Ölkə

Əhalini hökumətdən kimlər və necə narazı salır?

Milli.Az musavat.com-a istinadən Dünya Sakitin yazısını təqdim edir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Noyabrın 13-də Milli Məclisdə hökumət üzvlərinin iştirakı ilə Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsi zərfinin yekun müzakirələri baş tutub. Müzakirələr zamanı bir çox deputatlar əhalini narahat edən problemləri dilə gətiriblər. Deputat Siyavuş Novruzov yüksək vəzifəli məmurların iştirak etdiyi iclasda bir neçə çox aktual, əhalinin geniş təbəqələrinin narahatlığına səbəb olan problemləri səsləndirib. O, hökuməti regionları əhali üçün cəlbedici etməyə çağırıb: “Elə ab-hava yaradırıq ki, insanlar məcbur olub Abşeron və Bakıya köçürlər. Sonra da şikayətlənirik ki, Bakıda niyə sıxlıq var. Bunun aradan qaldırılması üçün regionlaırn inkişafına diqqət yetirmək lazımdır”.

Onun sözlərinə görə,  insanların regionda qalması üçün regionların inkişafına, orada yaşayanlara güzəştli ipotekalar verilməli, güzəştli mənzillər tikilməlidir: “Biz elə etməliyik ki,  ipoteka kreditləri regionlarda yaşayanlar üçün əlçatan olmalıdır.  İpoteka kreditlərinin verilməsində şəhərlə rayonlar arasında ciddi fərq olmalıdır. Onlar bu əlçatanlıqdan istifadə edib özlərinə ev və ya mənzil ala bilsin. Bunun üçün regionlarda yaşayan insanlara güzəştli ipotekalar verilməlidir.  Biz təkcə dövlət qurumlarında işləyib daimi maaş alanlara yox, digər sahələrdə çalışanlara da ipoteka kreditlərini verməliyik.

Bundan əlavə, güzəştli binalar təkcə Bakıda yox, daha çox regionlarda tikilməlidir. Biz güzəştli mənzilləri Bakıda tikməklə sanki məcburi  şəkildə insanların paytaxta köçməsinə ab-hava yaradırıq. Bu problemlər aradan qaldırılmalıdır. Güzəştli mənzillərin çoxu regionlarda tikilməlidir”.

Deputat eyni zamanda  qeydiyyatsız evlər probleminin həlli istiqamətində addımlar atılmasını hökumətə təklif edib: “Prezident dəfələrlə göstəriş versə də, bu məsələ hələ də həllini tapmır. İnsanlar var ki, artıq nəvəsinin həmin evdə toyunu edir. Bu problemi BMT həll etməlidir? Bu problem həll olarsa, dövlət xeyli gəlir əldə edəcək.

Problemi həll etmək əvəzinə, əlavə problemlər yaratmaqla məşğuluq. İnsanlar qeydiyyatdan çıxarılır. İnsanları ölkədən narazı salırlar. Belə olmaz. Bunların qarşısı alınmalıdır”.

Deputat həmçinin müharibə veteranlarına verilən 80 manatlıq müavinətin qaldırılmasını hökumətə təklif edib: “Biz bu müavinəti artırmalıyıq. Müavinəti artırmamaqla vətən xainlərinin əlinə hökuməti tənqid etmək üçün imkan veririk. Bu problem həllini tapsa, yaxşı olar”.

Göründüyü kimi, S.Novruzov uzun illərdir əhalinin əziyyət çəkdiyi, həllini gözlədiyi problemləri dilə gətirib. Birinci və İkinci Qarabağ müharibələrinin on minlərlə iştirakçısı müharibə veteranı kimi 80 manat müavinət alır. Bu məbləğ ölkə üzrə yaşayış minimumundan 3 dəfə aşağıdır. 44 günlük Vətən müharibəsindən az sonra 25 manat olan məbləğ 80 manata qaldırılıb, lakin ondan bəri ölkədə kəskin bahalaşma gedib: 2021-ci ildə 7 faiz, 2022-ci ildə 14 faiz, bu ilin 10 ayında 10 faiz inflyasiya qeydə alınıb. Bu qədər bahalaşmanın qarşılığında müharibə veteranlarına yaşayış minimumundan 3 dəfə aşağı məbləğin verilməsi cəmiyyətdə ciddi narazılıqlara səbəb olmaqdadır.

