Ermənistanı məhv edən avropalı – Paşinyan Makronun güdazına gedir

Ermənistanı məhv edən avropalı - Paşinyan Makronun güdazına gedir

Azərbaycanın masa arxasında mövqeləri daha da gücləndi. Doğrudur, Ermənistan bundan qabaqkı görüşlərdə də Azərbaycanın şərtlərini qəbul etmişdi, üzərinə öhdəliklər götürmüşdü, amma yerinə yetirməmişdi.

Vaşinqtonda Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin və Brüsseldə Şarl Mişelin itirakı ilə keçirilən görüşlərdə Ermənistan yenə də üzərinə öhdəliklər götürdü. Rəsmi İrəvanın bu dəfə də bu öhdəliklərdən imtina cəhdləri Azərbaycanı məcbur qoyacaq ki, Ermənistanıı hansısa istiqamətlərdə cəzalandırsın.

Proseslərin gedişatı da göstərir ki, Ermənistanın destruktivliyi fonunda dünya hər ötən gün Azərbaycanın yanında daha çox yer almağa başlayır. Bunu təsdiq edəcək elementar bir fakt: Avropa İttifaqının rəhbəri Şarl Mişel Brüssel görüşü sonrası yekun bəyanatında nə Laçın rayonu məsələsinə toxundu, nə də Azərbaycanın Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsi qurması məsələsindən söhbət açdı.

Halbuki Nikol Paşinyan başda olmaqla bütün Ermənistanın əsas istəyi məhz Brüsseldə bu məsələ ilə bağlı Şarl Mişelin Bakıya müəyyən istəklərlə çıxış edəcəyi istiqamətində idi. Lakin hadisələr göstərdi ki, artıq Qərbdə də Ermənistanın destruktivlik oyunlarından cana yığılıblar.

Bu gün rəsmi İrəvanı dəstəkləyənlər də göz önündədir. Emanuel Makron “bacısı” Paşinyana böyük dəstək nümayiş etdirməyə davam edir. Nəticədə ortaya təzadlı bir mənzərə çıxır:

⚫️ Bir yandan Azərbaycanla yekun sülh sənədini imzalamaq üçün görüşlər keçirən, barışığa hazır olduğu görüntüsü yaradan Ermənistan

⚫️ Digər yanda Fransanın, İranın və digər havadarlarının sülhü sabotaj etmək, regionu yenidən poliqona çevirmək üçün dayanmadan yeni silahlarla təchiz etməyə başladığı Ermənistan

Soruşsalar ki, hansı daha səmimidir, təbii ki, düşünmədən “ikinci” deyərdim. Çünkü Ermənistan üçün regional təhülkəsizlik və bölgədə əminamanlıq proiritet təşkil etsəydi, İrəvan vaxtını İrandan, Fransadan silah “alışına” yönəldənə kimi vaxt itirmədən Bakı ilə bu sənədlərə qol çəkərdi. Amma mənzərə tamamilə başqa məqsədləri, istəkləri ortaya qoyur.

Revanş almaq üçün hazırda Fransa İrandan az olmamaqla Ermənistanı hazır vəziyyətə gətirmək üçün dəridən-qabıqdan çıxır. Fransanın Ermənistanla münasibətlərini hərbi əməkdaşlıq müstəvisinə qaldırmağa qərar verməsi bunun növbəti bariz nümunəsidir.

Son məlumatlardan da görürük ki, Fransa Ermənistana silah ixrac etmək niyyətindədir. Artıq Fransa Ermənistandakı səfirliyində hərbi nümayəndəlik yaradıb. Ermənistanda səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonna da bu barədə açıqlaması ilə diqqət çəkmişdi: “Fransanın Ermənistandakı səfirliyində hərbi missiyanın yaradılması bu əsas sahədə ikitərəfli əməkdaşlığımızı dərinləşdirməyə imkan verəcək”.

Fransa Ermənistana silah ixracı sisteminin qurulmasına hazırlıq üçün tədbirlər planı hazırlayıb. Göründüyü kimi, rəsmi Paris bu istiqamətdə praktiki addımlar atmağın məqamının yetişdiyi qənaətindədir və hətta ilkin mərhələdə Ermənistana göndərmək üçün tərəflər arasında razılaşdırılan silahların da adına (“Mistral” hava hücumundan müdafiə raket kompleksləri) aydınlıq gəlib.

