Ölkə

Bakıda İrəvan küçəsi olsunmu? – RƏYLƏR

“Paytaxtda Moskva, Tiflis prospektləri var, İrəvan adlı küçə, yaxud prospektin olması da yerinə düşərdi”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Mədəni-tarixi irsimiz olan Qərbi Azərbaycan torpaqları əzəli və əbədi dədə-baba yurdudur. Mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlının şüurunda Qərbi Azərbaycan torpaqlarının xatirəsi qorunub saxlanılır.

Qərbi Azərbaycana, tarixi torpaqlarımıza – Zəngəzur və İrəvana qayıdışla bağlı planlarımız var və işlər görülür.  Bu istiqamətdə görülən işlərin bir parçası olaraq, Bakıda böyük küçə və ya prospektlərdən birinə “İrəvan” adının verilməsi təklif olunur.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan deputat, Qərbi Azərbaycan İcmasının üzvü Musa Quliyev bildirib ki, Bakıda böyük küçə və ya prospektlərdən birinə İrəvan adının verilməsi tamamilə mümkündür. O, bunun vacibliyini də diqqətə çatdırıb.

Digər fikirlər nədir? Bunun edilməsi bizə nə qazandıra bilər?

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, tarixi yaddaşımızın qorunub saxlanması istiqamətində daha çox işlər görməliyik: “Bu gün hər bir Azərbaycan türkü son yüzilliklər ərzində məruz qaldığımız ədalətsizliyin aradan qaldırılmasını istəyir. Tarixi ədalətin bərpa olunması və insanlarımızın ata-baba yurdlarına qayıtması hədəfimizdir. Lakin biz bu yolda ardıcıl şəkildə çalışmalıyıq, bu istiqamətdə uzağa hesablanmış xüsusi strategiya formalaşdırmalıyıq. Hər hansı bir deputatın təklifi ilə Bakıda hansısa küçəyə İrəvan adının verilməsi məsələnin həlli ola bilməz. Qoy o deputat Qərbi Azərbaycanla bağlı milli yaddaşımızın formalaşmasında xüsusi rol oynaya biləcək bir konsepsiya hazırlayıb ortaya qoysun. Yoxsa “mən də varam”ı təsdiq etmək üçün hərdən ortaya bir atmaca atmaq lazım deyil.

Dünyada indi baş verən hadisələr fonunda zamanı ilə yağmalanmış torpaqlarımızda tarixi ədalətin bərpa oluna bilməsi şansları böyüyür. Ancaq bunun hansı zaman kəsiyində baş verəcəyinə heç kim təminat verə bilməz. İndi əsas vəzifəmiz bu istiqamətdə görəcəyimiz işlərin ağıllı və uzaqgörən bir strategiyasını işləyib ortaya qoymaq olmalıdır. Onda mübarizəmiz də sistemli və təbii ki, səmərəli olacaq. Zamanı çatanda isə bir xalq olaraq hamılıqla torpaqlarımıza sahib çıxacağıq…”

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Çar Rusiyasının və sovetlərin azərbaycanlılarla bağlı siyasətlərinin puç olduğunu söylədi: “Tarixlər boyu bizə öz tarixi dədə-baba yurdlarımızı, nəsillərimizdən miras qalan torpaqlarımızı, adət-ənənələrimizi və milli kimliyimizi unutdurmağa çalışıblar. Assimilyasiya etmək, yox olmağımız üçün hər bir vasitəyə əl atılıb. Bunu rus imperiyası da, sovet imperiyası da, onun əl altıları da eyni həvəs, eyni metodlarla, oxşar üsullarla həyata keçirib. Ancaq millətimizin inadkarlığı, soykökünə bağlılığı, əzmkarlığı və verdiyi yüz minlərlə qurban bizi istəməyənlərin, bizə xor baxanların, düşmənlərimizin bu məkrli oyunlarını və planlarını pozdu və pozur. Azərbaycan xalqının qüdrəti də məhz bundadır! Ötən əsrin 80-ci illərinin sonlarında xalqımız üçün növbəti faciələrə start verildi. Dağılmaqda olan sovet imperiyası millətimizə son pisliyini etdi. Ermənilərə imkan və dəstək verdi. Nəticədə Ermənistan deyilən Qərbi Azərbaycandan 300 mindən çox soydaşımız  amansız şəkildə öz doğma vətənindən, yurd-yuvalarından silahla, zorakılıqla kütləvi qətllərlə deportasiya edildi. Keçmiş Dağlıq Qarabağda və ətrafında yaşayan 1 milyondan çox azərbaycanlı məcburi köçkün edildi. Azərbaycanın 20 faiz torpaqları erməni-rus işğalına məruz qaldı və bu işğal faktoru 30 ilə yaxın çəkdi. Hələ həyata keçirilən deportasiya, qaçqınlıq, məcburi köçkünlük və işğal zamanı itirilən milyardlarla vəsait, əmlak və s. demirəm. Ancaq bütün bunlara baxmayaraq, xalqımız yenidən öz torpalarına qayıtmaq ümidlərini itirmədi, tarixi yurdlarını unutmadı. Unutdurulmağa imkan vermədi. Necə ki, Qarabağı və işğalda olan torpaqları görməyən igid oğlanlarımız o torpaqlar uğrunda canlarından keçdilər və tarix yazdılar, həmin torpaqlara böyük coşqu ilə qayıtdılar, eləcə də Qərbi Azərbaycanı görməyənlər həmin torpaqlara eyni ruh yüksəkliyi ilə qayıdacaqlarına inanıram.

