Ermənilər “Laçın” postundan sərbəst keçirlər – VİDEO
Erməni əsilli şəxslərin “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi növbəti dəfə təmin edilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün 30-dək erməni əsilli şəxs Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 9 avtomobildə Xankəndidən gələrək, “Laçın” sərhəd-buraxılış məntəqəsindən Ermənistanın Gorus rayonu istiqamətinə maneəsiz keçib.
Bundan başqa, bu gün daha sonra 60-dan çox erməni əsilli şəxsin Qarabağdan çıxaraq Ermənistana gedişi maneəsiz təmin edilib.
Beləliklə, gün ərzində ümumilikdə 100 nəfərədək erməninin “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçidi təmin edilib.
Qeyd edək ki, bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir. Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.
Milli.Az