S.Novruzovun qaldırdığı daha bir məsələ ipoteka kreditlərinin, xüsusilə sosial ipotekanın əlçatanlığı məsələsidir. Bu sahədə vəziyyət getdikcə pisləşir, dövlətin sosial ipoteka üçün ayırdığı on milyonlarla manat vəsait MİDA-nın kiçik sahəli, əksər ailələr üçün yaşamağa faktiki olaraq yararsız evlərinin alışına yönəldilir. Bu isə güzəştli ipotekadan istifadə etmək hüququ olan insanların seçim imkanını son dərəcə məhdudlaşdırır. Hər il ən yaxşı halda 700-800 nəfər öz ürəyi istəyən yerdən seçdiyi mənzili güzəştli ipoteka ilə əldə edə bilir.

Nəhayət, YAP-çı deputatın qaldırdığı daha bir ağrılı məsələ xüsusilə Bakı və ətrafında, Abşeronda kütləvi şəkildə tikilən sənədsiz evlərlə bağlıdır. Bu problem müstəqillik dövründə həmişə aktual olaraq qalıb, çünki həllini tapmayıb. Sovet dövründən torpaqların  və fərdi evlərin sənədləşməsi sahəsində mövcud olan çətinliklər müstəqillik dövründə daha da dərinləşərək, böyük problemə çevrilib. Xüsusilə  Bakı və Abşeron yarımadasında uzun illərdir nizamsız şəkildə tikilən yüz minlərlə fərdi ev hazırda heç bir qeydiyyatı olmadan qalır. Hər il belə evlərin sayında 10 minlərlə artım qeydə alınsa da, hökumət son 15 ilə yaxın dövrdə nə qanunsuz tikintilərin qarşısını ala bilib, nə də sənədsiz evləri sənədləşdirə. 2011-ci ildən bəri Prezidentin belə evlərin sənədləşdirilməsi prosesini asanlaşdırmağa xidmət edən bir neçə fərman və sərəncamı olsa da, onların icrası sahəsində ciddi fəallıq müşahidə olunmur.

Bəzi hesablamalara əsasən, hazırda təkcə Bakı və ətraf qəsəbələrdə sənədsiz evlərin sayı 450-600 min arasındadır. Bir neçə il əvvəl xüsusi komissiya tərəfindən qanunsuz, yəni icazəsiz tikilmiş evlərin inventarizasiyasının aparıldığı, tikintiyə icazə verilməyən ərazilərdə 400 min belə evin qeydə alındığına dair məlumatlar yayılıb. Bu evlərin  kənd təsərrüfatı təyinatlı, yaxud sənaye əhəmiyyətli, habelə mühüm kommunal, avtomobil və dəmiryol xətlərinin mühafizə zonalarında tikildiyi bildirilirdi. Bundan əlavə, bir sıra evlər bələdiyyələr tərəfindən dövlət mülkiyyətindəki torpaq sahələrinin qanunsuz satdığı ərazilərdə inşa olunub.  Başqa bir qrup evlər sovet dövründən Bakıətrafı kəndlərdə vətəndaşlara ayrılan, lakin müvafiq sənədləşmə aparılmayan ərazilərdə tikilib. Ümumilikdə, ekspertlərin qənaətinə görə, hazırda təkcə Bakı şəhəri və Abşeronda təxminən 600 minə yaxın, regionlarda isə 200 min mənzilin sənədləşdirilməsinə ehtiyac var. Bu hesablamalar əsasən kommunal xidmətlərdə qeydiyyatda olan abunəçi sayı əsasında müəyyənləşdirilir. Belə ki, məsələn, ölkədə elektrik enerjisi ilə təmin olunan əhali abonentlərinin sayının 3 milyona yaxın olduğu bildirilir. Bu, respublikada qanuni sənədlər əsasında tikilməsinə baxmayaraq, mülkiyyət sənədi verilməyən mənzilləri, habelə qanunsuz tikililəri əhatə edir. Qanuni qeydiyyatı olan evlərin sayını bu göstəricidən çıxmaqla, rəsmiləşməsi hələ də aparılmayan ev sayını müəyyən etmək olur.