Əslində bütün bu hazırlıq prosesi daha əvvəldən başlamışdı. Belə ki, aprelin əvvəlində Fransanın Silahlanma üzrə Baş Direktorluğunun nümayəndə heyəti İrəvana səfər etmişdi. Məhz bundan sonra Fransa və Ermənistan arasındakı ikitərəfli silahlanma komitəsi öz işini bərpa etməklə Paris İrəvanın silaha olan ehtiyacını qarşılamaq niyyətində olduğunu gizlədə bilmədi. Bu Komitəyə Fransa silahlarının Ermənistana tədarükü üçün “strateji planlaşdırma”nı təmin etmək tapşırığının verilməsi isə regionda növbəti eskalasiya riskini artırmaq məqsədi daşıyır.

Fransa Ermənistanı növbəti müharibəyə hazırlayır

Belə düşünmək üçün Azərbaycanın əlində kifayət qədər tutarlı səbəblər var. Nəzərə alsaq ki, Azərbaycanla Ermənistan arasında müharibə vəziyyəti hələ də davam edir, tərəflər arasında yekun sülh sazişi imzalanmayıb, o zaman Fransanın bu addımını İrəvanı növbəti hücumlara hazırlamaqdan başqa cür şərh etmək məntiqsizlik olar. Yəni siyasi və diplomatik platformalarda Azərbaycana qarşı təzyiq siyasəti yürüdən Fransa indi də bu düşmənçiliyi Ermənistan üzərindən dolayı yolla hərbi müstəvidə davam etdirməyi planlaşdırır.

Bir daha Ermənistanın iqtisadi durumunu, ölkənin düşdüyü acınacaqlı vəziyyəti nəzərə alsaq, görərik ki, Ermənistan hazırki maliyyə imkanları ilə Fransadan bahalı silahlar idxal etməyə qadir deyil və böyük ehtimalla hələ uzun vədədə bu potensialı özündə görməyəcək. Əgər bu gün Fransa hakimiyyəti Rusiyadan kredit hesabına aldığı silahların pulunu ödəyə bilmədiyinə görə ölkədəki müəssisələrin səhmlərini vermək məcburiyyətində qalmış Ermənistanla hərbi əməkdaşlığa maraq göstərirsə, burada hər hansı bir kommersiya maraqlarından söhbət gedə bilməz.

Nəticədə Ermənistan Fransanın bu şirinikləşdirici təkliflərinə aldanaraq özünü növbəti dəfə qamçılatmaqdan başqa heçnə edə bilməyəcək.

Azərbaycan postkonflikt dövründə çox çevik davrandı. Hətta bu gün Fransa belə rəsmi Bakının qərarlarının icrasından xeyli geridə qalıb. Yəni Fransa Ermənistanı bu gün revanş üçün hazırladığı bir vaxtda, Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasındakı etnik erməniləri Azərbaycanın tərkibində yaşamağa qarşı çıxmaq üçün rəsmi İrəvanla planlar hazırladığı zamanda Azərbaycan başından yuxarı adlayaraq artıq bütün bu məkirli oyunlara qarşı önləyici tədbirlər görməkdədir.

Ermənistan-Azərbaycan sərhəddinin Laçın yolunda başlanğıc hissəsində yeni qurulan sərhəd-keçid məntəqəmizdən istifadə edən ermənilərin Azərbaycan hərbiçilərinə qarşı əvvəlki və indiki reaksiyaları arasındakı fərqə nəzər salanda bir daha əmin ola bilirik ki, Qarabağın erməni əhalisi reallıqla barışır və bölgədə hərəkət etmək üçün Azərbaycan qanunvericiliyinə tabe olmaqdan başqa çıxış yolunun olmadığını anlamağa başlayırlar. Təbii ki, belə bir reallıq fonunda Fransanın anti-Azərbaycan siyasəti iflasa uğramaqla yanaşı, Ermənistanı da məhvə sürükləyir.

Çünki Qarabağ erməniləri də Qarabağın Azərbaycan ərazisi olduğunu, Azərbaycan qanunlarına tabe olmadan burada yaşamaq perspektivinin olmadığını əyani şəkildə müşahidə etməkdədirlər. Xüsusən də istər 30 illik işğal zamanı, istərsə də 44 günlük müharibədən üzü bu yana ermənilər azərbaycanlılar haqda aparılan anti-təbliğatın həqiqəti əks etdirmədiyini, əsassız olduğunu öz gözləri ilə görürlər.

Təhməz Əsədov
TREND

Qazi.az

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir