Eldəniz Quliyev yeni rol axtarışında
Kinematoqrafda “şouril” (Showreel) termini var: rejissor, operator, aktyor, fotomodel və s. yeni layihələrdə iş tapmaq üçün bacarıqv ə təcrübələrini belə layihə, videoçarx vasitəsilə nümayiş etdirirlər.
Şouril bir qayda olaraq iddialı şəxsin hazırladığı layihənin ən maraqlı, diqqətçəkən fraqmenilərindən ibarət olur.
Siyasətdə də reallıqla şou əksər hallarda bir-birlərini qarşılıqlı şəkildə əvəzləyir, bilirik. Normal haldır, az qala bütün cəmiyyətlərdə və dövlətlərdə belədir.
Amma nə edəsən ki, Azərbaycanın başıbəlalı, bəxtsiz müxalifətinin radikallaşmış düşərgəsində şourillər qismində bəsit ssenarili, bir mizanslı səhnəciklər oynanır.
Eynən uşaq bağçalarındakı bayram “səhərcik”lərində olduğu kimi: cocuqların ifasındakı rollar təbii ki, cazibədardır, şövqlüdür, maraqlıdır.
Bəs böyüklər özlərini cocuq kimi apararaq nağıl qəhrəmanı olmaq fikrinə düşsələr və siyasəti də uşaq bağçası saysalar necə? Təbii ki, fantasmaqoriya, ya da tragikomediya alınır. Ən yaxşı halda buffonada kimi dəyərləndirmək olar belə səhnəciyi.
71 yaşlı Eldəniz Quliyev iqtisadçı alim, professor Qubad İbadoğlunun həbsdən azad edilməsi ilə bağlı dövlət başçısına müraciəti imzalayıb. O, müraciəti an etibrilə imzalamış 133 nəfərdən biridir.
Müraciətdə və ya imzatoplama kampaniyasında qeyri-adi, nonses sayılacaq heç nə yoxdur.
Qubad İbadoğlu suçlanıb, həbs edilib – bir dəstə şair, yazıçı, alim, jurnalist və s. də imza toplayaraq onun azadlığa buraxılmasını istəyirlər.
Müraciəti hazırlayan və imzalayanların təşəbbüsü ilə bağlı fikrimihz budur.
Baxmayaraq ki, həmin müraciətdə tamamilə paradoksal fikirlər yer alır.
Məsələn, belə bir iddia: “Düşünürük ki, bu qədər zəngin bioqrafiyaya malik bir alimin həbs edilməsi, erməni işğalına qarşı haqq mübarizəmizdə sərgilədiyimiz ədalətli mövqeyi də hədəf almaqdadır. Artıq erməni mediası bu həbsi bəhanə edərək, “Azərbaycanda yaşayan ermənilərin amanda olmaması” barədə bəzi iddialar irəli sürürlər…”
Qubad İbadoğlunun Azərbayxanın haqq mübarizəsinə, onun həbsinin “Azərbaycanda ermənilərin amanda olmaması” idə bağlı iddiaya az qala zəmin yaratmasına nə dəxli var?! Müraciətin mətnini hazırlayan və ya hazırlayanların məntiqi niyə belə qəfil döngələrə yönəlib? Qarabağlı erməniləri Azərbaycan cəmiyyətinə reinteqrasiya etməyə hazırlaşırıqsa, ölkədə qanun pozuntularının hamısına göz yummalıyıq, yoxsa Cinayət və Mülki məcəllələrə dəyişikliklər edərək “xarici ölkələrdə çalışmış, elmi fəaliyyətlə və xüsusilə də qeyri-hökumət təşkilatları sektorunda tanınan vətəndaş məsuliyyətə cəlb oluna bilməz” müddəasını maddə, yaxud bənd qismində əlavə etməlyik?
Bir anlıq da olsa, fərz edək ki, Q.İbadoğlu Nobel Mükafatı laueratıdır, bütün dünyada tanınan məşhur alimdir. Bu şərtlər onun qanunvericiliyin tələbləri qarşısında tam immunitetli, qanun önündə toxunulmaz adam olması anlamına gəlirmi? Təbii ki, yox.
Dünyaca məşhur alimlərin, rejissorların, yazarların və s. şəxslərin vətəndaşları olduqları ölkələrdə cinayət məsuliyyətinə cəlb edilmələri ilə bağlı yetərincə faktlar var.
“Qanun şahdır, qanun qarşısında hamı bərabərdir” deyiriksə, Qubad İbadoğluya istisna edilməlidir?
