Ermənistanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı
Bu gün Ermənistanın Rusiyadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Rusiyanın Ermənistandakı səfirinin Ermənistan XİN-ə çağırılması ilə bağlı sualı cavablandıran Zaxarova öz növbəsində Ermənistanın Moskvadakı müvəqqəti işlər vəkilinin Rusiya XİN-ə çağırıldığını söyləyib.
O qeyd edib ki, Rusiya rəhbərliyi, diplomatları, sülhməramlılar – hansılar ki, erməni xalqının təhlükəsizliyi üçün öz həyatlarını riskə atırlar və hətta qurban verirlər – barədə “odioz” nəşrlər erməni diplomatın diqqətinə çatdırılıb.
Ermənistanın kütləvi informasiya vasitələrində, o cümlədən hakimiyyətin nəzarətində olan İctimai televiziyada, teleqram kanallarında aparılan anti-Rusiya kampaniyasının qəbul edilməzliyi müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb.
“Əminəm ki, Ermənistan tərəfi söhbətin nədən getdiyini anlayır”, – Rusiya XİN sözçüsü vurğulayıb.
Milli.Az