Xəbər verdiyimiz kimi, ötən gün erməni silahlı bölmələrinin Laçın istiqamətində şərti sərhəddə törətdiyi təxribat növbəti silahlı insidentlə yadda qaldı. Erməni təxribatı nəticəsində üç hərbçimizin şəhid xəbəri gəldi. Ordumuzun təxribata cavabı Ermənistan üçün daha ağır nəticələnib. Qarşı tərəfdən xeyli sayda ölən və yaralanan olduğu barədə məlumatlar var.
Bu təxribatın məhz Vaşinqtonun, Brüsselin və Rusiyanın son günlər Bakı və İrəvan arasında sülh istiqamətində danışıqlar prosesinə vasitəçilik cəhdlərinin artması fonunda baş verməsi Ermənistanla Azərbaycanın təmaslarından narahat olan başqa qüvvələrin də mövcudluğu məsələsini aktuallaşdırır.
Bəs bu cür hərbi təxribatlar növbəti dəfə sülh danışıqlarını deaktivləşdirərək, hərbi güc amilini ortaya ata bilərmi?
Bu suala cavab almaq üçün Milli.Az Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, hərbi ekspert Aqil Rüstəmzadənin fikirlərini öyrənib.
O bildirib ki, Ermənistan sülhdə maraqlı olmadığını artıq 2 ildən çoxdur ki, açıq şəkildə nümayiş etdirir:
“Əbəs yerə medianı və postsovet məkanının əhalisini Qarabağımızın ətrafındakı vəziyyət maraqlandırmır. Azərbaycan, Gürcüstan, Moldova və Ukraynadakı bütün münaqişələrin ortaq mahiyyəti var. İşğaldan azad olma təcrübəsini araşdırsaq özümüz üçün bunu aydınlaşdırmış olarıq.
İkinci Qarabağ müharibəsi nəticəsində Rusiyanın iştirakı ilə Ermənistan və Azərbaycan arasında 10 noyabr sazişi imzalanıb. O tarixdən 2 ildən çox vaxt keçib. Ermənistan üzərinə götürdüyü öhdəliklərdən imtina edir: Ermənistan dövləti Qarabağ separatçıları üçün ayırdığı maliyyəni kəsmir (ildə 300 milyon dollar) və ərazimizdəki separatçılara silah və silahlı şəxslərin göndərilməsi prosesi dayanmır.
Bu azmış kimi İrəvan Naxçıvan anklavımıza dəhliz verməkdən imtina edir, sərhədimizin perimetri boyunca işğal altında olan 8 yaşayış məntəqəsini (Qazaxın 7 kəndi və Naxçıvanın 1 kəndi) qaytarmır və sülh müqaviləsi imzalamır. Proseslərin bu cür də qalaraq davam etməsi bölgədə növbəti eskalasiyanı qaçılmaza çevirir”.
Təhməz Əsədov
Milli.Az