Uncategorized

Bezdirici Bakı tıxacları “istirahətdən qayıdır”

Niyə paytaxt küçələrində bu problemi önləmək mümkünsüzdür?

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Yeni tədris ilinin başlamasına iki həftədən az müddət qalıb.  Bakı şəhərində ictimai nəqliyyatda sıxlıq artıb və daha çox küçədə tıxac müşahidə olunur. Ancaq tıxacları azaltmaq üçün hələlik tədbirlər görülməyib.

Qeyd edək ki, ötən ayın sonu baş nazir Əli Əsədovun sədrliyi ilə Nəqliyyatı Əlaqələndirmə Şurasının iclası keçirilib. İclasda Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi və səmərəli işinin təşkil edilməsi ilə bağlı aidiyyəti qurumların rəhbərlərinin məruzələri dinlənilib, müvafiq tapşırıqlar verilib.

Tıxaclar adətən sentyabr ayının birinci yarısında başlayır. Dərs başlayan günlər tıxaclar pik həddə çatır.

Eldəniz Cəfərov

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, ilk növbədə Bakıda həyata keçirilən nizamsız tikintilər tam nəzarətə götürülməlidir: “Bu gün hansı qurum Bakıda nə istəyir, onu da edir. Kim istəyir avtomobili yolunu zəbt edib orada çoxmərtəbəli bina tikir, kim istəyir piyada səkisini zəbt edir. Piyada səkilərində dırnaqarası velosiped yolları çəkilir. Bakı Nəqliyyat Agentliyi (BNA) ötən illər ərzində Bakıda təhlükəsizlik adaları adı ilə paytaxt küçələrində butulka effekti yaradan küçələrin daraldılmasını həyata keçirib. Bununla da daha çox tıxacların yaranmasına səbəb olub. Deməyim odur ki, istənilən qurumun, təşkilatın Bakıda tikinti, söküntü, qazma işlərini aparmasının qarşısı alınmalıdır, ciddi nəzarətə götürülməlidir ki, avtomobil yolları ilə bağlı belə hallar baş verməsin. Avtomobil yolları azaldıqca sıxlıq da olur, tıxaclar da yaranır. Biz ötən illər ərzində bununla bağlı BNA-ya fikrimizi bir vətəndaş kimi bildirmişdik. Lazımsız yerə paytaxtda avtomobil yollarını daraltmasınlar. Çünki butulka effekti olan yerdə, əlbəttə, tıxaclar olur. Buna baxmayaraq, onlar öz bildiklərini etdilər. Bu gün biz onun problemini yaşayırıq. Misal üçün, Bakıda Ağa Nemətullah küçəsi, Seyid əzim Şirvani küçəsində həyata keçirilən dırnaqarası yenidənqurma, təhlükəsizlik adaları sıxlığa, qəzalara da səbəb olurdu. Bundan sonra sakinlər narazılıq etdi və həmin o adalar da yenidən söküldü və həminki vəziyyətə qaytarıldı”.

Qeyd etmək yerinə düşər ki, ötən tədris ilində yeraltı nəqliyyatdan istifadə edən hər kəs metroda sıxlığın artdığından, hətta hərəkət etməyin çox çətin olmasından şikayətlənirdi. Vəziyyət o həddə çatmışdı ki, sıxlıq ucbatından metroya daxil ola bilməyənlər olmuşdu, hətta sıxlıq ucbatından halı pisləşənlər az deyildi. Bəs bu il Bakı Metropoliteni yeni tədris ilinə necə hazırlaşır?

