Başqaları ilə görüşən sevgilisini öldürdü
2022-ci il iyulun 3-ü saat 18:00 radələrində 1985-ci il təvəllüdlü Aynurə Əliyarovanın çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılması barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisənin baş verdiyi Yeni Zığ yaşayış kompleksi, bina 6, mənzil 18 ünvanına baxış keçirilib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, istintaqla müəyyən edilib ki, iyulun 3-ü saat 14:00 radələrində Sahil Məmmədov sevgi münasibətlərində olduğu Aynurə Əliyarovanın son günlər onunla əlaqələrini kəsməsi, başqa şəxslərlə görüşməsini qısqanması səbəbindən, həmçinin onun və ailə üzvlərinin ünvanına mobil telefonda nalayiq ifadələr işlətməsindən qəzəblənərək ondan qisas almaq qərarına gəlib.
Bu məqsədlə qadının yaşadığı ünvana yollanıb. Aynurə Əliyarovanın qapını açmasından istifadə edərək boğazından tutub yerə yıxaraq mənzilə daxil olub. Yalvarışlarına məhəl qoymadan müstəsna dərəcədə qəddarlıqla üzərindəki məişət təyinatlı bıçaqla döş qəfəsinə, həmçinin qarın və kürək nahiyələrinə 20 dəfə zərbə vuraraq zərərçəkmişi xüsusi amansızlıqla qəsdən öldürüb.
Hadisədən təxminən 1 saat sonra cinayəti törədən şəxs polis əməkdaşları tərəfindən küçədə saxlanılıb.
Məhkəmə iclasında Sahil Məmmədov ittiham üzrə özünü təqsirli bilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 16 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Milli.Az