Son illərdə dövlətin qərbi azərbaycanlılarla bağlı gördüyü işlər, Prezident İlham Əliyevin sistemli və məqsədyönlü yürütdüyü siyasət və göstərdiyi diqqət qərbi azərbaycanlıların böyük qayıdış ümidlərini daha da artırıb. İşğal altındakı torpaqların işğaldan azad olunması və məcburi köçkünlərin yenidən məskunlaşdırılması bir zamanlar yuxu kimi gələn arzuların gerçəkləşdirilməsi hissini qərbi azərbaycanlılarda da aydın görmək mümkündür. Bu yaxınlarda çağdaş aşıq sənətinin korifeyi olan Aşıq Ələsgərə ucaldılan abidə də məhz dövlətin və dövlət başçısının Qərbi Azərbaycan məsələsinə hərtərəfli və köklü yanaşması idi. Bildiyim qədər Qərbi Azərbaycan İcması qayıdış konsepsiyasının həyata keçirilməsi ilə bağlı çoxşaxəli fəaliyyət göstərməkdə və üzərinə düşən vəzifələri uğurla həyata keçirməkdədir. Mən bir qərbi azərbaycanlı siyasət adamı kimi icmanın sədri, millət vəkili Əziz Ələkbərlinin bu istiqamətdə fəaliyyətini müsbət qiymətləndirirəm”.

Ə.Orucov deputatın təklifini tam şəkildə dəstəkləyir: “İrəvanın adının Bakıda hansısa küçəyə və yaxud prospektə verilməsi də yaxşı ideyadır. Niyə də olmasın. İrəvan tarixi Azərbaycan şəhəridir. İrəvan xanlıqlarımızdan biri olub və işğalçılara qarşı da rəşadətlə mübarizə aparıb. Bakıda Moskva, Tiflis prospektləri var, İrəvan adlı küçə yaxud prospektin olması da yerinə düşərdi. Yeri gəlmişkən, əslən Qərbi Azərbaycanın Böyük Qarakilsə bölgəsindən olan Səyyad Rəfiyev adlı tarix müəllimi min bir zəhmət hesabına Bakı şəhər 99 saylı tam orta məktəbində yaratdığı zəngin tarixi eksponatları olan Heydər Əliyev adına Qərbi Azərbaycandan Deportasiya olunmuşların muzeyinin dövlət tərəfindən diqqətə alınması və bu muzeyin genişləndirilməsi çox faydalı olardı. Mən həmin muzeydə olmuşam və orda saxlanılan eksponatların böyük əksəriyyətini son deportasiya zamanı Səyyad müəllim Qərbi Azərbaycanda mövcud olmuş Arçut diyarşunaslıq muzeyindən gətirib. Bu əyani təbliğat-təşviqat imkanı demək olardı. Digər bir vacib məsələni də unutmamaq lazımdır, Azərbaycanlıların soyqırımını. Doğrudur, 26 fevral Xocalı soyqırımı və 31 mart azərbaycanlıların soyqırımı kimi qeyd olunsa da, soyqırım muzeyi, yaxud monemental xatirə kompleksi yaradılması və rəsmi protokola salınması işində ləngiləmələr qalır. Bütün bunların həyata keçirilməsi həm ermənilərin əsil simalarının ifşası baxımından, həm də kimliyimizin tanıdılması baxımından effektli olardı. Lakin qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarına qaytarılması bir saylı vəzifəmizdir və heç şübhə etmirəm ki, İlham Əliyevin məqsədyönlü siyasəti bu xəyalı da qısa vaxtda reallığa çevirəcək”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button