Yeni stansiyaya Polad Həşimovun adının verilməsi ilə bağlı çoxsaylı  müraciətlər daxil olur – Bəxtiyar Məmmədov

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov “Yeni Müsavat”a dedi ki, metropoliten pandemiya dövründən sonra tam həcmdə, normal iş şəraitində qrafikini aprel ayının 5-də tətbiq etməyə başlayıb: “Bu ilin sentyabr ayında təbii ki, böyük axını gözləyirik.  Ötən ilin sentyabrında pandemiyanın təsirləri müəyyən mənada var idi və “Bakı Metropoliteni” hərəkət qrafikini məhz sərnişin axını istiqamətini öyrənərək tətbiq etmişdi. Builki monitorinqlərimiz bir qədər fərqli istiqamətdə qurulub. Ümumiyyətlə, hazırda sərnişindaşıma xüsusi nəzarət altındadır. Avqust və sentyabr ayının ilk ongünlüyü “Bakı Metropoliteni”ndə dəyişən sərnişin axını müşahidə edilir. Birincisi, fəal istirahət dövrünün başa çatması, müəssisələrdə iş rejimi tam işçi heyəti ilə olur ki, bütün bu məlumatları toplayırıq, gündəlik işimizi bunun üzərində qururuq. Ehtiyat qatarlarının xəttə verilməsi və digər məsələlərə ciddi nəzarət edilir. Sərnişinlər də  bunu hiss edirlər ki, interval 2 dəqiqə yarım olmalıdır, amma qatarlar daha tez gəlir. Dərnəgül istiqamətində olanlar artıq 5-6 dəqiqə deyil, daha tez gəlir. Bu da ehtiyat qatarların xəttə verilməsi ilə bağlıdır”, – deyə B.Məmmədov bildirib. 

“Bakı Metropoliteni” rəsmisi onu da əlavə etdi ki, yeni dərs ilinə hazırlığın ikinci istiqaməti məhz tədris müəssisələri ilə bağlıdır: “Bütün kateqoriyadan olan tədris müəssisələrinin hər birinin fəaliyyətinə ayrılıqda baxmağa çalışırıq. Müəyyən məlumatları əldə etməyi çalışırıq. Tədris müəssisələrində birinci, ikinci növbə, dərslərin başlama-bitmə saatı, tələbə-müəllim kontingentinin sayı monitorinqlərimizdə xüsusi yer alır və baxılacaq. Lakin bu il “Bakı Metropoliteni”ndə sıxlıq olmayacaq kimi anlayışa konkret cavab vermək mümkün deyil. “Bakı Metropoliteni” isə bütün hazırlıqlarını maksimal texniki və işçi heyəti baxımından quracaq. Artıq elan etmişik, sentyabrın 15-dən dərs mövsümü başlayanda bizdə də qrafiklərdə dəyişiklik olacaq. “Bakı Metropoliteni”ndə “28 May”, “Həzi Aslanov” sahəsi ən qısa intervalların tətbiq olunacağı yerdir. Orada iki dəqiqədən aşağı intervalı tətbiq etmək qeyri-mümkündür. Belə olduqda “Bakı Metropoliteni” prinsipinə uyğun olaraq xətlər  müstəqil fəaliyyət göstərməlidir.  Hər xətt üzrə qatarlar sərbəst hərəkət etməlidir. Bizdə isə  “28 May” stansiyasında iki xətt birləşdiyindən artıq “Dərnəgül” və “İçərişəhər” istiqamətində intervallar iki dəfə artıq olur. Bu nüansı aradan qaldırmaq qeyri-mümkündür. Stansiyaların sərnişin tutumu var. Platforma 5 vaqonluq sərnişin üçün nəzərdə tutulub. Bu qaydanı da dəyişə bilmərik. Bu səbəbdən artıq sərnişin sayı axınından asılı olaraq digər tənzimləmələr həyata keçiriləcək. Hazırda bu tənzimləmələr barədə danışmaq çox tezdir. Dərs ili açılandan sonra gedişatda tənzimləmələr tətbiq ediləcək. İrimiqyaslı texniki tədbirlərin görülməsi üçün ən vacib şərt xətlərin ayrılması layihəsi üzrə müəyyən işlərin görülməsidir ki, bu da “Bakı Metropoliteni”nin konseptual inkişaf sxemi, eyni zamanda Bakının Baş planında da nəzərə alınıb”.

Yeni Müsavat

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button