakı Yay Caz Günləri” çərçivəsində konsert proqramları həm müxtəlif mədəniyyət mərkəzlərində, həm də açıq meydanlarda təşkil olunur ki, bu onları daha geniş auditoriya üçün əlçatan edir. Bu isə festivalın əsas məqsədinə – caz musiqisinin daha geniş təbliğinə xidmət edir.

Xatırladaq ki, iyulun 3-də Heydər Əliyev Mərkəzində “Beynəlxalq Bakı Yay Caz Günləri”nin təntənəli açılışı olub. İki konsert təqdim olunub. Türk musiqiçiləri – məşhur gitara ifaçısı Öndər Focan, caz ifaçısı Meltem Ege, həmçinin Şenov Ülkər (truba, flügerhorn), Bulut Gülen (trombon), Ozan Musluoğlu (kontrabas) və Serkan Alagökü (zərb alətləri) Bakı Kamera Orkestrinin müşayiəti ilə çıxış edib. Sona məşhur pianoçu, beynəlxalq müsabiqələrin laureatı, Azərbaycanın əməkdar artisti Elçin Şirinov israilli həmkarları Amir Bresler (zərb alətləri), Oren Hardi (kontrabas) və Gilad Hekselman (gitara) ilə birgə çıxış edib.

İyulun 4-də məşhur caz pianoçusu, janrın korifeyi Kuinsi Consun komandasından “Gremmi” mükafatının nominantı Alfredo Rodrigesin dünya turnesi çərçivəsində Migel Ximenes (bas gitara) və Maykl Oliver (zərb alətləri) ilə triosunun füsunkar konserti keçirilib.

İyulun 5-də Heydər Əliyev Mərkəzinin Parkında Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alan gənc azərbaycanlı musiqiçilər Azərbaycanın əməkdar artistləri Vaqif Əliyev (zərb alətləri) və Ruslan Hüseynovla (bas gitara) eyni səhnəni paylaşıblar. Həmçinn həmin gecə Hgürcü pianoçusu, aranjimançı, Berkli musiqi kollecinin professoru Georgi Mikadze fransalı musiqiçilər Fransua Muten (kontrabas) və Rafael Pannye (zərb alətləri) ilə birgə heyrətamiz çıxışı olub.

Bütün konsert proqramları dinləyicilərin böyük marağına səbəb olub və gur alqışlarla qarşılanıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button