Deyirlər, qəhrəmanlıq haqda çox düşünənlərin qəhrəman olmağa zamanları qalmır. Yəqin elə o səbəbdəndir ki, ömür boyu qəhrəmanlıq “travması” ilə yaşayanlar bu həyatda ucalmağın tək yolunu elə məhz arzusunda olduqları qəhrəmanlığı imitasiya etməkdə görürlər.
İnsan məişətdə, məhlədə, kənddə, qəsəbədə hamı ilə dost ola bilər. Amma siyasətdə hamı ilə dost olandan daha təhlükəlisi yoxdur.
Bəli 75 yaşlı deputat Vahid Əhmədov Mehman Hüseynovun “Sancaq”ına keçdi, özü də necə!
Onun sözügedən müsahibəsi bir daha təsdiq edir ki, Vahid Əhmədov hər zaman səmimiyyətdən daha çox, publikaya işləməyi yaxşı bilən, pafoslu çıxışları ilə cəmiyyətin gözündə öz timsalında qəhrəman yaratmaq cəhdini bir an olsun yerə qoymayan deputatlardandır.
Cəmi 3 deputatın halal yolla seçildiyini deyib. Seçkilərdə AXCP-nin, Müsavatın xalqdan səs ala biləcəyini söyləyib. İkisi də hazırkı siyasi konyukturaya uyğun sayılmır. Bir deputatın özünün də təmsil olunduğu Milli Məclisin tərkibinin legitimliyini şübhə altına alması düzgün yanaşma deyil. Belə danışan deputata cavab hər dəfə bu olur ki, xoşun gəlmir, mandatı qoy, get. Üstəlik bu fikir beynəlxalq mühitdə ölkənin ziyanına işləyir. Gərək Vahid Əhmədov heç olmasa danışanda bu nüansı mütləq nəzərə alardı.
Əhmədov onu da qeyd edir ki, Azərbaycanda bir məmur, oliqarx, inhisarçı üçbucağı var. Və bu üçbucağı elə izah edir ki, elə bil “Müfəttiş” əsərini Qoqol yox, o yazıb və müfəttişlərə necə “müfəttişlik” edib, rüşvət almağı öyrədir. Doğrusu, belə anlaşıldı ki, Vahid Əhmədov özü bu üçbucağın içərisindədir. Çünki o özü oliqarx hesab olunur – Baş nazirin birinci müavini olub, indi də millət vəkili. Bu şəxs biznes məsələlərini o qədər dəqiq bilir ki, yalnız bu işlərlə məşğul olan biri bu detalları bu qədər dəqiq bilə bilər.
Təbii ki, fərqli mülahizələr yürütmək, sərbəst fikirlər söyləmək, harada, hansı qütbdə qərarlaşacağını təyin etmək hər kəsin haqqı olduğu kimi elə Vahid Əhmədovun da haqqıdır. Ancaq və lakin heç kimə özünü qaldırmaq istədiyin yerdə tanıdığın, uzun illər bərabər çalışdığın insanları aşağılaya, yerin dibinə endirmək haqqı verilməyib.
“Mən seçilməsəm bölgə ayağa qalxar” klassik şantaj üslubundan istifadə edən, seçki orqanlarını hədələyən, üç-beş insanı tərifləmək üçün ən azı bir parlament insanı öz pafosunun güdazına verən bir şəxs bilməlidir ki, ona bu cür ikili oyun oynamaq səlahiyyətini, haqqını heç kim verməyib.
Vahid Əhmədov qeyd edib ki, buradakı Milli Məclisdə 3 nəfərdən başqa hamı saxtakardır. Onu da qeyd edib ki, dövlətin yanındadır, Parlament də dövlətin bir qoludur. Adama deyərlər ki, bəyənmirsən, o zaman niyə oturursan? Həqiqətən vicdanın bu kimi şeylərə dözmürsə, o zaman mandatını qoy, get. Bunu edə bilmirsənsə, yediyin qaba tüpürməzdin bari. “Bir bezin qırağı deyilik” mənzərəsi yaratmaq, təəssürat formalaşdırmaq elə “təmsil etdiyin” (xalqa) insanlara uydurduğun ən böyük yalandır.
Niyə?
Çünki müstəqillikdən bu yana olan bütün hakimiyyətlərin dönəmlərində vitrində qalmağı bacarmaq manevrlik istedadından, elastik siyasətçi bacarığından xəbər verir. Vahid Əhmədov kimi adamın birdən-birə hakimiyyəti tənqid atəşinə tutması, “mənəm-mənəmlik” iddiası onun əslində atmalı olacağı ən sonuncu addımdır. Hə, özünü artıq sonuncu yola qoyubsa, bax, bundan xəbərsizəm…
Mustafa Ömər
Milli.Az