Elektrikli nəqliyyat vasitələrinin enerji doldurma sistemlərinin istehsalı artırılacaq
Biz müasir elektrikli nəqliyyat vasitələrinin enerji doldurma sistemləri istehsal edirik.
Bunu Bakıda keçirilən COP29 tədbiri zamanı Trend-ə açıqlamasında charge.az şirkətinin nümayəndəsi Elman Mirzəyev deyib.
O bildirib ki, ölkə üzrə 20-ə yaxın “charge” aparatı istifadəyə verilib.
“Bu sayın artırılması istiqamətində işləyirik. Hazırda Bakıda, Şuşada, Şəkidə, Lənkəranda və Gəncədə enerji doldurma sistemlərimiz var”,- qeyd edib.
Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Milli.Az