Ermənistanın silahlandırılması sülh prosesinə ciddi zərbələr vurur
Ermənistanın silahlandırılması məsələsi, xüsusilə də Fransa, Almaniya, ABŞ və Hindistan kimi ölkələrin bu prosesdə rol oynaması Cənubi Qafqaz regionunda davamlı sülhə maneə yaradan əsas amillərdən biridir. İkinci Qarabağ Müharibəsindən sonra regionda sülh üçün əlverişli şərait formalaşsa da, bəzi xarici dövlətlərin Ermənistanı silahlandırması bu prosesi ciddi şəkildə təhlükə altına alır.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.
Onun sözlərinə görə, Ermənistanın silahlandırılması regionda gərginliyin yenidən artmasına və sülh prosesinə ciddi zərbələr vurur.
“2020-ci ildə baş tutan İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün yeni bir səhifə açılmışdı. Ancaq Ermənistanın silahlanması ilə bağlı son dövrlərdə artan xəbərlər bu ümidləri sarsıdır.
Fransa və Almaniya kimi Qərb dövlətlərinin Ermənistana silah təchiz etməsi sülh prosesinə olan etimadı azaldır. Xüsusilə Fransa Ermənistanla ənənəvi yaxın əlaqələrini davam etdirərək, bu ölkəyə silah və hərbi avadanlıqlar göndərməkdədir. Almaniya da Ermənistana hərbi dəstək verən ölkələr arasındadır və bu addımlar regionda silahlanma yarışına gətirib çıxara bilər”.
A.Qarayev əlavə edib ki, ABŞ da Cənubi Qafqazda öz maraqlarını qorumaq üçün Ermənistana hərbi dəstək verir.
“Bu dəstək regiondakı güc balansını pozmaqla yanaşı, Ermənistanın hərbi təcavüzünü stimullaşdırır. Hindistan isə Ermənistanla hərbi əməkdaşlıq müqavilələri imzalayıb və bu ölkəyə müxtəlif növ silahlar satıb. Hindistanın bu siyasəti də regionda sülhə xidmət etmir.
Ermənistanın silahlandırılması həm regiondakı dövlətlər arasında gərginliyin artmasına, həm də sülh prosesinin pozulmasına səbəb olur. Xarici dövlətlərin bu silahlandırma siyasəti, nəinki regionda sabitliyi təmin etmək üçün göstərilən səyləri zəiflədir, hətta yeni münaqişələrin yaranmasına da zəmin yaradır.
Sülhün təmin olunması üçün Ermənistanın hərbi təchizatının dayandırılması və diplomatik danışıqların gücləndirilməsi vacibdir. Təəssüf ki, mövcud vəziyyət bu prosesin mürəkkəbləşdiyini göstərir və regionun gələcəyini təhlükə altına alır”.
Politoloq onu da əlavə edib ki, bu silah təchizatında İranın rolu da önəmli faktor kimi qeyd edilməlidir.
“İran Ermənistana silah göndərilməsində birbaşa iştirak edir və bu silah yükləri, əsasən, İran vasitəsilə Ermənistana çatdırılır. İran-Ermənistan əlaqələri çərçivəsində həyata keçirilən bu silah tədarükü, regionda hərbi tarazlığın pozulmasına və sülh prosesinə ciddi zərbə vurur. İranın bu hərəkətləri bölgədəki gərginliyi artırır və potensial olaraq yeni qarşıdurmalara səbəb ola bilər.
Bu vəziyyət beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalı və regionda sülh və sabitliyin qorunması üçün ciddi addımlar atılmalıdır. Ermənistanın silahlandırılması məsələsi yalnız regional təhlükəsizlik üçün deyil, həm də qlobal təhlükəsizlik üçün ciddi təhdid təşkil edir. Bu kontekstdə, Azərbaycan tərəfinin Ermənistanın silahlandırılmasına qarşı mövqeyi və beynəlxalq səviyyədə bu məsələnin həllinə dair çağırışları vacibdir”.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun