Uncategorized

Bakıya qardaş dəstəyi və təklifi: İslamabad sürətli inkişafı istəyir

“…Təyyarə Bakı hava limanına enərkən mən gördüm ki, orada Pakistan bayrağı dalğalanırdı, hətta hava limanından kənarda da. Nümayəndə heyətinin üzvü mənə dedi ki, cənab Baş nazir, baxın, kənarda belə Pakistan bayrağı dalğalanır. Bu, Azərbaycanda Pakistana olan münasibətdir”

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Azərbaycanla Pakistan arasındakı münasibətlər iki müsəlman ölkəsi arasında uzunmüddətli dostluq, strateji tərəfdaşlıq və səmimi qardaşlıq münasibətlərinə əsl nümunə, bariz misal sayıla bilər.

Ölkələrimiz arasındakı əlaqələrin dərin tarixi, mədəni, dini və siyasi kökləri var.

Ümumi İslam dəyərlərini də unutumamalıyıq ki bütün bunlar dövlətlərimizlə xalqlarımız arasında qarşılıqlı etimadla anlayışı gücləndirən məqamlardır.

Azərbaycanla Pakistanın strateji mövqeləri, regional maraqları və təsir imkanları baxımından xalqlarımızla dövlətlərimiz arasındakı əlaqələrin geosiyasi çəkisi dəfələrlə arta bilər.

Bəlli ki, Ahərbaycan həddən ziyadə önəmli coğrafi məkanda, Avropa ilə Asiyanın qovşağında yerləşir və bu baxımdan Xəzər hövzəsi ilə Türküstanın xam nefti və qazının dünya bazarlarına çıxarılması marşrutları üçün tranzit ölkədir. Pakistan isə Cənubi Asiyada həddən ziyadə önəmli yer tutaraq Mərkəzi Asiya, Yaxın Şərq və Cənubi Asiya arasında körpü rolunu oynayır.

Dövlətlərimiz böyük enerji resurslarına və geosiyasi təsir rıçaqlarına da malikdir.

BMT, ATƏT, Avropa Şurası, Avropa Müşahidə Missiyası, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı və s. beynəlxalq, habelə regional təşkilatlarda fəal rolu olanrəsmi Bakı bu minvalla həm bölgədə yeni geosiyasi reallıqların formalaşmasında, həm də qlobal siyasətdə yerini möhkəmlətməkdə sürətlə irəliləyir.

Nüvə silahına malik Pakistan yerləşdiyi bölgə ilə yanaşı, bütün müsəlman dünyasının ən ciddi siyasi təsir imkanlarına malik ölkələrdən biridir.

Dövlətlərimiz beynəlxalq arenada bir-birinə dəstək verməklə yanaşı, milli təhlükəsizliklə dövlət maraqlarının təminatı müstəvilərində də sıx tərəfdaşlıqdadır.

Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğalda saxlandığı 30 il ərzinə Pakistan daim bizə dəstək verib, 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib.

Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş verib. Bu isə qardaş ölkə mövqeyidir, buna görə təbii, Pakistana minnətdarıq.

Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır.

Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu, Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı ciddi siyasi dəstək nümayiş etdirdi.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə rəsmi səfəri əsnasında kitərəfli gündəliyimizə daxil olan bir çox məsələlər, eyni zamanda, regional prosesləri, regional təhlükəsizlik məsələləri müzakirə olundu.

Bizim irəliyə getməyimizlə bağlı tam aydın təsəvvürümüz var. Danışıqlarda razılığa gəlindi ki, Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcək. Biri ticarət və sərmayə məsələsi, növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcək.

Ticarətimizin həcmini artırmaq üçün daha ciddi səylər göstərilməsi ilə bağlı razılıq da əldə olunub.

Bakı və İslamabad bu istiqamətdə anlaşma memorandumu imzalayacaq, məhsulların siyahısı üzərində işləyəcək ki, həmin siyahı ticarət dövriyyəmizin artırılmasına xidmət edəcək.

Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olub. Daha mühüm amillərdən biri odur ki, xalqlarımız da öz rəhbərliyinin fikrini bölüşür və Bakının müxtəlif yerlərində Pakistan bayraqları asılıb. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük.

Məhəmməd Şahbaz Şərifin dediyinə görə, Azərbaycanın bir sıra sahələrdəki təcrübəsindən Pakistan yararlana bilər.

“Bizim şəhər planlaşdırılması və yaşıllaşdırma sahəsində sizin təcrübənizə ehtiyacımız var. Şəhəriniz son dərəcə təmizdir, tullantıların emalı məsələsi, yəni, bu sahələrdə bizim sizin təcrübənizə ehtiyacımız var. Həqiqətən də mən çox şadam və məmnunam ki, ölkəniz bu cür inkişaf edib”, – Şərif deyib.

Onun sözlərinə görə, bu gün bizim ticarətimiz və sərmayə yatırımlarımız xalqlarımızla dövlətlərimiz arasındakı səviyyəsində deyil.

Məsələn, Pakistan xam neft və təbii qaz idxalına 27 milyard dollar xərcləyib.

Pakistanın hökumət başçısı Bakıda etiraf etdi: “Biz bunun öhdəsindən gələ bilmirik, çünki müxtəlif çağırışlarla üz-üzəyik. İnflyasiya, idxal olunan neftin qiymətinin qalxması və Ukrayna münaqişəsi səbəbindən bizim ölkəmiz böyük təzyiqlə üz-üzədir. Maşallah, Azərbaycanın bu sərvəti var və biz Azərbaycanla, eyni zamanda, neft-kimya məhsulları sahəsində əməkdaşlıq etmək istəyirik. Biz Səudiyyə Ərəbistanının “Aramco” şirkəti ilə danışıqlar aparırıq və çox şad olarıq ki, Azərbaycan da bu məsələyə qoşulsun və bizim həmin bu sahəyə xərclədiyimiz pulun bir hissəsini sərmayə olaraq öz üzərinə götürsün”.

Daha konkret olsaq, Pakistan Azərbaycandan xam neft və təbii qaz idxalını dəfələrlə artırmaq, ödənişləri isə Günəş enerjisi vasitəsilə əldə edilən elektorenerji ilə həyata keçirmək niyyətindədir.

Üstəlik, İslamabad Bakını Günəş energetikası sahəsinə sərmayələr yatırmağa da dəvət edib.

Bundan başqa, Pakistan ölkəmizə düyü ixracını da artırmaq, xüsusilə də “Basmati” düyü brendinin ölkəmizdə daha çox satılmasına nail olmaq fikrindədir.

“Azərbaycan Hava Yolları” – AZAL tezliklə Bakıdan İslamabada uçuşlara başlayacaq və təbii ki, “Pakistan Beynəlxalq Hava Yolları” da əməkdaşlıq edəcək.

Bakıdan Kəraçi və Lahor şəhərlərinə də aviareyslər açıla bilər.

Çin, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycanı eyni sırada görən Pakistan bizi qardaş xalq, qardaş dövlət bilir.

Pakistan Azərbaycanla neft-qaz, aviadaşımalar, inşaat, ticarət, müdafiə sənayesi, iqtisadiyyat, kommersiya, neft, neft-kimya, Günəş ererjisi sahələrində əməkdaşlığın mümkün qədər sürətlə, geniş müstəvilərdə inkişafında maraqlıdır.

Cənab Şərif Bakıda olarkən elə bunu söylədi: “Ən şəffaf münasibətlər olacaq, proses sürətlə gedəcək, biz vaxt itirməyəcəyik və bütün bürokratik maneələri aradan qaldıracağıq. Biz bu məsələlərdə də sübut edəcəyik ki, budur iki qardaş ölkə, biz xalqlarımızın mənafeyi naminə birlikdə daha böyük nailiyyətlər əldə edə bilərik”.

Elçin Alıoğlu

Trend

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button