Suallar çoxdur, amma əsas sual bu məqamlarla bağlı deyil.
Bəhs etdiyimiz kimi, 71 yaşlı Eldəniz Quliyev də müüraciəti imzalayanlar arasındadır.
“Azərbaycan Ziyalılar Hərəkatı” adlı efemer strukturun rəhbəri sayılan cənab Quliyev ömrünün ahıl dövrünü yaşamasına rəğmən, hələ də daxili siyasətin müxalifət guşəciyində aktiv olduğunu göstərmək istəyir.
Qubad İbadoğlu ilə müraciəti imzalaması da onun siyasi və ziyalı mövcudluğunun təzahür cəhdi sayıla bilər.
Bir daha vurğulayaq: Q.İbadoğlunun suçlu, yaxud suçuz olduğunu istintaq, sonra da məhkəmə bəlirləyəcək. Məhkəmə qərarınadək onun günahsızlıq prezumpsiyası var, əməli də birmənalı olaraq cinayət tərkibli fəaliyyət adlandırılmamalı, yaxud da tam tərsinə, “tamamilə günahsız məşhur ziyalı, alim” qismində təqdim olunmamalıdır.
Eldəniz Quliyev isə, əfsuslar olsun, şansı dəyərləndirməyə çalışmağa səy göstərən fiqurantlardan biridir.
“Ziyalılar Hərəkatı”, sonra “Milli Şura”, sonra Rusiyanın Azərbaycandakı prezident seçkilərinə kobud müdaxilə istəyinin daşıyıcısına çevrilmiş adamın “namizəd”liyini ikiəlli dəstəkləməyə çağıranların arasında ön yerlərdən birini tutması səd heyf ki, E.Quliyevi rasional, praqmat və müdrik ziyalı, həmçinin siyasətçi və ya vətəndaş cəmiyyətinin sanballı nümayəndəsi qismində qəbullanmağa qətiyyən, birmənalı olaraq imkan vermir.
Siyasət çayxana diskussiyası, ssenarinin kuluar müzakirəsi və ya aktyor seçimində fikir mübadiləsi deyil.
Siyasət bədiilikdən çox uzaq, ziyalı yanaşmasını da məqam qismində ehtiva etməsinə rəğmən sosial təmrinlər toplusu da sayılmır.
Eldəniz Quliyevsə ölkə ziyalılarının hamısını da olmasa, bir qismini təmsil etdiyini vurğulayaraq illər boyu siyasətə ziya, vicdan, şəffaflıqla ədalət gətirməyə çalışdığını söyləyib.
Həmişə də sözləri ilə əməlləri tam ziddiyyət təşkil edib, qatıldığı strukturların əsl məqsədinin şəffaflıqdan çox uzaq bulanıqlıq olduğu aşkar görünüb.
Ambisiozluq vətəndaş mövqeyi, bitməyən ittihamlar ədalətli davranış modeli sayılırsa, belə siyasət cəmiyyətimizdən mümkün qədər uzaq tutulmalıdır, normal sosium bəhs etdiyimiz siyasət ünsürünü rədd etməlidir.
Necə ki, illər əvvəl, “Ziyalılar Hərəkatı” transformasiya edərək “Milli Şura”nın tərkibində çoxsaylı tələblər səsləndirmək, siyasi proseslərdə birbaşa iştirakla müdaxiləni birləşdirərək Moskvanın ssenarisini reallaşdırmağa çalışırdı.
Alınmadı, çünki bəsit ssenarili, istedadsız və səthi oyun, saxta emosionallığa bürünmüş lümpen şüuru qələbəni birmənalı istisna edən nüanslardı.
Eldəniz Quliyev yenə sofitlər altında, siyasətlə cəmiyyətin qovşağındakı səhnədə baş rollardan birinə iddialıdır.
Həmişəki kimi: iddialar potensiala uyğun gəlmədiyi üçün o, qayəsindən, fərdi məzmunundan və imkanlarından çox uzaq məqsədə doğru addımlamaq niyytindədir.
Kastinq olmadığı halda Eldəniz Quliyev yeni üfüqlərə baxmaq istəyir.
Şouril bu dəfə çox zəif, həddən ziyadə yarıtmaz olsa da, adamın eyninə deyil. O, Olimpiya prinsipini rəhbər tutub: “Əsas qələbə deyil – əsas iştirakdır”.
Onillərdən bəri iştiraklar heç bir məntiqi nəticə verməsə belə.
Acınacaqlı durumdur, cənablar…
Elçin Alıoğlu
Milli.Az