Qeyd edək ki, 2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı fərmanla çoxmənzilli yaşayış binalarının istismara qəbulu prosesi asanlaşdırılıb və onlarda olan bir neçə min mənzil qeydiyyata alınıb. Ondan sonra açıqlanan rəsmi məlumatlarda fərdi evlərin də sənədləşdirilməsinə dair yeni qanunvericilik aktı hazırlanacağı, Əmlak Məsələləri Dövlət Xidmətinin isə qeydiyyatsız evlərin siyahıya salınması haqda təkliflərini ölkə Prezidentinə təqdim edəcəyi, problemin vahid yanaşma əsasında həll olunacağı bildirilsə də, indiyədək konkret addımlar atılmayıb.

Dövlət Əmlak Xidmətindən verilən məlumata görə, ölkə Prezidentinin problemə müdaxiləsi,  eyni zamanda imzaladığı 13 yanvar 2015-ci il tarixli fərmana əsasən, 2015-2021-ci illər ərzində 100 mindən çox ev sənədləşdirilib, keçən il isə 49 min 371 fərdi yaşayış evi, 94 min 510 mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. Aydın məsələdir ki, bu, mövcud və yeni tikilən evlərin sayı ilə müqayisədə çox kiçik rəqəmdir.

Yüz minlərlə yaşayış evinin sənədləşməməsi insanların bir çox hüquqlarını məhdudlaşdırmaqla yanaşı, dövləti irihəcmli gəlirlərdən də məhrum edir. Belə ki, müstəqil ekspertlərin hesablamalarına görə, qeydiyyat problemi həll olunarsa, sənədsiz evlərin üzərində aparılan əməliyyatlar nəticəsində il ərzində büdcəyə bu və ya digər şəkildə təqribən 100 milyon manatadək vəsait daxil ola bilər.

Azərbaycan hökumətinin 2021-ci ildəki fəaliyyətinə dair hesabatında ölkədə bütün sənədsiz evlərin inventarlaşdırmasının həyata keçirildiyi, proses başa çatdıqdan sonra onların sənədləşməsi üçün konkret addımlar atılacağı bildirilsə də, hələ də ortaya hər hansı iş qoyulmayıb. Bu ilin əvvəlində Azərbaycanda “Maliyyə və əmlak amnistiyası haqqında” qanun layihəsi hazırlanmasına dair məlumatlar yayılıb. Bildirilib ki, qanun çərçivəsində digər məsələlərlə yanaşı, vaxtilə qanunsuz tikilən və indiyədək sənədləşdirilməmiş tikililərin taleyi də həll olunacaq. Bu qanun çərçivəsində həmin tikililərin sənədləşdirilməsi gözlənilir: “2019-cu ildən başlayan proses çərçivəsində qanunsuz tikililərin inventarizasiyası aparılıb. Məlumata görə, qanun çərçivəsində qanunsuz obyektlərin sənədləşdirilməsi ilə bağlı nəzərdən keçirilən üsullardan biri də həmin obyektlərin kiçik məbləğ – tikilinin qiymətini cüzi hissəsini ödəməklə sənədləşdirilməsidir”.

Qeyd edək ki, əmlak amnistiyası məsələsi 2018-ci ildən bəri bir neçə dəfə gündəmə gətirilsə də, onunla bağlı hər hansı real addım qeydə alınmayıb.

Bu yay Tikinti Məcəlləsinə edilən dəyişikliyə əsasən cari ilin oktyabr ayının 1-dən sonra tikilən evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq. Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərinə qoşulması qadağandır.

Gözləntilərə əsasən məcəllənin bu tələbinə əməl olunarsa, yenilik sənədsiz evlərin sayının artmasının qarşısını əhəmiyyətli şəkildə alacaq. Lakin bu, mövcud sənədsiz evlərin qeydiyyata alınması, qanuni sənədlərlə təmin olunması demək deyil. Bu problem hələ də yüz minlərlə insan üçün ciddi çətinliklər yaratmağa davam edir…

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button